Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
“Əsas məqsəd neft gəlirlərinin yaratdığı imkanlardan imtina etmək deyil, əksinə, həmin imkanları yeni gəlir, yeni ixrac, yeni texnologiya və yeni vergi bazasına çevirməkdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, qarşıda duran əsas məqsəd ölkə üçün dayanıqlı iqtisadi resurslar yaratmaq, vətəndaşların rifahını təmin etməkdir.
Komitə sədri vurğulayıb ki, yeni iqtisadi mərhələ qeyri-neft sektorunun statistik göstəricilərinin artması ilə deyil, bütövlükdə iqtisadiyyatın strukturunun və keyfiyyətinin dəyişməsi ilə səciyyələnir. Onun sözlərinə görə, bu, milli iqtisadiyyatda kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid prosesidir.
A.Əmiraslanov qeyd edib ki, bu gün formalaşan yeni iqtisadiyyatın infrastrukturu əvvəlki illərdə yaradılıb. Vaxtilə neft gəlirləri hesabına inşa edilmiş magistral yollar, dəmir yolu xətləri, limanlar, enerji və kommunikasiya infrastrukturu, eləcə də logistika imkanları hazırda öz strateji əhəmiyyətini nümayiş etdirir.
Komitə sədri əlavə edib ki, yeni iqtisadiyyatın qurulması mərhələsində dövlətin iqtisadiyyatda rolu da keyfiyyətcə dəyişir. Bütün iqtisadi təşəbbüslərin yalnız büdcə hesabına maliyyələşdirilməsi əvəzinə özəl kapitalın səfərbər edilməsi, əlverişli investisiya mühitinin yaradılması və iqtisadi fəallığın stimullaşdırılması vacibdir.
Zeynəb Rzayeva