Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xətai rayonunda yerləşən, ötən əsrin əvvəllərində inşa olunan yaşayış binasında sakinlər təhlükəli şəraitdə yaşadıqlarını bildirirlər.
Məmmədova Sevil Əliş qızı KONKRET.az-a müraciət edərək yaşadıqları binanın artıq istismar üçün yararsız vəziyyətə düşdüyünü qeyd edib.
Onun sözlərinə görə, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 25 ünvanında yerləşən bina 1900-cü ildə tikilib və hazırda burada 18 ailə məskunlaşıb:
“Ərazidə vəziyyət olduqca acınacaqlıdır. Həyətdə kanalizasiya sistemi tez-tez dolub-daşır. Təxminən iki həftədən bir aidiyyəti qurumlara zəng edirik, gəlib təmizləyirlər. Amma problem köklüdür, kanalizasiya çöküb. Onu bərpa etmək üçün evlərə qalxan pilləkənlərin sökülməsi lazımdır ki, bu da mümkünsüzdür”.
Vətəndaş bildirir ki, evlərin ümumi vəziyyəti də təhlükə mənbəyinə çevrilib. Dam örtükləri köhnəlib, yağış zamanı su birbaşa elektrik xətlərinin üzərinə axır:
“Sonuncu dəfə yağan yağış zamanı su lampaların içinə dolmuşdu, işıqlar sönmüşdü. İstənilən an yanğın baş verə bilər. Evlərin üstü sanki hörümçək toruna bənzəyir, yüzlərlə elektrik naqili bir-birinə dolaşıb. Yanğın olsa, heç kim sağ çıxmayacaq”.
Şikayətçi əlavə edib ki, birinci mərtəbədə yaşayan sakinlər soyuq və rütubətdən əziyyət çəkir:
“Bir müəllimə qonşumuz var, deyir ki, uşağın yatacağını yorğanlarla bağlayıram ki, altdan soyuq vurmasın. Digər sakinin evi tamamilə uçmuşdu, FHN gəlib onu müvəqqəti köçürdü. Birinin də tavanı çöküb, artıq orada yaşamırlar”.
Həyətdə uşaqların kanalizasiya sularının ətrafında oynadığını deyən sakin vəziyyətin həm sağlamlıq, həm də təhlükəsizlik baxımından ciddi risk yaratdığını vurğulayıb.
“50-ci illərin tikililəri olan 5 mərtəbəli binalar sökülür, yeniləri tikilir. Amma bizim köhnə və təhlükəli binamız diqqətdən kənarda qalıb. Bir ağac da evin üstünə aşmaq üzrə idi, min bir əziyyətlə budağını kəsdirdim. Vəziyyətimiz belədir”.
Sakinlər aidiyyəti qurumlardan problemlə bağlı ciddi tədbir görülməsini, binanın ya əsaslı təmir olunmasını, ya da təhlükəsiz yaşayış sahəsi ilə təmin edilmələrini istəyirlər.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan ünvan qəzalı binaların siyahısına daxil edilib və yaxın zamanda bina sakinləri ilə görüş keçirilərək ətraflı məlumat veriləcək.
Müşviq Tofiqoğlu
KONKRET.az