Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Mərhum jurnalist Nəcəf Nəcəfovun Bakının “Dağüstü 2 qəbiristanlığı”ndakı məzarından oğurlanan barelyefinin bərpa olunacağı tarix açıqlanıb.
Bu barədə Bakıvaxtı.az-a onun ailəsindən məlumat verilib.
Qeyd olunub ki, hazırda barelyefin bərpa olunması üzrə işlər aparılır. İşlərin gələn ayın sonuna kimi tamamlanması gözlənilir.
Xatırladaq ki, bir müddət öncə Nəcəf Nəcəfovun məzarından bürünc barelyef oğurlanmışdı. Məzarın başdaşına quraşdırılmış barelyef Nəcəf Nəcəfovun vaxtilə rəhbərlik etdiyi "Azərbaycan gəncləri" və "Azadlıq" qəzetlərinin iki səhifəsini əks etdirib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ülvi Kazımov saxlanılıb. Araşdırmalar zamanı oğurlanmış barelyefin satıldığı yer də müəyyən edilib. Barelyef maddi sübut kimi götürülüb. Baxış zamanı onun hissələrə doğrandığı müəyyən olunub. Faktla bağlı cinayət işi başlanıb.
Məlumat üçün bildirək ki, Nəcəf Nəcəfov 80-90-cı illərdə “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin redaktoru, milli azadlıq hərəkatının liderlərindən biri olub. Əbülfəz Elçibəy hökumətində Prezidentin müşaviri postunu tutub. 1999-cu ildə vəfat edib. Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncamla Azərbaycanın müstəqil jurnalistikasının formalaşmasındakı böyük xidmətlərinə görə Nəcəf Nəcəfov ölümündən sonra “Şöhrət” ordeni ilə təltif edib.
Günəş Mərd