Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünya enerji bazarında bu gün diqqətçəkən mənzərə yaranıb: neftin qiyməti aşağı düşsə də, Yaxın Şərqdəki gərginlik və strateji dəniz marşrutlarında təhlükəsizlik riskləri qlobal təchizatla bağlı narahatlıqları aradan qaldırmayıb.
Associated Press agentliyinin yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Trampın Rusiyanın enerji sektoruna qarşı nəzərdə tutulan sanksiyaları müvəqqəti təxirə salması qərarından sonra neft qiymətləri 1 faizdən çox ucuzlaşıb. “Brent” markalı neftin bir bareli 107,86 dollara, ABŞ-ın WTI markalı nefti isə 97,43 dollara enib.
Bununla belə, qiymətlərin azalması enerji bazarında risklərin aradan qalxması demək deyil. Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqlar və Yaxın Şərqdə davam edən qarşıdurma neft tədarükünün sabitliyinə təsir göstərir. Bu boğaz dünya enerji daşımalarının mühüm hissəsinin keçdiyi strateji marşrutdur.
Eyni zamanda, Asiya fond bazarlarında texnologiya şirkətlərinin səhmləri üzrə dəyişkənlik davam edib. Cənubi Koreyanın “Kospi” indeksi 1,1 faiz yüksəlsə də, Yaponiyanın “Nikkei 225” indeksi 0,8 faiz geriləyib. İnvestorların diqqəti süni intellekt sahəsinə qoyulan böyük investisiyaların gəlirliliyi və ABŞ şirkətlərinin açıqlanacaq maliyyə nəticələrinə yönəlib.
Mövcud vəziyyət göstərir ki, enerji qiymətlərindəki qısamüddətli eniş qlobal iqtisadiyyat üçün qeyri-müəyyənliyi tam aradan qaldırmır. Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti, neft daşımalarının fasiləsizliyi və böyük iqtisadiyyatların qərarları dünya bazarlarının gələcək istiqamətinə təsir edən əsas amillər olaraq qalır.
N.Adilqızı
XQ