Icma.az, Azpost portalına istinadən məlumat verir.
Dünyanın ən böyük neft şirkətləri son illərin rekord mənfəətini açıqlayırlar. Chevron-un qazancı 5 dəfə, ExxonMobil-in mənfəəti isə iki dəfədən çox artıb. Amma eyni dövrdə Azərbaycanda neft hasilatı azalır, SOCAR-ın vergi ödənişləri aşağı düşür.
Bəs yüksək neft qiymətləri niyə Azərbaycana əvvəlki qədər qazandırmır?
2026-cı ilin ikinci rübü dünya neft sənayesi üçün son illərin ən uğurlu dövrlərindən biri oldu. Yaxın Şərqdə artan geosiyasi gərginlik, neft qiymətlərinin yüksəlməsi və emal marjalarının rekord səviyyəyə çatması beynəlxalq enerji şirkətlərinin gəlirlərini kəskin artırdı.
ABŞ-ın enerji nəhəngləri ExxonMobil və Chevron rekord mənfəət açıqlayıb. Chevron-un xalis mənfəəti bir il ərzində təxminən 5 dəfə artaraq 12 milyard dollara, ExxonMobil-in mənfəəti isə 14,5 milyard dollara yüksəlib.
Avropanın aparıcı enerji şirkətləri də oxşar nəticələr göstərib. Shell ikinci rübdə 9,84 milyard dollar, TotalEnergies 6 milyard dollar, Norveçin Equinor şirkəti isə 4,84 milyard dollar xalis mənfəət əldə edib.
Bu mənzərə fonunda əsas sual yaranır: Neftin bahalaşdığı bir dövrdə Azərbaycan bundan nə qədər qazanıb?
Azərbaycanın əsas problemi qiymət deyil, hasilatdır
Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətləri rüblük maliyyə hesabatlarını açıqlamadığından onların ikinci rübdə əldə etdiyi mənfəəti dəqiq hesablamaq mümkün deyil. SOCAR və bp yalnız əməliyyat göstəricilərini paylaşır.
Bu isə ictimaiyyətin və bazarın mühüm suala cavab tapmasına imkan vermir: Neft bahalaşdı, şirkətlərin qazancı nə qədər artıb?
Energetika Nazirliyinin açıqladığı rəqəmlər isə daha vacib məqamı göstərir.
2026-cı ilin ilk altı ayında ölkədə neft hasilatı 13,3 milyon ton olub. Ötən ilin eyni dövrü ilə müqayisədə hasilat 3 faiz azalıb. Ən böyük pay yenə də “Azəri-Çıraq-Günəşli” yatağının üzərinə düşür. Ekspertlərin fikrincə, məhz hasilatın azalması yüksək qiymətlərin yaratdığı üstünlüyü zəiflədir.
Neft Fondu rekord gəlir əldə edib
Digər tərəfdən Dövlət Neft Fondunun hesabatı göstərir ki, neftdən daxilolmalar hələ də dövlət maliyyəsinin əsas dayağı olaraq qalır. İlin ilk yarısında Fondun aktivləri 72,6 milyard dollara yüksəlib. Ümumi gəlirlər 8,53 milyard manat təşkil edib, bunun 4,95 milyard manatı neft-qaz müqavilələrindən, 3,57 milyard manatı isə investisiya gəlirlərindən formalaşıb. Ən böyük gəlir yenə də AÇG yatağından gəlib.
Fond eyni zamanda dövlət büdcəsinə 6,42 milyard manat transfert edib. Bu göstəricilər neft gəlirlərinin hələ də dövlət maliyyəsində əsas rol oynadığını nümayiş etdirir.
SOCAR-ın vergi ödənişləri azalıb
SOCAR-ın açıqladığı operativ göstəricilər də diqqət çəkir. Şirkət ilin ilk yarısında dövlət büdcəsinə 843,5 milyon manat vergi ödəyib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azdır. Buna baxmayaraq, ikinci rübdə şirkət 3,3 milyon tondan çox neft, 6,3 milyard kubmetr qaz ixrac edib.
İlham Şaban: “Azərbaycanın əsas problemi hasilatın enməsidir”
Enerji məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, Azərbaycanda neft hasilatının azalması artıq struktur problemə çevrilib. Onun sözlərinə görə, yeni yataqlar istismara verilmədikdə mövcud yataqlar müəyyən müddətdən sonra pik həddə çatır və təbii eniş başlayır. Ekspert bildirir ki, Azərbaycanda bu eniş digər ölkələrlə müqayisədə daha sürətlə gedir. Bunun səbəbləri isə cəmiyyətə tam açıqlanmır.
SOCAR-da ixtisarlar niyə artır?
İlham Şaban hesab edir ki, SOCAR-da son illər müşahidə olunan optimallaşdırmanın arxasında da iqtisadi səbəblər dayanır. Onun fikrincə, hasilat azalır, gəlirlər əvvəlki səviyyədə deyil, köhnə yataqların və istehsal infrastrukturunun saxlanması isə daha çox xərc tələb edir. Uzun illər ərzində SOCAR təkcə neft şirkəti deyil, həm də minlərlə insan üçün sosial təminat rolunu oynayıb. Lakin hasilat azaldıqca şirkətin əvvəlki yükü daşıması çətinləşir.
Azərbaycanı hansı yol gözləyir?
Azərbaycan rəhbərliyi və müvafiq qurumlar neft hasilatındakı bu geriləməni yaşlanan yataqlarda (əsasən də AÇG-də) hasilatın təbii olaraq aşağı düşməsi kimi obyektiv səbəblərlə əlaqələndirirlər. Bununla belə, neft sektorundakı geriləmənin fonunda təbii qaz hasilatında artım qeydə alınmaqdadır. İlin ilk altı ayında qaz hasilatı artaraq 25,4 milyard kubmetrə çatıb ki, bu da Azərbaycanın ümumi enerji balansını qorumağa kömək edir
Rəsmi məlumatlara görə, Azərbaycanın təsdiqlənmiş neft ehtiyatları təxminən 7 milyard barel təşkil edir. Mövcud hasilat tempi saxlanılarsa, bu ehtiyatlar ən azı 35 il kifayət edə bilər. Lakin ekspertlər hesab edirlər ki, bu müddəti uzatmaq və gəlirləri qorumaq üçün yeni yataqlar kəşf edilməli, geoloji axtarışlar genişləndirilməli, qazma işləri artırılmalıdır. Həmçinin mövcud yataqlarda hasilatın artırılması üçün yeni texnologiyalar tətbiq olunmalıdır.
2026-cı ilin ikinci rübü göstərdi ki, yüksək neft qiyməti təkbaşına böyük qazanc demək deyil. ABŞ və Avropa şirkətləri həm yüksək qiymətdən, həm də böyük hasilatdan faydalanaraq rekord mənfəət əldə etdilər. Azərbaycan isə qiymət artımından qazansa da, hasilatın davamlı azalması bu üstünlüyü məhdudlaşdırır.
Məhz buna görə qarşıdakı illərdə ölkənin enerji strategiyasında əsas məsələ neftin qiyməti deyil, yeni yataqların istismarı, texnoloji yenilənmə və hasilatın sabit saxlanılması olacaq. Bu amillər həyata keçirilməzsə, qlobal bazarda yüksək qiymətlərdən əldə olunan əlavə gəlirlər gələcəkdə əvvəlki effekti verməyə bilər.
Samir Abdulla