Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir

04.11.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 noyabr, AZƏRTAC

Pakistanın paytaxtı İslamabadda Azərbaycanın Zəfər Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Pakistan hökumətinin rəsmiləri, Pakistan ordusunun yüksək rütbəli zabitləri, Milli Assambleyanın üzvləri, diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai xadimlər, həmçinin ölkənin tanınmış elm, mədəniyyət və media nümayəndələri iştirak ediblər.

Səfir İrfan Davudov 44 günlük Vətən müharibəsi və tarixi Zəfərimiz barədə geniş məlumat verərək bildirib ki, bu şanlı Qələbə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və Azərbaycan xalqının birliyi sayəsində mümkün olub.

Səfir, həmçinin müharibədən sonra Azərbaycanın təklifi ilə başlayan sülh prosesi, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, Böyük Qayıdış barədə söz açıb.

Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri xanım Şaza Fatimə Xavaca Pakistan hökuməti və xalqı adından Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Pakistan ilə Azərbaycan arasında dərin köklərə malik əməkdaşlıq münasibətlərinə toxunan nazir Pakistanın ticarət, investisiya, informasiya texnologiyaları, müdafiə və digər mühüm sahələrdə ikitərəfli əməkdaşlığı daha da gücləndirməyə sadiq olduğunu ifadə edib.

O, İslamabad şəhərində ASAN Xidmət mərkəzinin açılmasına göstərilən dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib, xüsusilə informasiya texnologiyaları və rəqəmsal sektorlarda əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb.

Şaza Fatimə Xavaca çətin dövrlərdə Azərbaycanın Pakistana verdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.

Tədbirdə Zəfər Gününə həsr edilmiş film nümayiş etdirilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью