Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-da yaxınlaşan qasırğa səbəbindən hasilatın azaldılması ilə bağlı narahatlıq fonunda çərşənbə günü neft qiymətləri artıb.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 0,9% artaraq 101,49 dollar/barelə yüksəlib.
Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarət sessiyasında WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti isə 0,77% bahalaşaraq 90,13 dollar/barelə çatıb.
Amerikalı meteoroloqlar Meksika körfəzində yaranan fırtınanın yaxın iki gün ərzində qasırğaya çevriləcəyini proqnozlaşdırırlar. Bu, 2026-cı ilin Atlantik okeanında ilk qasırğası ola bilər.
Fırtınanın təsir göstərə biləcəyi Meksika körfəzi sahillərində ABŞ-ın neft hasilatının təxminən 15%-i, təbii qaz hasilatının isə 5%-i cəmləşib. Buna görə də investorlar mümkün hasilat və emal fasilələrinin bazarda təklifə təsir göstərə biləcəyindən narahatdırlar.
KCM Trade şirkətinin baş analitiki Tim Uoter bildirib ki, fırtına onsuz da təchizat risklərinin yüksək olduğu bir vaxtda neft bazarı üçün əlavə risk yaradır.
Bazar iştirakçılarının diqqətində ABŞ Enerji İnformasiya Administrasiyasının həftəlik enerji ehtiyatları hesabatı da olacaq.
Amerika Neft İnstitutunun (API) ilkin hesablamalarına görə, oktyabrın 2-də başa çatan həftə ərzində ABŞ-da xam neft ehtiyatları 2,09 milyon barel azalıb.
Bununla yanaşı, investorlar Yaxın Şərqdəki vəziyyəti və xüsusilə Husilərin Səudiyyə Ərəbistanındakı neft obyektlərinə qarşı hücumlarını da izləyirlər. Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələrinin Yəmənin mərkəzi bölgələrindən atılan iki ballistik raketi məhv etdiyi bildirilib.