Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Neandertalların nəyə görə yoxa çıxması alimlər üçün böyük sirr olaraq qalmaqdadır.
Belə bir fərziyyə var ki, buna “homo sapiens”lərlə mübarizə (müasir insan növünün inkişaf xətti) səbəb olub.
Amma, bəlkə də, əksinədir – neandertallar “homo sapiens”lərlə düşmənçiliyə və rəqabətə görə yox, onlarla cütləşdikləri üçün yox olublar.
“PaleoAnthropology” jurnalında dərc olunmuş məqalənin müəllifləri hesab edirlər ki, neandertalların sıradan çıxması bu iki növ arasında müntəzəm cinsi əlaqələrin nəticəsi ola bilər – nəticə etibarilə neandertal DNT-si olan fərdlərin sayı getdikcə azalıb və nəhayət, yox olub.
Amma tədqiqatçılar onu da qeyd edirlər ki, indiyə qədər yalnız 32 neandertal genomu deşifrə edilib – bu, kiçik bir hissədir və bəlkə də, ən uğurlu variant deyil, daha etibarlı nəticələr üçün əlavə tədqiqatlara ehtiyac var.
İnsan Təkamülü Muzeyinin elmi direktoru, məqalənin həmmüəllifi professor Kris Stringer deyir ki, bu iki növün tam olaraq necə bir-biriylə cinsi əlaqəyə girməsi elmi ictimaiyyətdə hələ də çox az müzakirə edilir: “Biz güman edirik ki, neandertalların nəslinin kəsilməsinə məhz belə yaxınlaşma səbəb ola bilərdi – əgər onlar müntəzəm olaraq “homo sapiens”lə cütləşiblərsə, bu onların populyasiyasını azalda və nəhayət, yoxa çıxarmış ola bilər”.
FOTO: Neandertal kişisinin reproduksiyası. Təbiət Tarixi Muzeyi, London.