Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 4 fevral, AZƏRTAC
Bu günlərdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası təsdiqlənib. Konsepsiyada 2040-cı ilə qədər mədəniyyət sahəsinin prioritet istiqamətlər üzrə fəaliyyətinin ümumi çərçivəsi müəyyənləşdirilir. Yeni konsepsiyada mədəniyyətin 6 əsas sahəsi təqdim olunur. Onların bəziləri ilk dəfə olaraq rəsmi sənədlərdə ayrıca mədəniyyət sahəsi kimi təsbit edilir. Həmin sahələrdən biri Azərbaycan dilidir. Dövlət başçısı öz çıxışlarında Azərbaycan dilinin saflığı və zənginliyinin qorunmasını daim önə çəkib. Digər bir sahə Azərbaycan ədəbiyyatının inkişafı ilə bağlıdır. Bundan başqa incəsənət, davranış mədəniyyəti, bilgi mədəniyyəti və yaradıcı sənayelərin inkişafı nəzərdə tutulur.
Bunu AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib.
Konsepsiyaya əsasən, hər sahə üzrə ayrıca Dövlət proqramlarının hazırlanmasının nəzərdə tutulduğunu söyləyən mədəniyyət nazirinin müavini deyib: “Həmin proqramlar konkret addımlar və layihələri ehtiva edəcək. Eyni zamanda, Konsepsiyada mədəniyyətin 8 prioritet istiqaməti üzrə fəaliyyətlər müəyyən edilib. Bu istiqamətlər yeni mədəniyyət modelinin sistemli şəkildə həyata keçirilməsinə şərait yaradacaq və burada üç əsas alət xüsusi rol oynayır. Bunlar yaradıcı sənayelərin inkişafı, mədəniyyət diplomatiyası və idarəetmə mexanizmləridir”.