Neft Şirkətinin “Yaşıl” istiqrazlarına maraq artır

09.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bugünlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Yaşıl” təyinatlı istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçirilib. “SOCAR Capital”dan verilən məlumata görə, sayca 6-cı kupon ödənişi çərçivəsində istiqraz sahiblərinin hesablarına, ümumilikdə, 3 milyon ABŞ dolları köçürülüb. Bununla da SOCAR-ın “Yaşıl” istiqrazları üzrə investorlara ödənilən ümumi gəlir 18 milyon dollara çatıb.

Xatırladaq ki, SOCAR-ın “Yaşıl” təyinatlı istiqrazları 2025-ci il yanvarın 15-də ölkəmizdə “yaşıl” enerji layihələrinin maliyyələşdirilməsinə dəstək vermək məqsədilə emissiya olunub. 5 illik müddətə buraxılan istiqrazların illik gəliri 6 faiz təşkil edir. Ötən müddətdə bu qiymətli kağızlar investorlar tərəfindən böyük maraqla qarşılanıb.

2025-ci il martın 7-dən etibarən Bakı Fond Birjasında ticarət olunan SOCAR-ın “Yaşıl” istiqrazları daxili kapital bazarında aktivliyin artmasına mühüm töhfə verib. Bu günədək fondun birjasında həmin istiqrazlar üzrə 55,6 milyon dolları məbləğində 580 əqd bağlanıb. Ümumilikdə, SOCAR-ın hazırda tədavüldə olan istiqrazları üzrə Bakı Fond Birjasında aparılan ticarətin həcmi 141 milyon dollar təşkil edib. Bağlanmış əqdlərin sayı isə 1850-yə çatıb. Həmin əqdlər birjada korporativ istiqrazlar üzrə bağlanmış bütün əqdlərin 21 faizini təşkil edir.

Ümumilkdə, SOCAR istiqrazlarının 2016-cı ildəki ilk buraxılışından bu günədək investorlara 64 milyon 375 min ABŞ dolları faiz gəliri ödənilib. Marketmeykeri “ABB İnvest” investisiya şirkəti olan SOCAR-ın “Yaşıl” təyinatlı istiqrazları bütün vergilərdən azaddır. Rüblük kupon ödənişləri tədavül müddətinin sonunadək investorlara, ümumilikdə, 60 milyon dollar gəlir qazandıracaq.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью