Neft bazarında qiymət artımı ölkəmizə nə qazandırır?

20.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Hörmüz boğazında vəziyyətin kəskinləşməsi qlobal enerji bazarında yeni qiymət dalğası yaradıb. Dünya bazarlarında neftin bahalaşması davam edir. “Brent” markalı neftin qiyməti 91 dollar həddini keçib, Azərbaycanın əsas ixrac məhsullarından olan “Azeri Light” isə 94 dollar 58 sentə yüksəlib.

Bu mənzərə Azərbaycan üçün xüsusi maraq doğurur. Çünki neftin qiymətində hər bir ciddi dəyişiklik ölkənin ixrac gəlirlərinə, valyuta daxilolmalarına və bütövlükdə, iqtisadi göstəricilərinə təsir göstərən amillərdən biridir.

Bəs Hörmüz boğazında yaşanan gərginlik Azərbaycanın neft sektoruna hansı imkanları və riskləri gətirir? Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, Hörmüz boğazı qlobal enerji sisteminin mühüm arteriyalarından biridir. İran və Oman arasında yerləşən bu su yolu Fars körfəzini Oman körfəzi və Ərəbistan dənizi ilə birləşdirir. Dünyada hasil olunan neftin əhəmiyyətli hissəsinin daşınması bu marşrutdan asılıdır. Ötən ilin ilk yarısında boğazdan gün ərzində orta hesabla 20,9 milyon barel neft və neft məhsulu daşınıb. Bu həcm dünya üzrə gündəlik neft istehlakının, təxminən, beşdə birinə uyğun gəlir.

Hazırda isə bölgədəki gərginlik tanker daşımalarına ciddi təsir edir. Təhlükəsizlik risklərinin yüksəlməsi gəmi sahiblərini marşrutla bağlı daha ehtiyatlı davranmağa məcbur edir. Boğazdan keçən nəqliyyatın azalması isə bazarda təklifin zəifləyəcəyi barədə narahatlığı artırır. Enerji bazarında belə bir gözlənti yarandıqda qiymətlərin yuxarı istiqamətdə hərəkət etməsi təbii haldır.

Azərbaycanın üstün tərəfi ondan ibarətdir ki, ölkəmizin əsas neft ixrac marşrutları Hörmüz boğazından keçmir. Azərbaycan neftini beynəlxalq bazarlara əsasən boru kəmərləri vasitəsilə çıxarır. Burada əsas rol Bakı–Tbilisi–Ceyhan neft kəmərinə məxsusdur. BTC Azərbaycan neftini Gürcüstan və Türkiyə ərazisindən keçirməklə Aralıq dənizində yerləşən Ceyhan terminalına çatdırır. Bakı–Supsa və Bakı–Novorossiysk istiqamətləri də ixrac marşrutlarının şaxələndirilməsinə xidmət edir.

Bu baxımdan Hörmüzdə yaranan gərginliyin Azərbaycan neftinin fiziki ixracını birbaşa dayandırmaq təhlükəsi yoxdur. Əksinə, dünya bazarında təklifin azalması nəticəsində qiymətlər yüksəldikcə Azərbaycanın ixrac etdiyi hər barelin dəyəri artır. Məsələn, neftin qiymətinin 80 dollardan 95 dollara qalxması ixrac həcmi dəyişmədiyi halda, hər barel üzrə 15 dollar əlavə gəlir potensialı yaradır. Bu isə valyuta daxilolmalarının və neft gəlirlərinin artmasına şərait yarada bilər.

Burada yüksək neft qiymətlərinin Azərbaycan üçün başqa müsbət tərəfləri də var. Neft gəlirlərinin yüksəlməsi tədiyyə balansına, valyuta bazarına və dövlət maliyyəsinə əlavə dəstək verə bilər. Enerji ixracından əldə olunan gəlirlərin artması ölkənin valyuta ehtiyatlarının möhkəmlənməsinə və iqtisadi sabitliyin qorunmasına da müsbət təsir göstərə bilər. Eyni zamanda Azərbaycanın etibarlı enerji təchizatçısı kimi beynəlxalq əhəmiyyəti arta bilər.

Xüsusilə Asiya bazarlarında vəziyyət dəyişərsə, Azərbaycan üçün əlavə imkanlar yarana bilər. Hörmüz üzərindən daşınan neftin böyük hissəsi Asiya ölkələrinə istiqamətləndiyi üçün təchizat risklərinin artması həmin bazarları yeni və daha etibarlı mənbələr axtarmağa sövq edə bilər. Bu baxımdan Xəzər regionunun və Azərbaycan neftinin strateji əhəmiyyəti yüksələ bilər.

Lakin neft qiymətlərinin davamlı şəkildə artması hər zaman və bütün hallarda Azərbaycan üçün müsbət nəticə vermir. Enerji qiymətlərinin uzun müddət yüksək qalması dünya iqtisadiyyatında inflyasiya təzyiqini gücləndirə bilər. Yanacaq və enerji xərclərinin bahalaşması nəqliyyat, sənaye, kənd təsərrüfatı və logistika sahələrində maya dəyərinin yüksəlməsinə səbəb olur. Bu isə xarici bazarlarda tələbin zəifləməsi ilə nəticələnə bilər.

İqtisadçı-ekspert Asif İbrahimov XQ-yə bildirdi ki, hazırda “Brent” markalı neftin qiyməti daha çox tələb-təklif balansından deyil, təchizat təhlükəsizliyi risklərindən formalaşır. Onun sözlərinə görə, əsas məsələ neftin 90 dollara çatması deyil, qiymətin hansı müddətdə yüksək səviyyədə qalacağıdır: “Beynəlxalq dənizçilik hesabatlarına görə, Yaxın Şərqdə hərbi eskalasiya və müharibə başlamazdan əvvəl Hörmüz boğazından gündə orta hesabla 130–150 gəmi keçdiyi halda, avqustun 18-də bu göstərici cəmi 6 gəmi olub. Bu, bazara çox ciddi siqnal verir. Neft fiziki olaraq mövcud olsa belə, onun dünya bazarına çıxarılması çətinləşirsə, qiymət yüksəlir.

Hörmüz boğazı ilə yanaşı, Bab əl-Məndəb istiqamətində də risklərin qalması vəziyyəti daha da mürəkkəbləşdirir. Beləliklə, söhbət artıq bir marşrutun müvəqqəti pozulmasından deyil, qlobal enerji logistikasının iki mühüm boğazında eyni vaxtda risk yaranmasından gedir. Alternativ marşrutlar və bəzi istehsalçıların alternativ yükləmə imkanları müəyyən qədər tampon rolunu oynaya bilər. Lakin onların imkanları məhduddur. Hörmüz boğazından keçən neft axınının yalnız bir hissəsini alternativ boru kəmərləri vasitəsilə istiqamətləndirmək mümkündür”.

Azərbaycan üçün yüksək neft qiymətinin iki fərqli tərəfinin olduğunu qeyd edən A.İbrahimov deyib ki, neftin 90 dollar və daha yüksək səviyyədə qalması ixrac gəlirlərini, valyuta daxilolmalarını və dövlətin fiskal imkanlarını artırır: “Bu, büdcə gəlirləri və xarici ticarət balansı baxımından müsbət amildir. Azərbaycan neftdən əlavə gəlir əldə edərkən həmin gəlirin bir hissəsi dünya bazarında bahalaşan məhsulların idxalına sərf oluna bilər.

Azərbaycan üçün ən optimal ssenari neftin kəskin sıçrayış etməsi deyil, yüksək, lakin sabit qiymət mühitidir. Çünki 90–100 dollar diapazonunda sabit neft qiyməti büdcə və ixrac gəlirlərinin artmasına imkan verir. 120–150 dollar kimi kəskin qiymət sıçrayışı isə qlobal iqtisadiyyat üçün resessiya, inflyasiya və tələbin azalması risklərini artıra bilər. Azərbaycan kimi enerji ixracatçısı üçün neftin bahalaşması qısamüddətli üstünlükdür. Lakin əsas məsələ əlavə gəlirin iqtisadiyyatın diversifikasiyasına, qeyri-neft sektorunun inkişafına və uzunmüddətli maliyyə dayanıqlığına yönəldilməsidir”.

Ekspertin fikrincə, hazırkı mərhələdə Azərbaycanın əsas diqqəti neftin bahalaşmasından əldə edilən əlavə gəlirin necə istifadə olunmasına yönəlməlidir: “Əgər qiymət artımı yalnız cari xərclərin genişləndirilməsinə və idxalın artmasına xidmət edərsə, uzunmüddətli iqtisadi effekt məhdud olacaq. Əksinə, əlavə neft gəlirləri istehsal, logistika, kənd təsərrüfatı, enerji infrastrukturu və ixrac potensialının artırılmasına yönəldilərsə, bugünkü geosiyasi risk gələcək üçün iqtisadi üstünlüyə çevrilə bilər. Neftin qiymətinin 90 dollardan yuxarı qalxması Azərbaycan üçün həm fürsət, həm də xəbərdarlıqdır. Eyni zamanda, dünyada enerji böhranının dərinləşməsi ərzaqdan logistika və sənayeyə qədər bütün xərc zəncirini bahalaşdıra biləcəyi üçün xəbərdarlıqdır”.

Qlobal iqtisadi artımın yavaşlaması isə uzunmüddətli perspektivdə neft bazarına mənfi təsir göstərə bilər. İstehsal və ticarət zəiflədikcə enerji tələbatı da aşağı düşür. Belə olduqda bu gün neftin bahalaşmasından əldə edilən əlavə gəlir sabah qiymətlərin geriləməsi ilə kompensasiya oluna bilər.

Digər risk daşınma xərcləri ilə bağlıdır. Hörmüz boğazında təhlükəsizlik risklərinin artması tanker sığortalarının və yükdaşıma tariflərinin yüksəlməsinə səbəb ola bilər. Azərbaycan nefti bu boğazdan keçməsə də, qlobal tanker bazarındakı bahalaşma ölkəmizin ixrac logistikasına dolayı təsir göstərər.

Bütün bunlar göstərir ki, yüksək neft qiyməti Azərbaycan üçün ilk mərhələdə daha çox müsbət nəticə yarada bilər. Lakin qiymət artımının nə qədər davam edəcəyi və bu artımın dünya iqtisadiyyatına necə təsir edəcəyi əsas məsələ olaraq qalır. Qısa müddətli bahalaşma əlavə ixrac gəlirləri və valyuta daxilolmaları baxımından əlverişli olsa da, uzunmüddətli enerji şoku qlobal iqtisadi fəallığı zəiflədə və nəticədə neftə tələbi azaldar.

Beləliklə, Hörmüz boğazında gərginliyin artması Azərbaycan üçün bir tərəfdən neft gəlirlərinin yüksəlməsi, digər tərəfdən isə yeni enerji bazarlarında mövqelərin möhkəmlənməsi imkanları yaradır. Ancaq neftin qiymətinin daim yüksəlməsi iqtisadiyyat üçün uzunmüddətli üstünlük hesab edilə bilməz. Çünki neft gəlirləri artdıqca qlobal iqtisadi risklər də böyüyür. Bu baxımdan Azərbaycan üçün ən sağlam strategiya yüksək qiymət dövrünün yaratdığı imkanlardan səmərəli istifadə etməklə qeyri-neft sektorunun, ixracın və real iqtisadiyyatın şaxələndirilməsini sürətləndirməkdir.

Nurlan ABDALOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью