Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə 21–22 oktyabr tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib.
Redaktor.az xəbər verir ki, nazir müavini sammit çərçivəsində “Keyfiyyətli və ömürboyu öyrənmənin təməli kimi erkən təhsilə investisiya” və “Süni intellektə hazırlıqdan məsuliyyətli tətbiqə” mövzularına həsr olunmuş sessiyalarda məruzə ilə çıxış edərək müvafiq mövzular üzrə panel müzakirələrinə qoşulub.
Erkən təhsilə həsr olunmuş sessiyada Kənan Kərimzadə Azərbaycanda məktəbəqədər təhsil xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, yeni maliyyələşmə mexanizmlərinin tətbiqi və təhsilin keyfiyyətinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir müavini valideyn-dövlət-özəl sektor arasında əməkdaşlığa əsaslanan model çərçivəsində özəl məktəbəqədər təhsil müəssisələrində təhsil haqlarının dövlət tərəfindən maliyyələşdirilməsi təcrübəsini bölüşüb. O, erkən təhsilə investisiyanın insan kapitalının inkişafı, uşaqların potensialının erkən yaşlardan dəstəklənməsi və onlar üçün bərabər imkanların yaradılması baxımından əhəmiyyətini vurğulayıb.
Süni intellektin təhsildə tətbiqinə həsr olunan müzakirələrdə Azərbaycanın rəqəmsal təhsil sahəsində təcrübəsini təqdim edən nazir müavini Kənan Kərimzadə süni intellekt texnologiyalarından səmərəli və məsuliyyətli istifadənin təmin olunması üçün rəqəmsal infrastrukturun gücləndirilməsinin, müəllimlərin müvafiq bacarıqlarının inkişaf etdirilməsinin və effektiv idarəetmə mexanizmlərinin formalaşdırılmasının vacibliyini qeyd edib. Eyni zamanda uşaqların fərdi məlumatlarının qorunmasının və süni intellekt texnologiyalarının təlim nəticələrinə təsirinin qiymətləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.
Sammit çərçivəsində nazir müavini bir sıra rəsmi şəxslərlə, o cümlədən Özbəkistan Respublikası Baş nazirinin birinci müavini, təhsil və elm naziri Erkinjon Turdimov, Qırğız Respublikasının maarif naziri Dögdürkül Kəndirbayeva, eləcə də Özbəkistan Respublikası Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktorunun birinci müavini Şahnoza Mirziyoyeva ilə görüşüb.
Görüşlərdə Azərbaycan, Özbəkistan və Qırğızıstan arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.