Necə olur, savadsız kəndli ailəsində böyüyən insan klassika yaradır?

04.02.2026

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Rahid Uluselin “Mədəniyyətin cövhəri – Klassika” adlı yeni essesini təqdim edir.

Bu gün dünya yetərincə açıq və gizli əlamətləri ilə, siyasətindən mədəniyyətinə qədər özünün postmodern epoxasının son mərhələsinə - böhran çağına qədəm qoyur. Buna görə də ümumən bəşər sivilizasiyasının inkişafı prosesində qazandığı təməl dəyərləri özündə hifz edən klassika insanlıq üçün yeni məna qazanır. Xüsusilə iki səbəbdən: (1) texnoloji tərəqqinin ifrat istiqaməti olaraq, həyatı süni sistemlərə modifikasiya edən sonubilinməz cəhdlərə qarşı insanlığın təbii müqavimət gücünü öz mayasında qoruduğuna görə; (2) kosmosivilizasiyaya açılan yolun merkantil maraqlarla deyil, sağlam mənəviyyat və əxlaq ölçüləri ilə salınması zərurətinə görə.
Genezis

Arxaikadan sivilizasiyaya keçid o zaman baş verir ki, “təbiət yaradıcılığındakı” mükəmməllik insanın yaradıcılıq aktlarına əvvəlcə stixiya halında, sonra isə daha məntiqi axarla proyeksiya olunaraq onu cilalayır və bu proses varlığın ilahi harmoniyasının dərkinə, onun daha kamil formada əks etdirilməsinin dürlü variantlarının tapılmasına doğru dərinləşir. “Ustad təbiət” ustad insanı yetişdirir. Ustad insan Klassikanı yaradır. Antik çağda insan yaradıcılığı klassik kamilliyinə çatır. Klassika öz gələnəyini, meyarlarını, dəyərlər sistemini, universalilərini, məktəblərini yaradır. Bəşəriyyətin mədəni-mənəvi həyatında, xüsusilə sənət yaradıcılığında bütün bunların nəzərə alınması zərurətə, ənənəyə çevrilir.

Din, siyasət, elm, iqtisadiyyat sahəsində, şəhərsalmada, incəsənətin bütün növlərində “klassik texnologiyalar” getdikcə təkmilləşdirilir, inkişaf etdirilir. Klassika örnəklərindən öyrənmə təcrübəsinin artması insanın şüur və fəaliyyətində yeni sahələrin açılmasına, yeni üsul və vasitələrin hərəkətə gəlməsinə səbəb olur. Klassika ona görə örnəyə çevrilə bilir ki, o, müəyyən konkret tarixi məqamın ideyası, məğzi və ruhunun ən kamil təcəssümü olur. Klassika – ondan daha yaxşısını yaratmağın mümkün olmadığı məqamın barıdır. Buna görə də klassika hər zaman mədəniyyətin yüksək səviyyəsini təmin edir. Yaradıcı insanlar bu səviyyəyə yüksəlməyə çalışırlar. Bax bu zaman mədəniyyətin bütün sahələrində inkişafa, sənətin və ondakı yeniləşmələrə, tapıntılara maraq göstərən cəmiyyətin yüksək estetik meyarlarla düşünməsinə əla stimul əmələ gəlir.

Klassika – Əbədiyyətin Anında yaranır, Anın Əbədiyyətini yaradır.

Klassika – tarixi zamanın və onun nüvəsini təşkil edən mədəniyyətin bütöv orqanikasını yaradır. O, mədəniyyətin bütün sahələrində meydana çıxan yeni ideya, üslub və cərəyanları bir-birinə ötürür, onların diaxron və sinxron istiqamətdə “mənəvi oksigen və qan dövranını” yaradır.

Klassikanın – bütün zamanların müasiri olmaq səadəti, öz zamanını bütün zamanların içərisində hərəkət etdirmək, “üzdürmək” qüdrəti var.

Çağın şəhdi-şirəsi onun klassikasına süzülür. Klassika – yarandığı çağın nəinki aparıcı ideyalarını, yönəlişlərini özündə sintez edir, hətta onun qarışığı, qaranlığı, zülməti içindən belə “pünhan ideyalarını” dartıb üzə çıxarır, görünməyənləri görünən edir. Buna görə də klassikanın “perpetuum mobile”si tükənməzdir. O, hər zaman yenidən doğulan, yeni qaranlıqları aydınladan, yeni yolları göstərən İşıqdır.

Klassik əsər, klassik üslub, klassik məktəb

Klassik əsər hər hansı bir mədəniyyətin konkret faktı, subyektin yaradıcılıq aktı kimi meydana çıxır. Ancaq o bütün parametrlərinə görə həmin mədəniyyətin və həmin yaradıcının “ölçülərini” aşır. Bu mədəniyyət və bu yaradıcı həmin klassik əsərlə özünün yeni miqyasına çıxır. Klassik əsər məhz bu “dağıdıcı” və “yaradıcı” ruhu ilə zaman sıldırımlarından adlayaraq, ən müxtəlif dünyagörüşləri ilə yaşayan, ölmüş və ölməkdə olan, doğulan və doğulacaq mədəniyyətləri bir-birinə bağlayır. Klassik əsər ayrıca bir çağın barı olsa da, o çağın nəfəsini və ruhunu özündə yaşatsa da, məhz bu “qaynaq” özəlliyinə görə ümumbəşəri sərvətlərin daim zənginləşən dünyasına qovuşur. Klassik əsər birgə yaradıcılığın məhsulu olsa belə, yenə Təkdir, təkrarolunmazdır.

Klassik – əsəri ilə həm də klassik üslub, indiyə qədər yolu ilə gedilməmiş üslub yaradır. Gərgin yaradıcılıq axtarışlarında bu üslub bir və ya bir neçə əsərlə cilalanır. Bu üslubla həyatın dərinliklərinə varmağın, mənəviyyat hücrələrində gəzişməyin, hiss və düşüncələri tərpətməyin, tabuları pozmağın, sosial-psixoloji ziddiyyətlərə münasibət bildirməyin yeni imkanları açılır. Klassik üslub – incəsənətin hansı sahəsində yaranırsa-yaransın, orada yeni forma və məzmun keyfiyyətlərinin özünəməxsus dəstini meydana gətirir.

Klassik üslublar kanonikasının təşəkkülü prosesində klassik məktəb formalaşır. Klassik məktəb – böyük klassiklərin və onların davamçılarının yaradıcı enerjisinin toplandığı bir məkan, həm də onların özünütəsdiqinin optimal bir məkanıdır. Burada onların fərdi üslublarının sistemi təşəkkül tapır. Klassik məktəb – müəyyən yaradıcılıq yolunun fundamental əsaslarını, sənətkarlıq dünyagörüşünü, sənət konsepsiyasını və onun prinsiplərini yaradır, ayrı-ayrı üslub və yanaşmaların rəngarəng spektrini vahid bir məcrada birləşdirir.

Bəzən klassik məktəb ətrafında onun geniş təsir dairəsinə malik olan mənəvi-ideoloji məkanı da üfüqlənir. Ancaq klassik məktəblərin ən böyük tarixi əhəmiyyəti odur ki, dünya mədəniyyəti məhz onların sayəsində qərar tutur və varisliyin qırılmaz ənənəsini qoruyub saxlayır. Hər klassik məktəblə bəşər mədəniyyəti irəliyə doğru bir addım atır, epoxal dəyişikliyə ayaq açır. Antik və İntibah çağlarının, daha sonrakı dövrlərin klassik məktəbləri dünya mədəniyyətindəki təkamülün elə mərhələləridir ki, onların bir-birindən aldığı təkanın enerjisi bu gün də yeni inkişaf dalğaları üçün hərəkətverici qüvvədir.

Düha genealogiyası

Bəzən təəccüb doğurub ki, necə olur, məsələn, adi bir savadsız kəndli ailəsində ərsəyə gələn insan... klassika yaradır. Hələ sonra, olur ki, saray aristokratiyası bu “kəndli balasının” yazdıqlarını uzun illər dartışdırır, təqlid edir... – Səbəblərindən başlıcası: Gələcək klassikin soy-kökündəki “yaradıcı başlanğıcın” rüşeymi hər yeni törəmədə bu və ya digər formada özünü bəlli edir, ya da kilidlənib qalır, ancaq itmir, hər doğuluşunda dərinliyini artırır, yönünü gizli-gizli arayır və nəhayət, tam “yetişəndən” sonra, bu genetik təkamülün son akkordu kimi zühur edir.

Məsələn, dağlarda qoyun otaran, otara-otara tütək çalan ulular dağın, çayın, buludun, meşənin... səsini, nəfəsini, rənglərini içinə yığa-yığa gələcək musiqiçinin, təbiəti, insanlararası münasibətlərin incəliklərini birər-birər öyrənənlər öyrəndiklərini canında-qanında, təcrübəsində yaşada-yaşada gələcək alimin, ömrü boyu söz-məsəl hörgüləyən nənələr dilində-damarında söz improvizasiyalarını gəzdirə-gəzdirə gələcək yazıçının geninə bu düha bəsirətini, duyğusallıq, bilgəlik kompleksini daşıyırlar. Genealoji ağacın bir budağındakı bir tumurcuğun “dahi” çiçəyi belə açır!

