Neft hasilatı artırıldı: Asif İbrahimovdan diqqətçəkən geosiyasi analiz

07.08.2026

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

OPEC+ ölkələrinin sentyabr ayında gündəlik neft hasilatını 188 min barel artırmaq qərarı təşkilatın bazarda tələbatın zəifləməsinə baxmayaraq qiymət sabitliyini nəzarətdə saxlamağa çalışdığını göstərir. Rusiya və Səudiyyə Ərəbistanı üçün kvotaların eyni həcmdə artırılması bu iki ölkənin OPEC+ daxilində əsas qərarverici rolunu qoruduğunu və bazar balansının onların koordinasiyasından asılı qaldığını ortaya qoyur. Növbəti iclasın sentyabrın 6-na təyin edilməsi isə təşkilatın qlobal iqtisadi artım tempi, Çin tələbatı və geosiyasi risklər fonunda hasilat siyasətini çevik şəkildə yenidən nəzərdən keçirməyə hazır olduğunu göstərir.OPEC+ hasilatı artırmaqla qlobal bazarda payını qorumağa çalışır, yoxsa bu qərar əslində ABŞ-ın enerji siyasəti, Rusiya neftinə qarşı sanksiyalar və Yaxın Şərqdə artan geosiyasi risklər fonunda böyük enerji gücləri arasında yeni strateji balansın formalaşdırılmasına xidmət edir?

İqtisadçı Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, OPEC+ ölkələrinin sentyabr ayında gündəlik neft hasilatını artırmaq qərarına yalnız hasilatın artırılması kimi baxmaq düzgün deyil.

Onun sözlərinə görə, burada həm iqtisadi, həm də geosiyasi mesaj var. OPEC+ bir tərəfdən bazardakı payını qorumağa çalışır, digər tərəfdən isə neft bazarında qiymətin həddindən artıq aşağı düşməsinin qarşısını almaq üçün hasilatla qiymət arasında balans yaratmağa çalışır. Yəni təşkilatın əsas məqsədi sadəcə daha çox neft satmaq deyil. Əsas məqsəd həm bazar payını itirməmək, həm də qiymət üzərində müəyyən nəzarəti saxlamaqdır.

“Rusiya və Səudiyyə Ərəbistanının hasilat kvotalarının eyni həcmdə artırılması da təsadüfi deyil. Bu iki ölkə OPEC+ daxilində həm hasilat, həm də siyasi təsir baxımından əsas güc mərkəzləridir. Ona görə də onların koordinasiyası davam etdiyi müddətdə OPEC+ bazara ciddi təsir göstərmək imkanını qoruyur.

Amma burada bir məqamı da nəzərə almaq lazımdır: OPEC+ əvvəlki kimi yalnız qiyməti idarə edən kartel deyil. ABŞ-da neft hasilatının yüksək səviyyədə qalması, Rusiya neftinə tətbiq olunan sanksiyalar, Çinin iqtisadi artımındakı zəifləmə, alternativ enerji və elektrik nəqliyyatının genişlənməsi neft bazarını əvvəlkindən daha mürəkkəb vəziyyətə gətirib. Bu baxımdan hasilatın artırılması müəyyən mənada OPEC+-ın bazar payı uğrunda mübarizəsidir”, – deyə o bildirib.

İqtisadçı vurğulayıb ki, uzun müddət hasilatı məhdudlaşdırmaqla qiyməti yüksək saxlamaq mümkündür. Amma qiymət həddindən artıq yüksələndə bazarda alternativ təkliflər artır və istehlakçı ölkələr başqa enerji mənbələrinə keçidi sürətləndirirlər. Ona görə də OPEC+ üçün əsas məsələ yalnız “barelin qiyməti neçə dollar olacaq?” sualı deyil. Əsas məsələ gələcəkdə qlobal neft tələbatının hansı səviyyədə qalacağı və həmin tələbatdan hansı ölkələrin pay götürəcəyidir.

ABŞ-ın enerji siyasəti və Rusiyaya qarşı sanksiyalar da bu mənzərəni daha da mürəkkəbləşdirir. Rusiya üçün əsas məsələ bazarı tam itirməmək, Səudiyyə Ərəbistanı üçün isə həm bazar payını, həm də qiymət sabitliyini qorumaqdır. Yaxın Şərqdə geosiyasi risklərin artması isə neft bazarında əlavə risk primi yaradır.

“Buna görə mən OPEC+ qərarını böyük enerji gücləri arasında formalaşan yeni balansın tərkib hissəsi kimi qiymətləndirərdim. Amma Azərbaycan üçün bundan çıxan nəticə daha vacibdir. Çünki biz neft bazarında baş verən proseslərə yalnız ‘neftin qiyməti qalxacaq, yoxsa düşəcək?’ prizmasından baxmamalıyıq. Azərbaycan üçün əsas məsələ neft gəlirlərinin gələcəkdə nə qədər davamlı olmasıdır.

Bu gün neft gəlirlərinin azalması riskini yalnız qiymət müəyyən etmir. Hasilatın azalması, qlobal enerji keçidi, alternativ enerji mənbələrinin genişlənməsi, elektrik avtomobillərinin yayılması və böyük istehlakçı ölkələrin enerji siyasətində dəyişikliklər də uzunmüddətli risk yaradır. Yəni məsələ təkcə neftin qiymətinin 70, 80 və ya 90 dollar olması deyil. Əsas sual budur ki, 10 ildən sonra dünya iqtisadiyyatının neftə olan tələbi hansı səviyyədə olacaq”, – deyə o əlavə edib.

Asif İbrahimov bildirib ki, Azərbaycanın strateji valyuta ehtiyatları və dövlət büdcəsinin dayanıqlılığı baxımından da buna indidən hazırlaşmaq lazımdır.

“Mən hesab edirəm ki, ‘qeyri-neft sektorunu inkişaf etdirəcəyik’ kimi ümumi ifadələr artıq kifayət etmir. Biz konkret olaraq bilməliyik ki, növbəti 5–10 ildə neftin yerini hansı sahələr real şəkildə doldura bilər. Burada ilk növbədə xammal ixracından emal və yüksək əlavə dəyər yaradan istehsala keçmək lazımdır.

Azərbaycan kənd təsərrüfatı məhsullarını istehsal edib xammal kimi satmaqla böyük ixrac gəliri əldə edə bilməz. Aqro-emal, qida sənayesi, logistika, soyuducu anbar infrastrukturu, aqrotexnologiyalar və regional ərzaq təchizatı zəncirləri daha ciddi ixrac potensialına malikdir.

İkinci böyük istiqamət logistika və tranzitdir. Azərbaycanın coğrafi mövqeyi ciddi üstünlükdür, amma sadəcə yükün Azərbaycan ərazisindən keçməsi kifayət deyil. Biz tranzit ölkə olmaqdan logistika xidmətləri ixrac edən ölkəyə çevrilməliyik. Orta Dəhliz, liman infrastrukturu, dəmir yolu, anbar, gömrük, rəqəmsal logistika və multimodal daşımalar birlikdə böyük xidmət ixracı yarada bilər. Burada məqsəd sadəcə tranzit haqqı almaq yox, yükün bütün logistika zəncirindən gəlir əldə etməkdir.

Üçüncü istiqamət rəqəmsal iqtisadiyyat və süni intellektdir. Azərbaycanın neft kimi fiziki resursu yoxdur, amma insan kapitalını və rəqəmsal infrastrukturu düzgün qura bilsək, proqram təminatı, süni intellekt xidmətləri, kibertəhlükəsizlik, data mərkəzləri, fintech və digər rəqəmsal xidmətləri xarici bazarlara sata bilərik. Bu sahənin üstünlüyü ondan ibarətdir ki, ixrac üçün nə neft boru kəməri, nə də böyük fiziki logistika tələb olunur”, – deyə Asif İbrahimov əlavə edib.

İqtisadçının fikrincə, əsas resurs insan kapitalıdır.

Bərpa olunan enerji də ayrıca qeyd edilməlidir. “Amma burada da bir səhvə yol verməməliyik. Günəş və külək elektrik stansiyaları tikməklə məsələ bitmir. Əgər avadanlıqları xaricdən gətirib yalnız elektrik enerjisi istehsal ediriksə, əlavə dəyərin böyük hissəsi yenə xaricdə qalır. Azərbaycan paralel olaraq enerji avadanlıqları, elektrik komponentləri, enerji saxlama sistemləri, texniki xidmət və yaşıl enerji texnologiyaları üzrə istehsal imkanları yaratmalıdır”.

Turizm də potensial sahədir, amma turizmi yalnız hotel və restoran biznesi kimi görmək düzgün deyil. Daha yüksək gəlir gətirən tibbi, biznes, mədəniyyət, idman və ekoturizm seqmentlərinə keçmək lazımdır. Məqsəd ölkəyə daha çox turist gətirməkdən çox, hər turistdən daha yüksək əlavə dəyər əldə etmək olmalıdır.

Maliyyə və regional xidmətlər də Azərbaycan üçün ciddi imkan yarada bilər. Bunun üçün Bakı regional maliyyə və biznes xidmətləri mərkəzinə çevrilməlidir. Amma bunu inzibati qərarla yaratmaq mümkün deyil. Bunun üçün hüquqi mühit, investorların müdafiəsi, müstəqil və etibarlı məhkəmə sistemi, rəqabət, şəffaflıq və kapital bazarının inkişafı lazımdır.

“Ən vacib məsələ isə budur: biz neftdən sonrakı iqtisadiyyatı yenə dövlət xərcləri hesabına qurmağa çalışmamalıyıq. Əgər qeyri-neft sektorunda dövlət əsas investor, əsas sifarişçi və əsas bazar olaraq qalırsa, biz əslində iqtisadi modeli dəyişmirik. Sadəcə neft gəlirlərinin yaratdığı dövlət xərclərini başqa sahələrə yönəldirik.

Həqiqi diversifikasiya o zaman olacaq ki, özəl sektor müstəqil şəkildə böyüsün, yeni şirkətlər yaransın, kiçik şirkət orta şirkətə, orta şirkət isə böyük şirkətə çevrilə bilsin və bu şirkətlər yalnız daxili bazarda deyil, xarici bazarlarda rəqabət aparsın.

Burada isə ən böyük problem rəqabət və institusional mühitdir. Əgər bazara giriş məhduddursa, dövlət satınalmalarında və maliyyə resurslarına çıxışda bərabər imkanlar yoxdursa, sahibkarın mülkiyyət hüququ və investisiyası kifayət qədər qorunmursa, biz nə qədər ‘qeyri-neft sektorunun inkişafından’ danışsaq da, real ixrac lokomotivləri yaratmaq çətin olacaq. Ona görə də OPEC+ qərarına Azərbaycandan baxanda mənim üçün əsas mesaj neft hasilatının 188 min barel artırılması deyil”, – deyə o qeyd edib.

İqtisadçının fikrincə, əsas mesaj budur ki, dünya enerji sistemi dəyişir və Azərbaycan bu dəyişiklikdən əvvəl öz iqtisadi modelini dəyişməlidir. Biz neft gəlirlərinin bitməsini gözləyib sonra diversifikasiya edə bilmərik. O vaxta qədər gec olacaq.

Növbəti 5–10 il ərzində aqro-emal, logistika və Orta Dəhliz, rəqəmsal xidmətlər və süni intellekt, bərpa olunan enerji və enerji texnologiyaları, turizm, maliyyə xidmətləri, həmçinin yüksək texnologiyalı istehsal real ixrac sektorlarına çevrilməlidir. Əks halda biz hər dəfə neftin qiyməti aşağı düşəndə eyni problemi müzakirə edəcəyik: büdcəni necə dolduraq, valyuta ehtiyatlarını necə qoruyaq, manatın sabitliyini necə təmin edək?

“Məncə, əsas sualı dəyişmək lazımdır. Sual neft gəlirləri azalanda büdcəni necə dolduracağımız deyil. Sual budur ki, neft gəlirləri hələ yüksək olduğu dövrdə niyə neftdən asılı olmayan iqtisadiyyat yarada bilmədik?

Azərbaycanın qarşısında seçim var: neft gəlirlərini istehlak edən iqtisadiyyat olaraq qalmaq, yaxud həmin gəlirləri insan kapitalına, rəqabətli özəl sektora, texnologiyaya və ixrac qabiliyyətli yeni sahələrə yönəldərək neftdən sonrakı iqtisadiyyatın təməlini indidən yaratmaq.

Məncə, artıq ikinci variantın vaxtıdır. Çünki enerji bazarında dəyişiklik gələndə hazırlıqlı olmaq seçim deyil, iqtisadi zərurətdir”, – deyə Asif İbrahimov fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью