Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəzər dənizi əsrlər boyu həm sərvəti, həm də təhlükələri ilə insanların həyatında mühüm yer tutub. Onun sularında saysız-hesabsız hadisələr, gəmi qəzaları, fırtınalar və faciələr yaşanıb. Azərbaycan neft sənayesinin inkişafında xüsusi yeri olan Neft Daşları da bu tarixin ağır səhifələrindən birinə şahidlik edib. 1957-ci ilin noyabrında baş verən güclü qasırğa onlarla ailənin həyatını dəyişib, 21 neftçinin həyatına son qoyub.
Modern.az xatırladır ki, həmin faciə Neft Daşlarının tarixində ən ağır hadisələrdən biri kimi yadda qalıb. 1957-ci il noyabrın 20-dən 21-nə keçən gecə Xəzərdə küləyin sürəti saniyədə 44 metrə, dalğaların hündürlüyü isə 13 metrə çatıb. Dənizdəki güclü fırtına neftçıxarma qurğularına ciddi ziyan vurub.
Faciə “Palçıq Pilpiləsi” yatağında qazma işləri aparılan ərazidə baş verib. Güclü dalğaların təsiri ilə dəniz özülü dağılıb, onun üzərində çalışan neftçilər Xəzərin sularına düşüblər. Onların batdığı yerdə səhərədək qışqırıq, köməyə çağırış səsləri eşidilsə də o dövrdəki texniki imkanlar şəraitində onlara kömək etmək mümkün olmamışdı. Hadisə nəticəsində Mixail Kaveroçkin və Süleyman Bağırovun rəhbərlik etdiyi iki qazma briqadasının 21 üzvü həlak olub.
Həlak olanlar arasında Neft Daşlarının ilk illərindən burada çalışan, yatağın mənimsənilməsində mühüm rol oynamış qazma ustası Mixail Pavloviç Kaveroçkin də olub. O, Neft Daşlarının ilk kəşfiyyat quyusunun qazılmasında iştirak edən mütəxəssislərdən idi.
1957-ci il hadisəsinin şahidlərindən olan, həmin vaxt Neft Daşlarında mədən müdirini əvəz edən Bəxtiyar Məmmədov sonralar xatirələrində faciə gecəsinin bəzi təfərrüatlarını bölüşüb. Onun sözlərinə görə, noyabrın 20-də axşam saat 21 radələrində “Gürgənneft” Neft Mədənləri Trestinin baş mühəndisi Bəhmən Hacıyev telefonla əlaqə saxlayaraq güclü külək barədə xəbərdarlıq edib və mədən ərazisində vəziyyətin yoxlanılmasını tapşırıb.
Həmin gecə hava şəraiti sürətlə pisləşib. Küləyin və dalğaların gücü dənizdəki qurğuların fəaliyyətini iflic edib. Dəniz özülünün dağılması və güclü dalğalanma xilasetmə işlərini son dərəcə çətinləşdirib.
Fırtına nəticəsində təkcə insan itkisi baş verməyib. Neft Daşlarının infrastrukturuna da ciddi ziyan dəyib. Bir sıra estakadalar, estakadayanı meydançalar və kommunikasiya xətləri dağılıb. Hadisədən sonra dəniz qurğularının təhlükəsizliyi, xüsusilə ekstremal hava şəraitinə davamlılığı məsələsi daha ciddi şəkildə nəzərdən keçirilməyə başlanıb.Faciənin qurbanlarının xatirəsi sonrakı illərdə də yaşadılıb. 1999-cu ildə Neft Daşlarının 50 illik yubileyi ərəfəsində həlak olan neftçilərin xatirəsinə abidə ucaldılıb. 2009-cu ildə isə ərazidə yeni memorial kompleks yaradılıb.
Neft Daşlarında hər il noyabrın 21-də 1957-ci il faciəsinin qurbanları yad edilir. Anım mərasimlərində dənizə 21 gül dəstəsi buraxılır. Bu ənənə qasırğalı gecədə həyatını itirən neftçilərin xatirəsinə ehtiramın ifadəsidir.
Xəzər bu gün də Azərbaycanın enerji tarixinin əsas şahidlərindən biridir. Neft Daşları isə onun qoynunda qurulan sənaye şəhərindən daha çox, bu sərvətin əldə olunması uğrunda çalışan insanların zəhmətini, fədakarlığını və bəzən ağır itkilərini xatırladır.