Gen yaddaşı ilə həyat təcrübəsinin yarar çevrədə qovuşması klassik yaradıcılığın poteniyasını böyük mücadiləyə hazır vəziyyətə gətirir...

Klassikanın yaranma tezliyi və sıxlığı

Klassik əsərlər yaradıcılığın əlverişli mühitində, təbii ki, daha tez-tez və daha sıx-sıx yarana bilər. Amma klassikanın möcüzəsi bundadır ki, onun üçün belə şərtlərin olmadığı, mədəniyyətin və mənəviyyatın yabanılaşdığı bir şəraitdə, ac-yalavac bir “divanənin”, bir xəstə vücudun varlığından da doğula bilər. Klassika kainata “səpələnmiş” ulduzlar, planetlər kimidir. Bəzi zaman və məkanlarda sıx-sıx, bəzilərində seyrək-seyrək. Tarixi zamanın elə lal çağları olub ki, onlar bircə dənə klassik əsər, hətta klassik tutarda bir sətir belə yetirməyib. Uzun çəkən bir səssizlik... Bəlkə də bu sükunət klassikanın doğuluşuna hamiləlik mərhələsidir... Və nəhayət, gözlənilən gözlənilməzlikdə düha işığının saçılışı!

Klassikasız zamanlar ötür... Tarixin dühasının daşar çağı gəlir. Bəzən bir məmləkətdə, bir şəhərdə, bir mədrəsədə, bir universitetdə klassiklər bir-biri ilə nəfəs-nəfəsə, bəzən bir-biri ilə gərgin, hətta düşmənçilik münasibətlərində, bəzən də bir yerdə, fəqət tək-tənha... yaşayıb yaradırlar.

Çjou xanədanlığının dövlət arxivində görüşən Lao Tsı Çin və Konfutsi, antik fəlsəfənin klassikasını yaradan Platon Akademiyasının filosofları, İslam dini, fəlsəfəsi, elmi və poeziyasını vəhdətə yetirən Şərq ensiklopedistləri, Rumi və Təbrizi, Nəimi və Nəsimi, Florensiyanı, Vatikanı, Venesiyanı planetin muzeyinə çevirən Renessans yaradıcıları, bütün Avropanı yeni inqilabi düşüncənin fırtınasına bürüyən fransız maarifçiləri, alman romantizminin nümayəndələri, Napoleon müharibələri çağında İen universitetini Almaniyanın mədəniyyət mərkəzi edən Fixte, Şellinq və Hegel, Berlin universitetində bir yerdə çalışan Hegel və Şopenhauer (burada Şopenhauerin Hegellə müəllimlik rəqabəti onun özünün uğursuzluğu ilə nəticələnir), XX yüzilliyin ilk çərəyinin rus novatorları, mühacir ərəb romantikləri – “Suriya-Dağlıq Livanın azadlığı uğrunda İttifaq”da birləşən Cibran, Reyhani və Nuayme, Azərbaycan milli mədəniyyətinin yeni çağda inkişafına yol açan Füyuzatçılar və Mollanəsrəddinçilər, Üzeyir Hacıbəyov məktəbinin yetirmələri, dünyanın qlobal inkişaf proqramlarını hazırlayan Roma klubunun üzvləri, birgə elmi layihələr üzərində işləyən nobelçilər, qeyri-səlis məntiqin yaradıcıları (Lütfi Zadə və Rafiq Əliyev) kimi... Klassikanın yaranma tezliyi və sıxlığının eyni zamanda baş verdiyi və baş vermədiyi çağlar olur. Bu da sanki kosmik proseslərin planetləşmə ritmi kimidir...

Estetik transformasiya

Klassiklər təkcə bir-birindən bəhrələnməklə deyil, həm də bir-birinə tənqidi, hətta inkarçı mövqedən yanaşmaqla yeni mərhələ yaradırlar. “İnkarı inkar qanunu” burada maraqlı olduğu qədər də zəruri estetik transformasiya gerçəyində təzahür edir. Ancaq yalnız yeni paradiqma olaraq əsaslandırılmış mövqelər həyat qazana bilir. Həm sinxron, həm də diaxron tarixi zamanda alternativ yaradıcı dünyaların “qoç döyüşü” həmin estetik transformasiyaların məğzini təşkil edir. Durğun ədəbi gölməçələrdə “balina-klassiklər” doğula, böyüyə, üzə bilərmi?!

Klassika ədəbi-estetik qanunlar yaradır, ancaq ədəbi-estetik stereotiplər yaratmır. Onu ehkama çevirənlər, əsasən, imitatorlar (yamsıqlar) olur. Əksinə, ehkamları dağıtmaq – klassikanın başlıca missiyalarındandır. Lakin bütün hallarda dahi klassiklər formal dəyişmələri deyil, mahiyyət dəyişmələri həyata keçirirlər. Məsələn, Roden – Fidiyi (antiklik), Mikelancelonu (intibah) və Özünü (yeni çağ) heykəltəraşlıq sənətinin bir-birini doğuran mərhələləri kimi görürdü.

