Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Balıqçılıq və akvakultura sahəsinin təbliği, ölkədə balıq ehtiyatlarının dayanıqlılığının təmin edilməsi, aqrar sahədə innovativ yeniliklərin geniş ictimaiyyətə çatdırılması və istehsalçılarla istehlakçılar arasında birbaşa ünsiyyətin qurulması məqsədilə Neftçala rayonunda “I Balıq” Festivalı keçirilib.
Festival Neftçala Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Balıqçılıq və Akvakultura Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Bizimyol.info nazirliyə istinadən xəbər verir ki, festival çərçivəsində Neftçala və ətraf bölgələrdə fəaliyyət göstərən akvakultura və balıqçılıq təsərrüfatları, emal müəssisələri və müxtəlif istehsal, emal və ixrac potensialına malik şirkətlər öz məhsullarını təqdim ediblər.
Ziyarətçilər təzə, hisə verilmiş və dondurulmuş balıq məhsullarının geniş çeşidi ilə tanış olmaqla yanaşı, akvakultura prosesində tətbiq olunan müasir texnologiyalar barədə yerindəcə məlumat əldə etmək imkanı qazanıblar.
Festivalın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev bölgələrdə təşkil olunan məhsul festivallarının əhəmiyyətindən danışıb.
O, bu festivalların regional iqtisadi aktivliyin artırılması, yerli istehsalçıların bir araya gətirilməsi və məhsulların tanıdılması baxımından mühüm rol oynadığını qeyd edib.
Zaur Əliyev çıxışında Aqrar Biznes Festivallarının kənd təsərrüfatı məhsullarının geniş auditoriyaya çıxarılması, fermer-istehlakçı əlaqələrinin gücləndirilməsi və aqrar innovasiyaların təşviqi üçün əlverişli platforma olduğunu vurğulayıb.