Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dekabrın 13-də Qusar rayonunda səfərdə olan elm və təhsil nazirinin müavini Firudin Qurbanov rayonda yerləşən təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüşüb.
Modern.az-ın məlumatına görə, görüşdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nazir müavini Firudin Qurbanov çıxışında torpaqlarımızın işğaldan azad edilməsində təhsil işçilərinin rolunun danılmaz olduğunu vurğulayıb.
Firudin Qurbanov Vətən müharibəsində 760 təhsil işçisinin düşmənə qarşı vuruşduğunu, onlardan 20 nəfərin şəhidlik zirvəsinə ucaldığını xatırladıb.
Nazir müavini bildirib ki, Vətən müharibəsi iştirakçıları, eləcə də müharibədə iştirak etmiş təhsil işçiləri hər zaman dövlətin, həmçinin Elm və Təhsil Nazirliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunub.
Çıxışının sonunda görüş iştirakçılarının hər birinə uğurlar arzulayan Firudin Qurbanov Elm və Təhsil Nazirliyinin hər zaman onların təklif və müraciətlərini dinləməyə hazır olduğunu qeyd edib.
Görüşdə iştirak edən təhsil işçiləri onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edərək fikirlərini bölüşüblər.