Zövqü cilalayan Klassika

Zövq – insanın genetikasından, onun daxil olduğu etnik (etnoqrafik)-milli çevrənin tarixi təşəkkül amillərindən, coğrafi-iqlim şəraitindən tutmuş konkret ailə-cəmiyyət mühitindəki tərbiyəsinə, sosial statusuna, dünyagörüşünə, psixoloji keyfiyyətlərinə və oriyentasiyasına qədər (kosmo-psixo-loqos bütün cinahları ilə!) çox müxtəlif və bir-biri ilə bağlı olan şərtlər daxilində formalaşır. Zövq – öz zamanının mahiyyət və xarakterini ən incə formalarda, onun “sarı simində” göstərən meyardır. Zövq – çağının “gözüdür”. Zövq – hətta bildirilmədikdə belə zühur edəndir, “susduqda” belə danışandır. Dünya öz dəyərini zövq refleksiyalarında qazanır.

Zövq daim dəyişir, inkişaf edir, təkmilləşib cilalanır, öz miqyas və dərinliyini artırır, dünyaduyumunun ən yüksək qatlarında bəlirlənir, ya da öz içinə qapanır, sükunətə dalır, bir qədər dəbərib ortabablaşır, ya da ki, tam əks istiqamətə – geriyə gedir, sönür və yoxalır. Zövq inkişafında – insan-dünya münasibətlərinin məna qatı açılır, dəyər sistemi optimallaşır, mədəni-estetik normativlər təşəkkül tapır, zövq durğunluğunda – həmin münasibətlər amorf səviyyədə olur, dəyərləndirmə çaşqın, mütərəddid səciyyə daşıyır, zövq tənəzzülündə – insan-dünya münasibətlərinin mənasızlıq qatı, dekadans yaranır, antidəyər sistemi meydana gəlir, cəmiyyətin mənəvi-psixoloji həyatında gərginlik, “sürü instinkti” artır. İctimai münasibətlər sistemi mürəkkəbləşdikcə, qloballaşdıqca, bu üç istiqamətin həm rəqabəti, həm paralelləşməsi, həm də çarpazlaşması baş verir.

Zövqün aşağı düşməsi cəmiyyətin həyatında bir çox fundamental dəyişiklikləri özündə ehtiva edən göstərici-şkaladır. Məsələn, incə dodaqlar əvəzinə köpüb-pırtlamış dodaqların sevilməsi, əslində, çox ciddi hadisə – sosio-bioloji anomaliyadır: insan heç bir səbəb olmadan öz bədənini “dekonstruksiya” edir. Sənətdə və təbabətdə gərəksiz dekonstruksiya eyni acı nəticələr doğurur. Bu həm də o deməkdir ki, “estetik beynin” yoxluğu şəraitində hər cür “estetik əməliyyatlarla” zatında hər cür vulqarlıq olan hər cür nəsnəni camaata sırımaq olar. Daim hərəkətdə olan zövqün yüksəlişi, durğunluğu və deqradasiyası müəyyən zaman kəsiyində həm bir insan nümunəsində, həm də cəmiyyət və dünya miqyasında özünü göstərir.

Konkret olaraq ədəbi-estetik zövq iki subyekt arasında – yaradıcı-sənətkarla onun yaratdığı klassikanı dəyərləndirən insan arasındakı münasibətlərin spesifik tərzindən doğsa da, o daha çox ictimai-tarixi məzmun daşıyır. Çünki bu kontaktı (qığılcımı!) yaradan klassik əsər ayrı-ayrı tarixi zaman və məkanlarda meydana gələ bilər. Öz zamanında həməsrlərinin bəyənmədikləri bir çox klassik əsərlər sonrakı dövrlərin ruhuna yata, tərpəniş gətirə bilər. Zövqün formalaşmasına hər iki tərəf – klassik və onun yaratdığını qəbul edən insan (cəmiyyət) fəal şəkildə, hətta bir-birini inkar edəcək dərəcədə təsir göstərir.

Klassik sənətkar, çağının təkcə yaşadığı yox, həm də yaşamalı olduğu estetik tələbatı dərk etdirən əsər yarada bilir, bu əsərlə zamanının keçmiş zaman görklərindən qaynaqlanan və gələcək zamanlarla da bağlılığını təmin edəcək yeni estetikasını, onun meyarlarını ərsəyə gətirir. Bu proses yalnız həmin çağın deyil, bütün sonrakı dövrlərin zövqünü yüksək səviyyələrə qaldırır, cilalayır. Elə səviyyələrə ki, oradan enmək də çətin olur.

Epiqonçuluq da o vaxt yaranır ki, dövrün ədəbi-estetik etalonlarından çıxmaq, onun təsir dairəsini yarmaq zor olur. Gərək sənət öz enerjisini paylaşdırmağı bacarsın ki, epiqonçuluğa varmasın. Ən pis halda isə, “sənətkar” kütləvi mədəniyyətin dayaz zövqünün səviyyəsinə enir, onların məzmunca dar, meydanca geniş marağının dalınca sürünür. Qalan bütün səviyyələr bu aralığa sığır.

Klassika – meyardır

On doqquzuncu yüzilliyin ikinci yarısı-iyirminci yüzilliyin əvvəllərindən başlayan, həm həyatda, həm də incəsənətdə (eləcə də ədəbiyyatda) özünü göstərən mühafizəkarlığa üsyan ruhu bütün müqəddəslikləri tapdamağa qədər vararaq indiyə qədər ən müxtəlif – səngiyən və kükrəyən tektonik güc və templə davam edir.

Klassik dəyər yaradıcılığı həmişə mühafizəkarlıqla yenilikçiliyin vara biləcəyi bütün aşırılardan yüksəkdə dayanaraq, özünün heç vaxt gedilməmiş və heç vaxt gedilməyəcək yolu ilə hərəkətdədir. O sanki mühafizəkarlığında yenilikçi, yenilikçiliyində mühafizəkardır. Öncəki fikrimizin başqa variasiyasında deyə bilərik ki, klassika – anda əbədiyyəti bildirməyin, əbədiyyəti ana sığdırmağın ilahi proqramı ilə işləyir.

Buna görə də klassikadakı təsvir və personajlar hər zaman üçün təzədir. Onlar hər bir yeni nəsli duyğulandırır, həyəcanlandırır. Hər bir zaman yalnız klassikası ilə ədəbi-estetik zamana çevrilir. Klassikanın ədəbi prosesdən dərhal sıyrılıb çıxaraq xüsusiləşmək sehri və bununla bərabər, həmin prosesi öz arxasınca çəkmək cazibəsi var. Sözün bütün mənalarında demək olar: Yaranış çağından asılı olmayaraq, klassika – bütün zamanlar üçün meyardır, mədəniyyət düşüncəsindəki inkişafın dərəcələrini müəyyən edən, hər dürlü sənət dəyişmələrindəki əsli qəlpdən, gerçəyi yapmadan ayırd edən, hər yeni əsərin təfəkkür tutumunu, sənətkarlıq, verifikasiya və novatorluq səviyyəsini təyin edən məhək daşıdır.

Klassika nəinki mədəniyyətin üzdə o qədər də hiss olunmayan daxili dinamikasına, mütəhərrikliyinə, konseptual dərinliyinə, özəyindəki “ideya rüşeymlərinin” böyüməsinə və onların yönəlişlərinə, həm də bu mədəniyyətin inkişafı ilə üzvi bağlılıqda olan sosial təsisatlanmanın mürəkkəb proseslərindən tutmuş cəmiyyətin əxlaq və psixologiyasına, etiket və maneralarına qədər toplumsal özünütəşkilin bütün sisteminə və bu sistemin yaradıcılıq, elitarlıq potensialının aktuallaşmasına təsir göstərir.
Klassika və antiklassisizm

Son yüz əlli ildə, “kütləvi mədəniyyət” dalğalarının artan sürətlə genişlənməsinə baxmayaraq, dünya incəsənəti və ədəbiyyatının möhtəşəm klassik abidələri yaranıb. Tarixin bu yeni sərvətləri çağdaş bəşəriyyətin dünyagörüşünə, fəaliyyət istiqamətlərinə, təbii ki, həm də seçim və zövqünə güclü təsir göstərir. Onlar müasir mədəniyyəti yeni ideya və sənətkarlıq axtarışları ilə zənginləşdirir, yeni estetik baxış və yanaşmalara yol açırlar. Tarixi və çağdaş klassikanın enerjisi planetar inkişafın mənəviyyat nüvəsini bərkidir, onu sapıntılardan qoruyaraq, yeni dünyaqavramı fazalarına keçilişinə təməl yaradır.

