Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Görkəmli yazıçı-dramaturq, publisist və tərcüməçi Hüseynbala Mirələmovun yaradıcılığında Qarabağ mövzusu başlıca yer tutur. İstedadlı nasirin Qarabağ müharibəsinə, doğma torpaqlarımızdan köçkün düşmüş soydaşlarımızın acı taleyinə, Vətən sevgisinə, yurd həsrətinə həsr etdiyi bir neçə əsəri son illərdə səhnələşdirilərək teatrsevərlərə təqdim olunub.
Yazıçının 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmiz, tarixi zəfərimiz haqqında qələmə aldığı “Nəfəsim Vətən” adlı pyesi isə bugünlərdə Lənkəran Dövlət Dram Teatrında səhnəyə qoyulub. Böyük Zəfərimizin memarı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ithaf olunan dram əsərinin isə bugünlərdə Lənkəran səhnəsində premyerası keçirilib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı isə Fuad Hüseynovdur.
Əsərdə Birinci Qarabağ müharibəsi zamanı erməni işğalı nəticəsində doğma yurd-yuvasından didərgin düşən, uzun illər məcburi köçkün həyatı yaşayan insanların məşəqqətli taleyi yaddaqalan epizodlarla əks olunub. Əsərin aparıcı mövzusu isə 1990-cı illərin əvvəllərində dünyaya gəlmiş oğulların 2020-ci ilin payızında torpaqlarımızı düşmən tapdağından azad etmələridir.
Əlbəttə, qələbə asan əldə olunmayıb. Əsərdə qeyd olunduğu kimi, soydaşlarımız 30 ilə yaxın torpaq həsrəti, qələbə sorağı ilə yaşayıblar. Xocalı faciəsində ayaqlarını şaxta vurmuş, düşmənə əsir düşmüş Tükəz xalanın obrazında müharibənin vurduğu ağır yaralar qəlbləri bu gün də göynədir, dünyanı sülhə, əmin-amanlığa səsləyir.
Tükəz xala əsirlikdə olanda namərd, qaniçən düşmən onun gözü qarşısında 13 yaşlı Vətən adlı oğlunu bir alçaq erməninin qəbri üstündə qurban kəsir. Sonuncu dəfə “Ana!” deyib qışqıran övladının səsini eşidən ananın nitqi quruyub, dili tutulub. O gün gözləri qarşısında təkcə oğlunu deyil, sanki dünyanı doğrayıblar. Tükəz xala 30 il danışa bilməyib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi xəbərini eşidəndə sevindiyindən ananın dili açılıb.
Teatrın istedadlı, aparıcı aktyoru Ayşən Əsədova ağır dərdli, övlad həsrətli ananın obrazını çox mükəmməl, peşəkarlıqla oynadı. Ananın monoloqunda deyildiyi kimi: “O qanlı gecəni, o zülmət gecəni xatırlayıram, bala. Bizi əsir saxladıqları o dəhşətli günləri xatırlayıram. Sənin o məsum gözlərini, titrəyən əllərini xatırlayıram. O qaniçənlər gəlib səni zorla əlimdən alanda dünya başıma uçdu. Həmin vaxt yenə özünü yox, məni düşünürdün. Anama dəyməyin, - deyə qışqırırdın... Gözümün qarşısında səni qurban kəsdilər, Vətənim! Sən al-qana boyananda dilindən bircə söz qopdu: Ana!”
Tamaşada gərgin, dramatik səhnələr bir-birini əvəz edir. Xalq artisti Qabil Quliyev (ağsaqqal), aparıcı aktyorlardan Şəbnəm Hüseynova (Sona ana), Təranə Fərəcova (Reyhanə xala), Məleykə Cəfərova (Humay), Elçin Hacıyev (Toğrul), Cəfər Səlimov (Araz) öz rollarını yüksək peşəkarlıqla təqdim etdilər.
Ağsaqqal rolunun ifaçısı, Xalq artisti, ustad sənətkar Qabil Quliyevin qələbə, zəfər xəbəri sürəkli alqışlarla qarşılandı: “Azərbaycan əsgərinin polad iradəsi və Ali Baş Komandanın sarsılmaz qətiyyəti illərdir qaysaq bağlamayan yaramıza məlhəm oldu. Bu, sadəcə, ərazi bütövlüyünün bərpası deyil, bu, haqqın nahaq üzərindəki mütləq qələbəsidir.
“Dəmir yumruq” təkcə düşmənin başını əzmədi, həm də Azərbaycan xalqının əyilməz ruhunu bütün bəşəriyyətə nümayiş etdirdi. Ali Baş Komandanın sarsılmaz iradəsi, Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində tarixin səhifəsinə qızıl hərflərlə həkk olunmuş bu zəfər bizim əbədi andımız, gələcək nəsillərin sarsılmaz qürur mənbəyi və Azərbaycanın şanlı tarixinin ən parlaq səhifəsidir.
Qeyd edək ki, tarixi Zəfərdən sonra Qarabağda, Şərqi Zəngəzurda aparılan irimiqyaslı tikinti, bərpa, quruculuq işləri, insanların doğma torpaqlarına, ata-baba ocaqlarına qayıdışları, sevinc dolu arzu və istəkləri tamaşada bədii şəkildə təqdim edildi. “Nəfəsim Vətən” xalqımızın keçdiyi çətin və şərəfli yolu, Zəfər tariximizi və doğma torpaqlara qayıdışın müqəddəs duyğularını tamaşaçılara yüksək səviyyədə çatdıra bildi.
Tamaşadan sonra teatrın direktoru Laləzar Hüseynova XQ-yə müsahibəsində dedi:
– Bu zəfər bizim qürur mənbəyimizdir. Biz Ali Baş Komandanımıza, dastan yazan ordumuza, şəhidlərimizə borcluyuq. Görkəmli yazıçı-dramaturq Hüseynbala Mirələmovun artıq 4-cü əsərini tamaşaçılara təqdim edirik. Nə yaxşı ki, belə əsərlər var. Aktyorlarımız işin öhdəsindən yaxşı gəldilər, tamaşa çox uğurlu alındı, tamaşaçılar zövq aldılar. Artıq Lerik və Biləsuvar rayonlarından tamaşa ilə bağlı sifarişlər almışıq. Müəllifə kollektivimiz adından dərin təşəkkür edirəm. Hüseynbala müəllimlə əməkdaşlığımız bundan sonra da davam edəcək.
Teatrın aparıcı aktrisası, Tükəz xala rolunun aparıcısı Ayşən Əsədova həyəcanını gizlədə bilmədi:
– Tükəz xala çox məsuliyyətli bir rol idi. Faciəli şəkildə övladı qətlə yetirilən bir ananın obrazını canlandırmaq olduqca çətin idi. İstər məşq zamanı, istərsə də tamaşa boyu bu rolu oynamağımla qürur duydum. Müəllifə belə dəyərli, təsirli əsər yazdığına görə minnətdarlıq edirəm. İnanıram ki, bu tamaşa uzun müddət teatrımızın səhnəsindən düşməyəcək.
Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli həmkarının növbəti uğurundan sevinclə söz açdı:
– Bu gün Lənkəranın mədəni həyatında yaddaqalan gündür. Tamaşaya baxdıqca müəllifin ustalığına, rejissorun bacarığına, aktyor heyətinin peşəkarlığına heyran qaldım. Müəllifin fikirləri, əsərin ruhu çox gözəl şəkildə tamaşaçılara çatdırıldı. Əsər, sözün əsl mənasında, teatrsevərlərin böyük sevgisini, məhəbbətini qazandı. İnanıram ki, hörmətli Hüseynbala müəllim bundan sonra da müharibə mövzusunda ədəbiyyatımıza, dramaturgiyamıza yeni, sanballı əsərlər təqdim edəcək.
Əsərin müəllifi, ustad yazıçı-dramaturq Hüseynbala Mirələmov teatrın kollektivinə, tamaşaçılara minnətdarlığını ifadə edərək dedi:
– Lənkəran teatrının çox işgüzar, peşəkar kollektivi var. Tamaşa çox yüksək səviyyədə hazırlanıb. Mən teatrın texniki işçilərindən tutmuş rəhbərliyinə, bütövlükdə, yaradıcı heyətinə təşəkkür edirəm. Hər bir şəhidin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm. Şanlı qələbəmizin, fövqəladə zəfərimizin müəllifi, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, qalib ordumuza minnətdaram.
Biz yazıçıların borcu çağdaş tariximizə qızıl hərflərlə yazılmış möhtəşəm Zəfərimizi qələmə alıb gələcək nəsillərə çatdırmaqdır. Təəssüf ki, bu sahədə əsərlərimiz çox azdır. Bu qalibiyyəti, şanlı Zəfəri unutmaq olmaz. Qoy gələcək nəsillər Azərbaycan tarixini araşdırarkən görsünlər ki, XXI əsrdə xalqımız belə bir möhtəşəm qələbə, zəfər qazanıb.
Ə.HƏSƏNOV,
XQ-nin bölgə müxbiri