Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barrelinin qiyməti 5,88 ABŞ dolları və ya 4,59 % azalaraq 122,15 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Gələn ilin büdəcində də bu rəqəm dəyişməyib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Hazırkı rəqəmlərə əsasən neftin qiyməti büdcədə gotürüləndən 2 dəfə artıqdır.
Bunu nəzərə alaraq, minimum maaşın, pensiyanın artma ehtimalı varmı?
Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov “Cebheinfo.az”-a bildirib ki, neftin dünya bazar qiymətindəki artımlar birmənalı şəkildə ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradır: “Bu, bir tərəfdən Azərbaycanın dövlət gəlirlərinin artmasına, digər tərəfdən isə xüsusən də valyuta ehtiyatlarının çoxalmasına şərait yaradır. Son rəqəmlər göstərir ki, Dövlət Neft Fondu daxil olmaqla ölkənin valyuta ehtiyatlarında artımlar müşahidə olunur.
Bu da təbii ki, neftin dünya bazar qiymətinin yüksək olması ilə bağlıdır. Eləcə də neftin bahalaşması dövlət büdcəsində profisitin yaranmasının səbəblərindən biridir. Qeyri-neft sektorunda daxilolmaların da birmənalı şəkildə təsirləri var. Bunlar dövlət gəlirləri və fiskal gəlirlərimizin də artmasına imkan yaradır. Dövlət büdcəsinə baxılması məsələsinə gəldikdə isə bu, hökumətdə aparılan müzakirələrdən sonra verilən qərar olur. Nəzərə alsaq ki, artıq payız başlayır, ilin sonuna 3 ay qalıb.
Neftin dünya bazar qiymətindəki yüksək artımlar və bu tendensiya ilin sonunadək davam edərsə, bu, birbaşa Hörmüz boğazındakı vəziyyətlə bağlı olacaq. Bu kontekstdən mövcud qiymətlər, eləcə də 2027-ci il Dövlət Neft Fondunun daxilolmaları da hesablamaqla, büdcə gəlirlərinin proqnozlaşdırılmasında mövcud qiymətləri nəzərə almaq olar”.
Deputat bildirib ki, ona görə də 2027-ci ilin dövlət büdcəsi proqnozlaşdırılan zaman neftin potensial qiymətinin nəzərə alınması və buna uyğun olaraq da büdcə gəlirlərinin proqnozlaşdırlması məqsəuyğundur:
“Neftin bazar qiymətinin yüksək olması büdcədən daha çox vəsaitin ayrılmasına imkan yaradır. O cümlədən, sosial istiqamətlər daxil olmaqla, nəticədə dövlət büdcəsindən xərcləmələrin payının artmasına, eyni zamanda vətəndaşların sosial təminatının daha da yaxşılaşdırılmasına, daha çox vəsaitlərin ayrılmasına imkan yaradır”.
Nigar Abdullayeva
“Cebheinfo.az"
Açar sözlər: neft Vüqar Bayramov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin