Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Amerikanın qlobal hegemonluğuna qarşı üç əsas güc mərkəzi mövcuddur.
Azad Məsiyev: Trampın yanaşması “müttəfiqlik” anlayışından çox, “maraq” prinsipinə əsaslanır
Bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ lideri Donald Tramp və Avropa ölkələru haqqında diqqətçəkən açıqlama verib. Onun sözlərinə görə Avropada hakimiyyətdə olan siyasətçilər D.Trampın sərt siyasi gedişatına və təzyiqlərinə müqavimət göstərmək iqtidarında deyil. Kreml rəsmisi hımçinin qeyd edib ki, hazırda baş verən gərgin proseslər Aİ ölkələrini idarə edən "zəif siyasətçilər nəslinin" fəaliyyətinin nəticəsidir. Peskovun son açıqlaması, Rusiyanın Avropa siyasətinə dair mövqeyini və ABŞ-nin qitə üzərində artan təsirinə münasibətini açıq şəkildə ortaya qoyur. Görünən odur ki, Avropa liderləri Trampın diktə etdiyi siyasi gündəmə qarşı, vahid və təsirli mövqe formalaşdırmaqda çətinlik çəkirlər. Bu məqam Qərb blokunda koordinasiya çatışmazlığının və daxili parçalanmanın mövcudluğuna işarə edir.
Politoloq Azad Məsiyev Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Trampın verdiyi bəyanatlar və həyata keçirdiyi siyasət dünya sistemində yeni bir düzən yaradıb:

“Tramp ABŞ-nin strateji planını sürətlə həyata keçirməyə çalışır. Bu strategiyanın əsas məqsədi ABŞ-nin qlobal üstünlüyünə təhlükə yaradan amilləri aradan qaldırmaq, birqütblü dünya sistemi yaratmaq və onun üzərində nəzarəti möhkəmləndirməkdir. Amerikanın qlobal hegemonluğuna qarşı üç əsas güc mərkəzi mövcuddur. Rusiya hərbi potensialına, Çin iqtisadi gücünə, Avropa İttifaqı isə maliyyə təsir imkanlarına görə önə çıxır. ABŞ liderinin Çinlə bağlı əsas hədəfi Pekinin istehsal və ixrac potensialını məhdudlaşdırmaqdır. Bu məqsədlə Çinin enerji marşrutlarının nəzarət altına alınması və alternativ enerji bazarlarının formalaşdırılması gündəmdə saxlanılır”.
Politoloq sözlərinə görə, ABŞ-nin əsas hədəflərindən biri də, Avropa iqtisadiyyatını zəiflətməkdir:
“Avropa iqtisadiyyatının zəifləməsi avronun qlobal valyuta kimi mövqelərinin sarsılmasına səbəb olacaq. Bu da ABŞ dollarının beynəlxalq üstünlüyünün qorunmasına xidmət edir. Məhz ona görə də, Rusiya ilə Avropa arasında münasibətlərin uzunmüddətli gərginlik mərhələsində qalması Vaşinqtonun strateji maraqlarına uyğundur. D.Tramp Avropa dövlətlərinə qarşı açıq təzyiq siyasətindən çəkinmir. Xüsusilə Qrenlandiya məsələsində əlavə dəyər vergisi sanksiyaları ilə bağlı çağırışları, Avropaya yönəlik təzyiq mexanizmlərinin tərkib hissəsidir. ABŞ liderinin əsas məqsədi mövcud beynəlxalq siyasi sistemi yenidən formalaşdırmaqdır. “Sülh Şurası” təşəbbüsü də sistemin tərkib hissəsidir”.
A. Məsiyevin qənaətinə görə, Tramp üçün beynəlxalq münasibətlər sistemində əsas meyar ABŞ-nin milli maraqlarıdır:
“Avropanın bir sıra dövlətləri ABŞ liderinin fəaliyyətinə qarşı sərt mövqe sərgiləsələr də, Tramp öz siyasi xəttindən geri çəkilmir. Əksinə, onun yanaşması “müttəfiqlik” anlayışından çox, “maraq” prinsipinə əsaslanır. Tramp açıq şəkildə bildirir ki, onun siyasi xəttini dəstəkləyən ölkələrlə əməkdaşlıq genişləndirilir, alternativ mövqe sərgiləyənlərə qarşı isə təzyiq və təhdid dili üstünlük təşkil edir. Venesuela, İran və Qrenlandiya ilə bağlı atılan addımlar Trampın hətta müttəfiqlərin maraqlarını belə nəzərə almadan hərəkət etdiyini açıq şəkildə ortaya qoyur. Bu səbəbdən Avropa İttifaqına üzv dövlətlər Trampın davranışlarını ehtiyatla izləyir və onun açıq təzyiq siyasətindən çəkinirlər”.