Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Turan Tovuz”a Bakıdakı məğlubiyyətdən sonra ictimaiyyət “Neftçi”ni avrokuboklara vəsiqə yarışından sildi. Yuri Vernidubun komandası isə iki ardıcıl qələbə qazanmaqla mübarizədən qopmadığını göstərdi.
Düzdü, qələbələr autsayderlərə qarşı oldu, amma oldu. Qaliblər mühakimə olunmur. “Neftçi”, nəhayət, turnir cədvəlində irəlilədi. Hazırda 6-cı pillədə qərarlaşan “ağ-qaralar” “Sumqayıt”ı 5 xal qabaqlayır. Xal fərqi “Araz-Naxçıvan”la 2, “Zirə” ilə 5-di. Çox güman, 4-cü yeri tutan avrokuboka gedəcək. “Neftçi”nin özündən irəlidəki hər iki komanda ilə şəxsi oyunları qalıb. İkisi də apreldədi. Ümumiyyətlə, paytaxt təmsilçisinin aprel qrafiki olduqca ağırdı. Flaqman “Sumqayıt” və “Zirə” ilə səfərdə, “Araz-Naxçıvan”la bir, “Qarabağ”la iki dəfə evdə oynayacaq.
“Neftçi” apreldə keçirəcəyi 5 oyunda minimum 10 xal qazanmalıdı ki, avrokuboklara vəsiqə uğrunda mübarizəni maya daşıya bilsin.
MÜZƏFFƏR QULUZADƏ