Dünyanın bu klassik zirvələrinin yamaclarında sənət həyatı qaynayır, dərinlər zirvəyə doğru qalxır, dayazlar aşağı diyirlənir. Dərələrdə boz mədəniyyət ürüyüb artır... Təbii ki, yüksəkzövqlülər yüksək, ortababzövqlülər ortabab, aşağızövqlülər aşağı səviyyəli əsərləri bəyənir, bəyəndirirlər. Ancaq narahatlıq doğuran odur ki, aşağı səviyyənin məkanı, təsir dairəsi getdikcə elə böyüyür ki, bütün səviyyələrin onun girdabına sorulmaq təhlükəsi yaranır: bədii-estetik qavramda dünya sanki dərinliyini itirir, üzünə çıxır, bilərəkdən və ya bilməyərəkdən səthiləşdirilir.

Nadir hallarda meydana çıxan sanballı əsərlər dəyərləndirilmədikcə və ya dəyərləndirilə bilmədikcə, onların yaradılmasının ağır zəhmətinə qatlaşanlar da azalır. Bax bu zaman dəyərsizlik kompleksi törənir: sənətdə dibsiz stixiya baş qaldırır. Ən ötəri hissləri cilvələndirən ucuz əsərlər kütlənin zövqünü yağmalayır. Zövq yağmalandıqca xoşhallanır. Xoşhallandıqca yüngülləşir. Başlayır öz-özündən yerində oynamağa, dingildəməyə. Özü də bu zaman kütlənin böyük əksəriyyəti “öz zövqü ilə” yox, onlara diktə olunan “zövq stereotipləri ilə” yaşayır, düşünür, hərəkət edir, geyinir, oxuyur, oynayırlar. Şəxsiyyətə xas olan fərqlənmək, seçilmək özgürlüyü – ən azı qəribəlik, yadlıq sayılır. “Hamılaşmaq”, kütləvi zövq müstəvisində dayanmaq, antiklassisizm girdabında eşələnmək – “norma”ya çevrilir. Dəyərlər başayaqlaşdıqca, həyatda da, sənətdə də seçkinlik meyarlarına əhəmiyyət verilmir: daha çox göz qabağında olan daha yaxşıdır, daha çox qışqıran daha yaxşıdır, daha çox əllaməlik edən daha yaxşıdır... Reklam, qışqırıq və əllaməliyin artım dərəcəsində şöhrət , populyarlıq da artır...

Antiklassisizm daşıyıcılığı və bununla motivləşən zövq deqradasiyası cəmiyyətin bütün qatlarına sürətlə sirayət edir. Mədəniyyət dingillədikcə-dingilləşdikcə, o arsızlaşır, boşalır, sərməstləşir, öz boğanağında bütün qapı-pəncərələrini açır, əndamını püfləyərək özünü bütün yabançı təsirlərin yelinə verir. Bu dərin zövqsüzlük girdabında ən şit, bayağı nəsnələr hətta öyülür, onları ürüdənlər sənətkar sayılır, onların “tozanaq” məhsulu selləmə-selləmə kütləvi mədəniyyətin yayıcısı olan televiziya ekranları, sosial şəbəkələr və cürbəcür media platformalarından evlərə – şüur və psixologiyaya daşınır.

Aşınma

Milli mənəviyyatı və klassika duyarlığını aşındıran proseslər hər cür işğaldan daha təhlükəlidir. Çünki bir çox sanlı cəmiyyətlər, millətlər, mədəniyyətlər məhz mənəvi-əxlaqi deqradasiyadan sonra, seçkinliklərini şərtləndirən keyfiyyətləri itirdikdən sonra rahatca çökmüş, çökdürülmüşlər. Bax buna görə Azərbaycan cəmiyyətini mənəvi-estetik aşınmalara sürükləyən proseslər həm də ciddi siyasi məna daşıyır. Onların milli təhlükəsizliyimizin prinsipləri ilə bir araya sığmazlığı üzərində düşünmək lazım gəlir. Ayıq olmaq gərək.
Biz getdikcə elə şeyləri sevə bilərik, zövqümüzə, ruhumuza elə şeyləri yaxın buraxa, “doğmalaşdıra” bilərik ki, onlar bizim Vətən sevgimizlə, milli mədəniyyətimiz və mənəviyyatımızla, doğma nəsnələrimizlə, onları dəyərləndirmə meyarları ilə birbaşa ziddiyyət təşkil edir, bizi içəridən dağıdır, hərcayı edir, qeyrət damarlarını öldürür. (Bu gün Azərbaycan mədəniyyətindəki bir çox sərsəm meyllər, açığını deyək, elə buna doğru aparır). Elə müqəddəslikləri sevməyə bilərik ki, onlar bizim milli mənəviyyatımızın təməlini təşkil edir. Biz dünyaya süni şəkildə açıldıqca, özümüzə, dünya klassikasına qapanırıq. Biz yamsıladıqca, yamaqlarımız artır. Yamaqlarımız yırtıqlarımızı örtmür. Yırtıqlarımızdan bütün çatışmazlıqlarımız aydınca görükür.

Biz ali, aydan arı, sudan duru zövqümüzü, klassikanı dəyərləndirmə qabiliyyətimizi itirdikcə, Vətən torpağının dadını, onun üzərində cücərib böyüyərək qollu-budaqlı palıda çevrilmiş mədəniyyətimizin ləzzətini itiririk. Mədəniyyət – varlıqdır, var olmaq deməkdir. Varlığını sevməyən – sevilməz, tanımayan – tanınmaz, dərk etməyən – dərk olunmaz. Yalnız özünü dərk edərək, bir-birini dərk edən mədəniyyətlərin yeniləşmə-yüksəlmə imkanları var.

Klassika – mehrabdır

Klassika – doyulmaz bir qaynaq, dönə-dönə üz tutulan bir mehrabdır. Klassika ilə daimi, vaxtaşırı ünsiyyətdə olan insanlardan bu xoş etirafı həmişə eşitmək olur ki, hətta əzbər bildiyin klassik əsərlərdə hər dəfə də əvvəllər nəzərdən qaçırdığın yeni bir mənanı, çaları ilk dəfə rastlaşırmış kimi tapır, “kəşf edirsən”. Bu, insanların bəsirətsizliyindən, diqqətsizliyindən deyil, klassikanın tükənməzliyindən, nəhayətsizliyindəndir.

Klassikaya vardıqca, o öz dərinliyinə çəkilir, dərinliyinə çəkildikcə də səni öz ardınca çəkir... Bu dərinliyin füsunkarlığı, gözəlliyi, nəcibliyi klassika ilə doğma təmasda olanların daxili mədəniyyətində, hətta üz cizgilərində, hərəkətlərində belə bəllənir. Klassika insanı dünyanın dərin mənaları, idealları ilə təkcə bağlamır, həm də onların necə gerçəkləşdirilməsi üzərində düşünməyə sövq edir. Bu mənada klassika müasir bəşəriyyətə təkcə ideya vermir, həm də düzgün məramlı inkişaf istiqamətlərinə doğru fəaliyyət kodlarını açır. Təbii ki, bu zərurətin intuitiv duyuluşu çağdaş dünyamızda psevdomodernləşmənin havalı axınlarına rəğmən, klassikaya marağın daha da artmasına səbəb olur. Bu gün klassikaya müasir belletrist əsərlər qədər, bəzən onlardan da çox müraciət edilir.

Antiklassisizm aktlarında bir zərərli meyl də klassikanı bu və ya digər formada zədələməkdir. Bazar mədəniyyəti klassik mədəniyyəti də öz cənginə alır və öz haram məqsədləri üçün təhrif edir. Psevdomədəniyyət yayıcıları klassikanın müqəddəs məkanına da soxulur, buraya öz viruslarını göndərirlər. Onlar klassik mətnləri “rekonstruksiya” edir, mədəniyyətin təbii orqanizminin üzvi hissələrinin yerinə protez komponentlər geydirməyin sərsəm cəhdlərində bulunur, hətta mədəniyyətin ən dərin özəyini təşkil edən folklor klassikasını eyməndirici şəkildə “aranjirovka” etməkdən çəkinmirlər. Çünki onlar mədəniyyətin bu nüvəsini dağıtmaqla açdıqları bazarda daha gen-bol alver etmək niyyətindədirlər.

Buna görə də klassika ilə təmasın bütün mənalarda mehrab müqəddəsliyi qorunmalıdır. Klassik mədəniyyətlə davranmağın (xüsusilə sənətçilər üçün) əxlaqi və hüquqi məsuliyyəti müəyyənləşdirilməlidir.

Dünya klassikasının dilimizə sistemli çevrilməsi zərurəti

Hər hansı milli mədəniyyətin inkişafının ən mühüm şərtlərindən biri dünya klassikası ilə (elm və incəsənətin bütün sahələri üzrə) zəruri ünsiyyətin qurulması, örnəklərinin onun dilinə yüksək keyfiyyətdə tərcümə olunması, ən müxtəlif formalarda mədəniyyət düşüncəsinin informasiya bankına daxil olmasıdır. Biz kitab-jurnal, audio-video məhsulları satılan yerlərə (kitab mağazaları paytaxt Bakıda barmaqla sayılacaq qədər az, bölgələrdə isə yox dərəcəsindədir!) baxdıqda, acınacaqlı bir vəziyyətin şahidi oluruq: Azərbaycan dilində olan kitablar rus dilində olan kitabların heç onda biri qədərində deyil, öz dilimizdə dünya klassikasının tərcüməsi isə bu kitabların yüzdə biri qədər deyil. Küçələrdə bolluca obıvatel-istehlakçı zövqünə bab dərgilər satılır. Audio-video məhsulları içərisində klassik musiqi, kino əsərlərinin payı da olduqca azdır. Klassik mədəniyyətin kütləvi mədəniyyətin içərisində itib batmaması üçün doğrudan da məqsədyönlü istiqamətdə işlərin görülməsi qaçılmazdır. Buna görə də Azərbaycanda tərcümə mədəniyyətinin problemlərinə diqqət artırılmalı, dünya dillərindəki klassik ədəbiyyatın rus və türk dilinə çevrilmiş variantından tərcüməsinə son qoyulmalı, xarici dil bilən yaradıcı insanların, professional tərcüməçilərin fəaliyyəti bu istiqamətdə stimullaşdırılmalı, onların əməyi qədərincə dəyərləndirilməlidir. Bu işin yaxın perspektivində elmi-tədqiqat institutlarının tərcümə sənəti ilə məşğul ola bilən mütəxəssislərinin, universitetlərin müvafiq humanitar fakültələrinin müəllim və tələbələrinin ixtisaslaşdırılması, daha geniş miqyasda tərcümə mərkəzlərinin təşkili və sistemli fəaliyyəti, dövlət əhəmiyyətli tərcümə siyasətinin həyata keçirilməsi labüddür.

Klassika və yaradıcılıq əxlaqı

Klassikanın bir özgürlüyü də odur ki, o, sadəcə olaraq, pis və ya ala-babat yazmağa qoymur. Klassik mədəniyyətin nümunələrinə bələd olan yaradıcı insan sanki öz üzərində klassiklərin “zəhmini”, nəzərini, tərəzisini həmişə hiss edir. – Bu, buxov deyil, darılma deyil, əksinə, dünyadərki üçün ən effektli situasiyanı sahmanlayan psixoloji məsuliyyət, yaradıcılıq əxlaqıdır.

Klassika Dərviş tək...

Klassika – hansı çağda yaranırsa-yaransın, özündən sonrakı bütün çağlara açıqdır: özünü mütləqləşdirib-bütləşdirməyən klassika daim öz sərhədlərini dağıda-dağıda, hətta bir-birinə zidd epoxaların qınını çatlada-çatlada, toxumlarını bir-birinə ötürə-ötürə, uşağından böyüyünədək, loyalından skeptikinədək hamı ilə açıq polemikaya girir: özünə haqq qazandırmaq üçün yox, sənətdə əyar-estetikanın polifoniyasını təsdiq etmək üçün.

Dünya mədəniyyətinin bütövlüyü ideyası, öncə toxunduğumuz kimi, məhz klassika zəncirinin həlqələri ilə möhkəmlənir. Bütün zamanların bitməz polemika qaynağı tək Klassika ümumbəşəri dəyərləri ovxarlayıb-kristallaşdıran, onları yerüzü mədəniyyətlərinin bütün künc-bucağınadək səpələyən, hətta lokal, qapalı mədəniyyətləri insanlığın yaradıcı meydanına çəkən Dərviş olur!

Klassikanın mübarizəsi

Dünyanın yaradıcı ruhu – mədəniyyətdə, mədəniyyətin yaradıcı ruhu – klassikada zirvəyə çatır.

Formal axtarışları ilə küy yaradan psevdomodernist cərəyanlar – texnosivilizasiyanın, mahiyyət axtarışları ilə dərinlik və zənginlik yaradan keçmişin və bu günün klassikası – mədəniyyətin taleyi və yoludur.

Dünya mədəniyyətinin diri qalmasının yeganə çarəsi və inkişafının yeganə stimulu – onun özəyini təşkil edən, ruhunu yaşadan klassikadır. Klassika bu gün də mədəniyyəti zibilləməyə qarşı çağdaş sənətkarlarla çiyin-çiyinə, bəlkə onlardan daha artıq, daha qətiyyətli mübarizə aparır. Onun arsenalı böyük, müqaviməti yarılmazdır.

Klassika bütün parametrlər üzrə (hətta əsərlərin satışı və qiymətinə görə) çağdaş sənətkarları üstələyir. Dünya mədəniyyəti qalasının qorunmasında və bu poliqondan kosmosivilizasiyaya yüksəlişin arxi-memarları arasında ön cinahda dayananlar – klassikanın yaradıcılarıdır.

Yalnız Yenini yarada bilmək qüdrəti ilə klassika – Homo Sapiensin təkamülünü İnsanın inkişafına çevirə bilir!

İnsanlar niyə konspiroloji nəzəriyyələrə inanırlar? - Araşdırma Ən kədərli sevinc - Mahir Qarayev “Qətl günü”ndə kim öldürüldü? – Hüseyn Cavid, yoxsa Səməd Vurğun?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью