Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avstraliyada yaşayan Rebekka Şarrok həyatının demək olar ki, hər gününü ən xırda təfərrüatlarına qədər xatırlayır. Bu, dünyada çox az insanda rast gəlinən nadir yaddaş xüsusiyyətidir.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, 36 yaşlı Rebekka Şarrok uşaqlıq xatirələri də daxil olmaqla, həyatında baş verən hadisələri qeyri-adi dəqiqliklə xatırlayır.
O, hətta yeddi yaşında olarkən şahzadə Diananın vəfat etdiyi günü belə unutmur. Həmin vaxt bacısı ilə hamamda olduğunu, anasının saçlarını yuduğunu və xalasının Diananın ölüm xəbərini verdiyini xatırlayır.
Rebekka “üstün avtobioqrafik yaddaş” (HSAM) adlanan nadir xüsusiyyətə malikdir. İndiyədək dünyada təxminən 100 nəfərdə bu xüsusiyyət müəyyən edilib. Belə insanlar gündəlik həyatda baş verən adi hadisələri belə illər keçdikdən sonra qeyri-adi təfərrüatlarla xatırlaya bilirlər. Lakin Rebekka bu qabiliyyətin onun üçün bir yükə çevrildiyini deyir.
“Bəzən qəfildən özümü üç, sonra 20, yeddi və ya 16 yaşımda yaşadıqlarımı xatırlayarkən tapıram. Müsbət, mənfi və adi xatirələr daim zehnimdən keçir. Gecələr yatmaqda çətinlik çəkirəm”, – deyə o bildirib.
Autizm, təşviş pozuntusu və obsesiv-kompulsiv pozuntu (OKP) ilə də yaşayan Rebekka xüsusilə xoşagəlməz xatirələri geridə qoymaqda çətinlik çəkir. Bu səbəbdən avtomobil idarə edə bilmir və daimi işdə çalışmaqda çətinlik yaşayır.
Rebekka zehnini sakitləşdirmək üçün klassik musiqiyə qulaq asır, gitara çalır və xarici dillər öyrənir.
O, xatirələrini günlər, aylar və illər üzrə qruplaşdırdığını, zehnində sanki qovluqlardan ibarət bir otağın olduğunu söyləyir.
Qeyd edək ki, bu nadir yaddaş xüsusiyyətinə malik şəxslər arasında 1978–1983-cü illərdə yayımlanan “Taxi” serialının aktrisası Marilu Henner də var.
Henner güclü avtobioqrafik yaddaşın insana öz həyatını daha yaxşı anlamağa və yaşadıqlarına məna verməyə kömək etdiyini düşünür.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin