Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünya neft bazarı yenidən ABŞ-İran münasibətlərindən gələn xəbərlərə köklənib. Sentyabrın əvvəlindən Yaxın Şərqdəki hərbi gərginlik və Hörmüz boğazından neft daşımaları ilə bağlı risklər fonunda kəskin bahalaşan neft son günlər diplomatik təmas ehtimallarına görə ucuzlaşsa da, sentyabrın 22-də yenidən bahalaşıb.
Reuters-in məlumatına görə, Brent markalı neftin noyabr fyuçersləri gün ərzində 1,7 faiz bahalaşaraq 102,06 dollara çatıb. ABŞ-ın WTI neftinin oktyabr kontraktı da 1,7 faiz yüksələrək 97,40 dollar olub. Daha aktiv satılan noyabr WTI kontraktı isə 93,65 dollar səviyyəsinə qalxıb.
Beləliklə, bazarda əsas sual yenidən gündəmə gəlib: neft 100 dollardan yuxarı qalacaq, yoxsa diplomatik razılaşma xəbəri qiymətləri aşağı çəkəcək?
Neft niyə yenidən bahalaşdı?
Hazırkı artımın əsas səbəbi ABŞ və İran arasında mümkün danışıqlardır.
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşməyə açıq olduğunu bildirib. İran tərəfinin də vasitəçilər üzərindən danışıqlar üçün müəyyən şərtlərini çatdırdığı barədə məlumatlar yayılıb. Bu səbəbdən investorlar Nyu-Yorkdan gələcək diplomatik xəbərləri diqqətlə izləyirlər.
Amma bazardakı bugünkü bahalaşma hələ yeni və uzunmüddətli trend kimi qiymətləndirilmir.
Reuters-ə danışan KCM Trade-in baş bazar analitiki Tim Voter qiymət artımını son günlərdəki enişdən sonra baş verən texniki “short-covering” – yəni qiymətin daha da düşəcəyinə oynayan investorların mövqelərini bağlaması ilə izah edib.
Başqa sözlə, bazar hələ “neft bahalaşmağa başladı” qərarını verməyib. Treyderlər ABŞ-İran münasibətlərində növbəti xəbəri gözləyirlər.
Son günlər neft niyə ucuzlaşmışdı?
Sentyabrın əvvəlində neftin qiyməti 108 dolları da keçmişdi. Bunun əsas səbəbi Yaxın Şərqdəki müharibənin enerji infrastrukturuna və qlobal neft daşımalarına yaratdığı risklər idi. Son günlər isə vəziyyət qismən dəyişib. Səudiyyə Ərəbistanının neft ixracını alternativ marşrutlarla bərpa etməsi və Hörmüz boğazından daşımaların artması bazardakı təchizat narahatlığını müəyyən qədər azaldıb.
Reuters-in məlumatına görə, Səudiyyə Ərəbistanının “Aramco” şirkəti Hörmüzdən ixracı artırıb və bazar iştirakçıları buradakı daşımaların son altı ayın ən yüksək səviyyəsinə çatdığını bildirirlər.
Bu da neftin qiymətindəki “geosiyasi risk əlavəsini” müəyyən qədər aşağı salıb.
Lakin risk tam aradan qalxmayıb
Bazarın digər tərəfində isə tamamilə fərqli mənzərə var.
Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanına və “Saudi Aramco” obyektlərinə hücum etdiklərini açıqlayıblar. Eyni zamanda regiondakı digər enerji infrastrukturlarına qarşı risklər də qalmaqdadır. Liviyada isə “Sharara” neft yatağından hasilatın boru kəmərində klapanın bağlanması səbəbindən gündə təxminən 200 min barel azaldığı bildirilib. Bu da qlobal bazarda əlavə təklif riskləri yaradır.
Deməli, bazar hazırda iki xəbərin arasında qalıb:
ABŞ-İran diplomatiyası: qiyməti aşağı çəkə bilər.
Yaxın Şərqdə hərbi gərginlik və enerji infrastrukturu üçün təhlükələr: qiyməti yuxarı qaldıra bilər.
Əsas məsələ Hörmüz boğazıdır
Neft bazarı üçün ən həssas nöqtələrdən biri Hörmüz boğazıdır. Bu marşrutdan enerji daşımalarının bərpası bazarda təchizat qorxusunu azaldır. Əksinə, boğazda tankerlərin hərəkətinin ciddi şəkildə məhdudlaşması neft qiymətində yeni sıçrayış yarada bilər.
Elə buna görə də investorlar yalnız Vaşinqton və Tehran arasında siyasi açıqlamalara deyil, tankerlərin real hərəkətinə də baxırlar.
ABŞ-İran görüşü neftə necə təsir edə bilər?
Əgər Vaşinqton və Tehran arasında real danışıqlar başlayarsa və hərbi gərginliyin azalacağına dair konkret siqnallar yaranarsa, bazarda risk əlavəsi zəifləyə bilər. Bu halda neftin qiymətinin aşağı istiqamətdə hərəkət etməsi mümkündür.
Əks ssenaridə – danışıqların baş tutmaması, hərbi əməliyyatların genişlənməsi və xüsusilə Hörmüzdə daşımaların yenidən məhdudlaşması halında isə təchizat qorxusu güclənə bilər. Bu səbəbdən hazırda neft bazarında bir rəqəm xüsusilə diqqət çəkir: 100 dollar.
Brent bu həddin üzərində qaldıqca bazar Yaxın Şərqdəki risklərin qiymətə daxil edildiyini göstərir. Qiymətin davamlı şəkildə 100 dollardan aşağı düşməsi isə diplomatik risklərin hərbi riskləri üstələməyə başladığına işarə edə bilər.
Azərbaycan üçün bu nə deməkdir?
Neft qiymətinin 100 dollar ətrafında qalması Azərbaycanın enerji gəlirləri baxımından mühüm göstəricidir. Azərbaycan iqtisadiyyatında neft və qaz sektorunun çəkisi yüksək olduğundan dünya bazarındakı qiymət dəyişiklikləri ölkənin ixrac gəlirlərinə və dövlət büdcəsinə təsir göstərən əsas amillərdəndir.
Lakin neftin bahalaşması avtomatik olaraq Azərbaycanda bütün iqtisadi göstəricilərin yaxşılaşması demək deyil.
Çünki yüksək neft qiyməti ilə yanaşı, regionda müharibənin uzanması daşınma xərclərini, sığorta haqlarını və digər enerji məhsullarının qiymətlərini də artıra bilər.
Hazırda isə dünya bazarı daha çox Nyu-Yorkdan gələcək xəbəri gözləyir.
Neftin növbəti istiqamətini yalnız hasilat və tələbat deyil, ABŞ və İran arasında diplomatiyanın hansı mərhələyə çatacağı müəyyənləşdirə bilər.
22 sentyabrda bazarın verdiyi ilkin siqnal isə belədir: son dörd günlük enişdən sonra neft yenidən bahalaşıb, lakin investorlar hələ bunun davamlı yüksəlişə çevriləcəyinə əmin deyillər.
Samir Abdulla