“Necə oynamaq istədiyimizlə bağlı ideyam var, ancaq bu hələ yekun variant deyil”

07.06.2025

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Real” mayın 25-də 43 yaşlı Xabi Alonsonun baş məşqçi təyin olduğunu rəsmi şəkildə açıqladı. Artıq növbəti gün ispaniyalı mütəxəssis yeni vəzifədə ilk mətbuat konfransını keçirdi.

"Football-plus.az" xəbər verir ki, açılış nitqində Madrid klubunu özünün evi adlandırdı:

“Şübhəsiz, mənim üçün xüsusi gündü. Bu günü təqvimimdə qeyd edəcək, ömür boyunca unutmayacam. Burda olduğuma görə xoşbəxtəm, bu yeri özümə ev sayıram. “Real”la əlaqələr heç vaxt kəsilməyib. Saatyarım əvvəl Valdebebasa (məşq mərkəzi – red.) daxil olanda bu hisslər məndə yenidən oyandı”.

Alonso “Real”ın böyük dəyişikliklər astanasında olduğunu da dedi:

“Hiss edirəm ki, bu, yeni eranın başlanğıcıdı. Klub prezidenti Florentino Peresə mənə inandığına görə təşəkkür edirəm. Onu da hiss edirəm ki, madridli azarkeşlər yeni eranın startına hazırdılar, bunu səbirsizliklə gözləyirlər. Daha böyük olacağımızı, bu klubun tarixini daha da möhtəşəm edəcəyimizi gözləyirlər. Həmişə məni müşayiət edən ailəm də sağ olsun”.

“Real”ın yeni çalışdırıcısı sələfinə - əfsanəvi Karlo Ançelottiyə təşəkkür etməyi də unutmayıb:

“Yeni mərhələ haqda söhbətə başlamamış yenicə başa çatan dönəm haqda da danışmaq istəyirəm. Karlo məşqçim olub, mənə təsir göstərib, gözəl insandı. Onun ustalığı olmasaydı, çox güman, mən də burda olmazdım. Onun irsini böyük şərəf və qürur hissi ilə qəbul edirəm. Etimadı doğruldacağıma və istənilən hədəfə çata biləcəyimə inanıram”.

Ənənəvi giriş sözlərinin ardından Alonso gələcək planlarını da bölüşüb:

“Klub və azarkeşlər ilə birgə olduğumu hiss etdiyim mərhələ başlayır. Əla komandamız, fantastik oyunçularımız və böyük potensialımız var. Bütün bunlar mənə çoxlu enerji və entuziazm verir. “Real”a layiq olan vacib nəticələr əldə edə biləcəyimizə əminik. Azarkeşlərin qürur duymasını, emosiyalarımızı, sevincimizi onlara ötürmək istəyirik. Qoy adamlar stadiona məmnunluq duymaq üçün gəlsinlər. Buna nail olmağı bacarsaq, inanılmaz güc əldə edəcəyik. Qeyri-adi nəticələr yarada bilərik”.

Mətbuat konfransının gedişində Alonsodan “tranfer pəncərəsi”ndə yeni oyunçular gözləyib-gözləmədiyini də soruşublar. Baş məşqçi açıq danışıb:

“Həmişə yaxşı olmağa çalışmalıyıq. Klubla necə güclənməyin yolları ilə bağlı danışıq. Hər şeyi həll edəcəyik”.

İspaniyalı mütəxəssisin fikrincə, indiki heyətlə də uğur qazanmaq olar:

“Artıq təhlil etmişəm. Lazımi oyunçularımız var, nəticə göstərməliyik. Söhbət transferlərdən getmir, mənim işim bu deyil, komandanı daha da yaxşılaşdırmaqdı”.

Transferlərlə bağlı daha bir sualın ardından Alonso sərt danışıb:

“Futbolda belə olmur! Yeddi oyunçu alıb, heç nəyə nail olmamaq da var, iki-üç oyunçu ilə kifayətlənib hər şeyi qazanmaq da. İşin keyfiyyəti önəmlidi. Mən bura məşqçi kimi çalışmağa gəlmişəm”.

Təbii ki, yeni baş məşqçiyə ayrı-ayrı futbolçular haqda da sual verilib. Əsasən də Vinisiusla Kilian Mbappe haqda. Onun fikrincə, hər birinin işləri qaydasındadı:

“Onlar problem ola bilməz. Hər biri fərq yaradan oyunçudu. Bu futbolçular “Real”da olduğuna görə biz xoşbəxtik. Vəzifəm onlara ən yaxşı keyfiyyətlərini göstərməkdə yardım etməkdi”.

Alonso Rodriqo haqda qısa danışıb:

“O, “Real”ın oyunçusudu. Möhtəşəmdi, bizə köməyi dəyəcək”. Baş məşqçi Cud Bellingemin də perspektivini dəyərləndirib: “Cudu yarımmüdafiə xəttində görürəm. İstedadlı futbolçudu, hər yerdə oynaya bilər. Bizim üçün əsas futbolçulardan biri olacaq”.

Xabi mövsümün sonunda “Real”ı tərk edəcək Luka Modriçin personası üzərində də xüsusi dayanıb:

“Bir futbolçu kimi ona qeyri-adi simpatiyam var. Luka komanda yoldaşım olub, əfsanədi. Onu klublarası dünya çempionatında çalışdıracağım günü səbirsizliklə gözləyirəm”.

Alonsonun “Real”da tətbiq edəcəyi taktika ilə bağlı da suallar olub. Baş məşqçi inadla belə suallardan qaçmağa çalışıb:

“Yığcam və dinamik olmalıyıq. Necə oynamaq istədiyimizlə bağlı ideyam var, ancaq bu hələ yekun variant deyil. Hər şey dəyişə bilər”.

Alonso hücumçuların sayı ilə bağlı sualı da cavablayıb:

“Neçə hücumçu olacaq? Bəlkə də iki, bəlkə də üç, bəlkə də beş. Futbol dinamik oyundu, hər şey daim dəyişir. Fərqli oynamağı bacaran möhtəşəm ifaçılarımız var. Qalan məsələləri mənim öhdəmə buraxın”.

Xabi taktika ilə bağlı danışmağa qətiyyən meyilli olmasa da, hər halda. bəzi detalları açıb:

“Mənim ideyam topla və ya topsuz oyunun axarına nəzarət etməkdən ibarətdi. Oyun üslubları fərqli ola bilər. Eləcə də oyun planı dəyişə bilər, ancaq həmişə daha fəal olmalıyıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью