Nazirlik 100 yaşlı ahılı doğum günündə ziyarət etdi FOTOLAR

23.01.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları Gədəbəy rayonunun Qumlu kəndində yaşayan və 25 ildən çoxdur ki, evdə (səyyar) sosial xidmətlə təmin edilən İsa Ələkbərovu 100 yaşının tamam olması münasibətilə ziyarət ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, o, uzun illər maliyyə və idarəetmə sahələrində çalışıb, rayonun sosial-iqtisadi inkişafına töhfələrini verib. Səmərəli əmək fəaliyyətinə görə bir sıra orden və medallarla təltif edilib.

Agentlik əməkdaşları onu 100 yaşının tamam olması münasibətilə təbrik edərək, xoş arzularını çatdırıblar. Ömrünün ixtiyar çağlarını yaşayan ahılın bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacağı qeyd edilib.

Hazırda İsa Ələkbərova və həyat yoldaşı Nazanı Ələkbərovaya evdə (səyyar) sosial xidmət göstərilir. Ahıllar onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, agentlik tərəfindən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilir. Hazırda respublika üzrə 3100-dək şəxs evlərində sosial xidmətlərlə təmin edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью