Nə yorğunluqdur, nə də stress SƏBƏBİ ÇOX CİDDİ OLA BİLƏR!

30.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Virus hepatitləri uzun müddət heç bir əlamət vermədən inkişaf edərək qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Xüsusilə hepatit B və C növlərinin gizli gedişi xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. Müalicə gecikdirildikdə isə qaraciyər sirrozu və digər ağır fəsadlar yarana bilər.

“Yeni Sabah” xəbər verir ki, virus hepatitlərinin yoluxma yolları, əsas əlamətləri, müalicə və profilaktikası, eləcə də bu xəstəliklərlə bağlı cəmiyyətdəki yanlış təsəvvürlər barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov məlumat verib.

Mütəxəssisin sözlərinə görə, virus hepatiti qaraciyərin iltihabı ilə xarakterizə olunan yoluxucu xəstəlikdir. Onun ən geniş yayılmış növləri A, B, C, D və E hepatitləridir. Toyuqlu pizza

A və E hepatitləri əsasən çirkli su və qida vasitəsilə yayılır və kəskin formada keçir. B, C və D hepatitləri isə qan və digər bioloji mayelər vasitəsilə yoluxaraq xroniki xəstəliklərə səbəb ola bilər. Xüsusilə B və C hepatitləri uzun müddət əlamətsiz inkişaf etdiyi üçün təhlükəli hesab olunur.

Təyyar Eyvazov bildirib ki, yoluxma yolları virusun növündən asılı olaraq dəyişir. A və E hepatitləri çirkli əllər, yuyulmamış meyvə-tərəvəz və keyfiyyətsiz su vasitəsilə yayılır. B, C və D hepatitlərinə isə əsasən qan və qan məhsulları, steril olmayan tibbi alətlər, başqasına məxsus ülgüc və diş fırçasından istifadə, eləcə də qorunmayan cinsi əlaqə zamanı yoluxmaq mümkündür.

Ekspert qeyd edib ki, qeyri-peşəkar şəraitdə həyata keçirilən döymə və pirsinq prosedurları da yoluxma riski yaradır. Bu baxımdan tibbi və kosmetik prosedurlar zamanı alətlərin steril olmasına, şəxsi gigiyena vasitələrinin başqaları ilə paylaşılmamasına xüsusi diqqət yetirilməlidir.

Mütəxəssisin sözlərinə görə, virus hepatitləri uzun müddət heç bir əlamət göstərmədən inkişaf edə bilər. Xəstəliyin kəskin dövründə və ya xroniki mərhələnin aktivləşməsi zamanı isə ümumi zəiflik, tez yorulma, iştahasızlıq, ürəkbulanma və sağ qabırğaaltı nahiyədə ağırlıq hissi müşahidə olunur.

Ən səciyyəvi əlamətlər arasında göz almalarının və dərinin saralması, sidiyin tündləşməsi, nəcisin isə ağarması və ya açıq sarı rəng alması var. Bu əlamətlər müşahidə edildikdə dərhal infeksionistə müraciət etmək tövsiyə olunur.

Təyyar Eyvazov vurğulayıb ki, bəzi insanlar halsızlıq və yorğunluğu gündəlik stresslə əlaqələndirərək həkimə müraciəti gecikdirirlər. Bu isə xəstəliyin vaxtında aşkarlanmasına mane olur və ağır fəsadların yaranma riskini artırır.

Mütəxəssis vətəndaşlara şəxsi gigiyena qaydalarına əməl etməyi, tibbi və kosmetik prosedurların steril şəraitdə aparılmasına diqqət yetirməyi, həmçinin vaxtaşırı profilaktik müayinələrdən keçməyi tövsiyə edib.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью