Neftçi nin hədəfi Avropada çıxış etməkdir Mustafa Sek

02.02.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Neftçi"nin hədəfi Avropada çıxış etməkdir" - Mustafa Sek

“Neftçi”nin müdafiəçisi Mustafa Sekin QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 19-cu turunda “Araz-Naxçıvan”ı böyük hesabla məğlub etdiniz. 4:0-lıq qələbəni necə şərh edərdiniz?

- Həftəboyu gördüyümüz işdən məmnun qaldıq. Artıq demək olar ki, yeni baş məşqçi ilə işimizin bəhrəsini meydanda görməyə başlamışıq. Çalışmalıyıq ki, hər oyunda bu səviyyədə çıxış edək. Bir qələbə ilə kifayətlənmək olmaz. Ardını gətirməliyik. Bu tempi saxlamaq lazımdır.

- Vurulan erkən qol qələbənizdə nə dərəcədə rol oynadı?

- Qələbəni sırf etkən qolla bağlamazdım. İlk dəqiqələrdən üstünülyü ələ aldıq. Meydanda diktə edən tərəf biz idik. Rəqibi irəlidə sıxmağa çalışırdıq. Bu da alındı. Hər hissədə iki dəfə fərqləndik. Lakin nəticə bizi aldatmalı deyil. Daha çox çalışmalıyıq.

- Belə görünür ki, komanda fiziki cəhətdən də artırıb...

- Əlbəttə, Əbu-Dabidə keçdiyimiz toplanış xeyrimizə oldu. Yaxşı hazırlaşdıq, çatışmazlıqlar üzərində çalışdıq. Ümumi götürdükdə qış fasiləsinə qədər də fiziki cəhətdən pis deyildik.

- “Araz-Naxçıvan”la görüşdə ilk iki qolu standart vəziyyətlərdən sonra vurdunuz. Məşqlərdə bunun üzərində xüsusi çalışırsınız?

- Standart vəziyyətlər üzərində əvvəl də, indi də xüsusi olaraq çalışırıq. Lakin əvvəlki matçlarda istədiyimizi reallaşdıra, qolu gətirə bilmirdik. Bu dəfə alındı, həm künc zərbəsindən, həm də cərimə zərbəsindən fərqləndik.

- Qarşıdan “Qəbələ” və “Kəpəz”lə oyunlar gəlir. Bu iki matçı “Neftçi”nin avrokubok iddiasını davam etdirmək baxımından həlledici saymaq olar?

- Hər oyun bizim üçün vacibdir. İndiki məqamda qarşıdakı iki oyunu yox, yalnız növbəti matçı düşünürük. Məqsədimiz hər matçda qalib gəlmək, xal ehtiyatımızı artırmaqdır. Daha da irəli getməliyik.

- Yəni “Neftçi” avrokubok iddiasını davam etdirir?

- Əlbəttə. Qarşımızda çatmalı olduğumuz hədəf var. Məqsədimiz yayda Avropada çıxış etməkdir. Lakin bu, heç də asan olmayacaq. Çox çalışmalıyıq, daha da irəli getməliyik.

- Son 3 oyunda “Neftçi” 7 xal qazanıb. Növbəti ev oyunu üçün azarkeşlərə çağırış etmək istərdiniz?

- İlk növbədə azarkeşlərə təşəkkürümü bildirirəm. Onlar hər zaman bizi dəstəkləyirlər. Biz də bunun qarşılığını verməyə çalışırıq. Təəssüf ki, bu, bəzən alınmır. Lakin azarkeşlərə demək istərdim ki, ruhdan düşməsinlər, sona qədər yanımızda olsunlar. Onların dəstəyinə çox ehtiyacımız var. İnanıram ki, birlikdə böyük uğurlara imza atacağıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью