Nazirlikdən vətəndaşın şikayətinə CAVAB

12.02.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı şəhəri, Xətai rayonu sakini Mərdanzadə Əsli aliment ödənişi ilə bağlı yaranmış vəziyyətdən narazıdır.

“Cebheinfo.az”-a müraciət edən Mərdanzadə Əsli deyib ki, cavabdeh Həsənov Rakif tərəfindən ödənilən aylıq 350 manat məbləğində vəsait son ödənişdə 285 manat olaraq köçürülüb:

“Son köçürmə zamanı məbləğin azaldığını gördüm və bunun səbəbini öyrənmək üçün Xətai rayon İcra şöbəsinə müraciət etdim. Amma oradan hələ cavab ala bilməmişəm. Aliment məhkəmə qərarı ilə təyin olunub.

Əgər hər hansı dəyişiklik baş veribsə, bu barədə ya yeni məhkəmə qərarı olmalıdır, ya da tərəflərə rəsmi məlumat verilməlidir. Mənə isə heç bir sənəd təqdim edilməyib. Sadəcə olaraq məbləğ azaldılıb”.

O qeyd edib ki, alimentin azalması onun ailə büdcəsinə mənfi təsir göstərir və övladının gündəlik ehtiyaclarının təmin olunmasında problemlər yaradır.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən “Cebheinfo.az”-a bildirilib ki, icra sənədi Xətai rayon icra şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir:

“Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23.09.2024-cü il tarixli icra sənədinə əsasən həmin tarixdən başlayaraq 06.06.2022-ci il təvəllüdlü övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün Həsənov Rakif Rəşid oğlunun qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment, 09.04.2024-cü il tarixindən başlayaraq 06.06.2022-ci il təvəllüdlü övladının 3 yaşı tamam olanadək (06.06.2025-ci il tarixinədək) hər ay 50 manat məbləğində aliment və əlavə xərc olaraq 220,50 manat (övladı tam sağalanadək) məbləğində pul, həmçinin hüquqi xidmət üçün ödənilən 150 manat və mediasiya təşkilatına ödənilmiş 60 manat (ümumilikdə 210 manat) Həsənov Rakif Rəşid oğlundan tutularaq Həsənova Əsli Rafiq qızına ödənilməlidir.

Sonradan Bakı Apellyasiya Məhkəməsinin 18.12.2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi əlavə xərc məbləğinin müəyyən olunması hissəsində dəyişdirilmiş, uşağın 3 yaşına çatanadək əlavə xərc qismində 50 manatın ödənilməsi qət edilmişdir.

İcra sənədi Xətai rayon icra şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir”.

Qeyd edilib ki, borclu icradan yayındığı üçün icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə əlaqədar Xətai Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş və Məhkəmənin qərardadı ilə təqdimat təmin edilmişdir:

“İcra sənədi icraata daxil olduqdan sonra borclunun iş yeri müəyyən olunmadığından aliment üzrə müvafiq tutulmalar ölkə üzrə müəyyən edilmiş müvafiq il üzrə orta aylıq əməkhaqqına əsasən hesablanmışdır.

Bununla əlaqədar ötən il borcludan aylıq 350 manat (271 manatı orta aylıq əməkhaqqının dörddə biri, 50 manatı uşaq üç yaşa çatanadək olan məbləğ, qalanı isə yığılmış aliment borcuna görə) tutulmuşdur.

Sonradan uşağın üç yaşı tamam olduğundan və yaranmış borc ödənildiyindən 2026-cı il üzrə orta aylıq əməkhaqqına uyğun olaraq borclunun aylıq aliment ödənişi 292 manata endirilmişdir.

Borclu icra sənədi üzrə bu günə qədər ümumilikdə tələbkar Həsənova Əsli Rafiq qızına 5456 manat ödəməlidir. Borclunun təqdim etdiyi qəbzlərdən məlum olmuşdur ki, borclu bu günə qədər ümumilikdə 5560 manat ödəniş etmişdir”.

Gülər Həsənli
“Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью