Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” Neftçala rayonunda da aqrar sahənin inkişafı üçün geniş imkanlar yaradır. Ötən müddətdə Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərin fəaliyyətinin dəstəklənməsi, məhsuldarlığın yüksəldilməsi və kənd təsərrüfatının inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirib.
Bu ilin məhsulu üçün rayonda 33 min 657 hektar sahədə taxıl əkini aparılıb. Həmin sahələrdən, ümumilikdə, 108,4 min ton məhsul yığılıb. Hektarın orta məhsuldarlığı ötən illə müqayisədə 7 sentner artaraq 32,1 sentnerə çatıb. Buğdanın orta məhsuldarlığı isə 37,1 sentner təşkil edib.
Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, hazırda rayonda 5 pambıqçılıq şirkəti fəaliyyət göstərir. Mövsümün əvvəlindən 1109 fermerlə 6 min 735 hektar sahədə pambıq əkini ilə bağlı müqavilə bağlanıb. Artıq sahələrdə məhsul yığımına başlanıb. Əsas məqsəd məhsulun itkisiz və vaxtında toplanması, fermerlərin gəlirlərinin artırılması və pambıqçılığın səmərəliliyinin yüksəldilməsidir.
Neftçalada heyvandarlığın inkişaf etdirilməsi üçün də mühüm işlər görülür. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də intensiv və yarımintensiv təsərrüfatların yaradılmasıdır. Bu məqsədlə Cəngan, Beşdəli, Boyat və digər kəndlərdə heyvandarlıq təsərrüfatlarına baxış keçirilib, fermerlərlə fərdi görüşlər təşkil olunub. Təsərrüfatların mövcud imkanları, investisiya ehtiyacları və inkişaf perspektivləri araşdırılıb.
Heyvandarlıqda süni mayalanmanın üstünlükləri, camışçılığın inkişafı və dövlət subsidiyalarından istifadə imkanları ilə bağlı fermerlə maarifləndirmə işləri aparılır. Cari ilin 8 ayında 2 min 117 mayalanma həyata keçirilib və süni mayalanmadan 1185 bala doğulub.
Dövlət Proqramdan irəli gələn məsələlərlə bağlı fermerlərlə DAİM-də və rayonun müxtəlif yaşayış məntəqələrində görüşlər keçirilib. Fermerlərə dövlət dəstəyi, güzəştlər, investisiya imkanları və digər mexanizmlər barədə məlumat verilib.
Ərzaqlıq buğda istehsalının pivot suvarma sistemi əsasında təşkili və məhsulun tədarük mexanizminin mövcudluğu fermerlərin marağını artırıb. Toxumçuluq təsərrüfatlarının yaradılması məqsədilə Xolqarabucaq və Xəzər kəndlərində fermerlərlə görüşlər keçirilib.
Taxılçılıqda məhsuldarlığın yüksəlməsi, pambıq yığımına hazırlıq, kooperativləşməyə marağın artması, süni mayalanma yolu ilə heyvandarlığın inkişaf etdirilməsi, toxumçuluq və intensiv təsərrüfatların yaradılması istiqamətində görülən işlər rayonun aqrar sektorunda yeni mərhələnin formalaşdığını göstərir.
Kür Qarabucaq kəndində balıqçılıq təsərrüfatı ilə məşğul olan sahibkar Qasım Bədəlov bu sahəyə təsadüfən gəlsə də, artıq 30 ildən çoxdur ki, həyatını balıqçılığa bağlayıb. 1995-ci ildə bu sahədə ilk addımını atan sahibkar öz təsərrüfatını formalaşdırmağa başlayıb. Hazırda təsərrüfatında çəki, ağ amur və ağ qalınalın kimi balıq növləri yetişdirilir. Dövlət Proqramının rayonda icrası ilə bağlı yaradılan qərargahın üzvü olan Q.Bədəlovun təsərrüfatının digər istiqaməti əmtəəlik balıq yetişdirilməsidir. Kənddən, təqribən, 15 kilometr aralıda yerləşən 50 hektarlıq göldə balıq böyüdülür.
Burada təkcə əmtəəlik balıq istehsalı ilə kifayətlənmirlər. Təsərrüfatın əsas istiqamətlərindən biri də balıq körpələrinin artırılmasıdır. Bunun üçün təsərrüfatda ana balıq sürüləri saxlanılır. May-iyun aylarında xüsusi avadanlıqlar vasitəsilə süni mayalanma həyata keçirilir, alınan kürülər inkubasiya aparatlarına yerləşdirilir və balıq yetişdirilərək ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən təsərrüfatlara göndərilir. Ümumilikdə isə, balıqçılıqda subsidiya mexanizminin tətbiqi rayonda təsərrüfatların genişləndirilməsinə əlavə stimul yaradır.
Elə Qasım Bədəlov da söhbət zamanı dövlət dəstəyinin artırılmasını, subsidiya mexanizminin tətbiqini bu sahənin inkişafı üçün mühüm imkanlar yaratdığını bildirdi.
Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri
Neftçala