“Nə deyərlər?” düşüncəsi ilə yaşamayın: Psixoloq belə məsləhət görür

04.08.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün cəmiyyətdə insanların şəxsi həyatına müdaxilə, verilən qərarları sorğulamaq və “Sənin yaxşılığını düşünürəm” adı ilə sərhədləri aşmaq yayğındır. 

Xüsusilə ailə və qohumluq münasibətlərində insanın şəxsi seçimlərinə qarışmaq, “Nə deyərlər?” düşüncəsi ilə hərəkət etmək normal davranış kimi qəbul olunur. Bəs şəxsi sərhədlərə müdaxilə niyə cəmiyyətdə bu qədər adi qarşılanır? 

Ailə və uşaq psixoloqu Aynur İsmayılova “Cebheinfo.az”- a bildirib ki, Azərbaycanda kollektiv şüuraltında insanların bir-birinə hörməti, kollektiv şəkildə bir-birinə qayğı göstərməsi və maraqlanması yüksək dəyər hesab olunur. 

“Çox zaman diqqət, qayğı, nəzakət qaydaları arasında sərhədlər itir. Hətta biz uşaqlıqdan öz övladlarımıza “Böyüklərin sözündən çıxmaq olmaz”, “Dostlar, qohumlar, kənardan baxanlar nə deyər?” və ya “Böyükdür deyə onu dinləməlisən” kimi fikirləri aşılayırıq. Bu mənada övladlarımıza sərhədlərini başa sala bilmirik. Normal şəkildə başa düşmək lazımdır ki, sərhədlərimiz bizi ətrafımızdan uzaqlaşdıran divar deyil. 

Bu, insan üçün qoruyucu, sağlam psixoloji çərçivədir. İnsan öz sərhədlərini qoruduğu kimi buna adaptasiya olduqda başqalarının da sərhədlərini pozmur. Bizim düşüncəmizdə “Nə deyərlər?” sualı yox, “Bu deyilənə qarşı mən necə hərəkət edərəm?” düşüncəsini formalaşdırsaq, çox yaxşı olar. 

Zamanla biz özümüzü ifadə etməkdə, bizə kənardan verilən günahkarlıq hissi, qərarsızlıq və bəzən də özgüvənsizliklə baş etməkdə çətinlik çəkirik. Əgər kiçik yaşlarından valideynlər uşağa hörmət etməyi öyrətsələr, valideyn öz sərhədlərini müəyyənləşdirərək bu məsələdə övladlarına nümunə olsa, onlar nə qədər qorunduqlarını və özlərinə nə qədər dəyər verildiyini görəcəklər”. 

O bildirib ki, insan öz şəxsi sərhədlərini qoruyarkən kənardan aqressiv görünməyəcək:

“Məsələn, “Mən bu mövzuda danışmaq istəmirəm”, “Bu mövzu mənə maraqlı deyil”, “Hazırda vaxtım yoxdur” kimi nəzakətli ifadələrlə sərhəd qoymaq insanı hörmətdən salmır. Sərhədsiz münasibətlərdə insan daim əziyyət çəkir. 

Hər bir ölkənin sərhədi olduğu kimi, insan da öz sərhədlərini qorumalıdır. Bu halda təbii ki, başqalarının da sərhədlərini avtomatik olaraq qoruduğu üçün insan hər zaman öz dəyərini hiss edəcək”. 

Psixoloq qeyd edib ki, sağlam psixologiyanı və münasibətləri qorumaq, emosional rifahı hər zaman ön planda saxlamaq üçün övladlarımıza sağlam psixoloji sərhədlərini qorumaqda kömək etməliyik: 

“Eyni zamanda, həmin sərhədlərin pozulmaması üçün öz sərhədlərimizi də övladlarımıza göstərməliyik”. 

Aişə 
“Cebheinfo.az”

Açar sözlər: Nə deyərlər? Aynur İsmayılova

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью