Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
ARDNŞ Özbəkistanda 2 milyard dollarlıq layihədə iştirak edir
Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf yeni əməkdaşlıq təşəbbüslərini müzakirə ediblər. Söhbət zamanı iki ölkə arasında ticari-iqtisadi və investisiya tərəfdaşlığının mövcud vəziyyəti və perspektiv imkanlarla bağlı fikir mübadiləsi aparılıb. Bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinə məlumat yayıb.
Xəbərdə bildirilib ki, tərəflər xüsusi diqqəti mövcud birgə layihələrin praktiki icrasına, eləcə də yeni perspektivli təşəbbüslərin işlənib hazırlanmasına ayırıblar. Bundan əlavə, danışıqların yekununda tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsinə, qarşılıqlı ticarətin həcminin artırılmasına və strateji layihələrin sürətli şəkildə irəliləməsinə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər. Məlumatda SOCAR-ın Özbəkistanda, təxminən, 2 milyard ABŞ dolları həcmində investisiya qoyuluşu olan karbohidrogen resurslarının mənimsənilməsi üzrə layihənin həyata keçirilməsində iştirakı da vurğulanıb.
Xatırladaq ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və “Özbəkneftqaz” Üstyurt neft-qaz regionunun investisiya bloklarında (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan hasilatın pay bölgüsü sazişini imzalayıblar.
Sənədə əsasən, SOCAR geoloji-kəşfiyyat işlərinin aparılması mərhələsində operator qismində çıxış edəcək. Sazişin şərtlərinə uyğun olaraq, ən azı 1000 kvadratkilometr sahədə 3D seysmik kəşfiyyat işlərinin aparılması və nəticələrə əsasən bir quyuda geoloji kəşfiyyat işlərinə başlanılması planlaşdırılır.
Proqnozlara görə, “Üstyurt” bloklarında 100 milyon ton neft və 35 milyard kubmetr təbii qaz ehtiyatı olan yataq tapıla bilər. Gələcəkdə layihə çərçivəsində “Üstyurt” yaylasında ildə 5 milyon ton neft hasil ediləcəyi güman olunur.
XQ