Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
2026-cı il dövlət büdcəsində neftin orta ixrac qiymətinin 65 ABŞ dolları səviyyəsində götürülməsi ehtiyatlı və konservativ yanaşmanın göstəricisidir. Neft qiymətlərinin bu həddən aşağı düşməsi müəyyən fiskal risklər yaratsa da, Azərbaycanda formalaşdırılmış ehtiyat fondları, konservativ büdcə yanaşması və qeyri-neft sektorunun inkişaf etdirilməsi siyasəti bu risklərin idarəolunan səviyyədə saxlanmasına imkan verir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “APA-Economics”ə müsahibəsində bildirib.
Azər Əmiraslanov qeyd edib ki, neftin qiymətlərinə dövlət büdcəsindən daha çox icmal büdcə həssasdır. 2026-cı ilin dövlət büdcəsi gəlirlərinin 42,6 faizi və ya 16,4 mlrd. manatı neft-qaz sektoru üzrə gəlirlərin hesabına formalaşacaqdır. Bu məbləğin 78,1 faizi və ya 12,8 mlrd. manatını Dövlət Neft Fondundan transfertlər təşkil edir. Transfertlər isə neftin qiymətindən asılı olmayaraq sabit məbləğdə planlaşdırılır və icra edilir. Neft-qaz gəlirlərinin yalnız 22 faizlik və ya 3,6 mlrd. manatlıq hissəsinə yəni, vergi orqanlarının xətti ilə toplanan neft-qaz sektorundan daxilolmalara neftin qiymətləri birbaşa təsir göstərə bilir.
“Büdcə siyasətinin əsas məqsədi qısamüddətli şoklara reaksiya verməklə yanaşı, orta və uzunmüddətli makroiqtisadi dayanıqlılığı təmin etməkdir. Bu risklərə qarşı ehtiyat mexanizmləri çoxşaxəlidir. Bunun birincisi, Dövlət Neft Fondundan transfert mexanizmidir. Yığım funksiyasını yerinə yetirən Neft Fondu büdcə üçün əsas sabitləşdirmə alətidir. Qiymət volatilliyi zamanı transfertlər vasitəsilə fiskal sabitlik qorunur. İkinci mexanizm qeyri-neft gəlirlərinin artırılması, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi, kölgə iqtisadiyyatının daraldılması ilə bağlıdır. Bu təşəbbüslər büdcənin neftdən asılılığının azaldılmasına yönəldilib. Üçüncüsü, zərurət yarandığı halda qeyri-prioritet xərclərin optimallaşdırılması fiskal tarazlığın qorunmasına imkan verə bilər. Dördüncüsü, dövlət borcu üzrə ehtiyatlı siyasət, xüsusilə də aşağı borc yükü və idarəolunan borclanma siyasəti risklərə qarşı əlavə bufer rolunu oynayır”, - Komitə sədri vurğulayıb.