Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə Prezidentinin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Neftçala rayonunda toplantı keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirib ki, Dövlət Proqramının icrası və Neftçala rayonu üzrə 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair iş planı hazırlanmalıdır. Bunun üçün rayonun aqrar sahədə mövcud vəziyyəti geniş təhlil olunmalı, torpaq resurslarının qorunması və ondan səmərəli istifadə olunması məqsədilə əkinə yararlı bütün torpaq sahələri dəqiqləşdirilməlidir.
İstifadə olunmayan kənd təsərrüfatına yararlı torpaq sahələrində, eləcə də iri fermer təsərrüfatlarında müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılması, su resurslarından səmərəli istifadə mexanizmlərinin, o cümlədən müasir suvarma və pivot sistemlərinin tətbiqi gücləndirilir. Rayonda buğda, pambıq, intensiv bağçılıq, akvakultura və balıqçılıq üzrə tətbiq olunan dövlət güzəştləri barədə sahibkarlar arasında maarifləndirilmə işinin aparılması əsas hədəflərdən biri kimi müəyyən olunmalıdır.
Eyni zamanda, fermerlərin dövlət dəstəyi mexanizmlərindən daha geniş yararlanması istiqamətində dəstək göstərilməsi, statistik məlumatların dəqiqləşdirilməsi, qarşıda duran vəzifələr və fəaliyyət istiqamətləri üzrə aidiyyəti qurumlar arasında əlaqələndirmənin və koordinasiyanın daha da təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini–sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Burcalı Ağayev Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri olan Dövlət Proqramının mahiyyəti, əsas məqsədləri və kənd təsərrüfatı istehsalatının hədəf göstəriciləri barədə ətraflı məlumat verib.
Rayon aqrar inkişaf mərkəzinin direktor müavini Elsevər Əsədov, Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Təbriz Eyyubov, Neftçala Elektrik Şəbəkəsinin rəisi Ağababa Babayev Dövlət Proqramının aqrar sektorun inkişafına mühüm töhfə verəcəyini qeyd edərək yüksək reproduksiyalı toxumçuluğun genişləndirilməsi, müasir əkinçilik texnologiyalarının tətbiqi, su və torpaq ehtiyatlarından səmərəli istifadə, fermerlərlə dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, fasiləsiz su təminatı ilə bağlı texniki avadanlıqların dayanıqlı elektrik enerjisi ilə təmin olunması, kənd təsərrüfatı məhsullarının istehsal və emal zəncirinin təkmilləşdirilməsi istiqamətində görüləcək işlər barədə fikirlərini bölüşüblər.
Toplantıda “Caspian İrrigation” MMC tərəfindən təqdimat keçirilərək əkin sahələrinin suvarma sistemləri ilə təmin olunması, su ehtiyatlarından səmərli istifadə edilməsi ilə əlaqədar müasir suvarma avadanlıqlarının əkin sahələrində tətbiqi barədə fermerlərə maarifləndirici məlumat verilib.
Sonda rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov tərəfindən Əlaqələndirmə Qərargahının fəaliyyətinin səmərəli təşkili, iş planının vaxtında və hərtərəfli hazırlanması, aidiyyəti məlumatların operativ şəkildə toplanması və ümumiləşdirilməsi, eləcə də əlaqələndirmə işlərinin çevik və effektiv həyata keçirilməsi ilə bağlı tapşırıqlar verib.
Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri