Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 15 sentyabr, AZƏRTAC
“Neftçi” Azərbaycan Premyer Liqasının ilk 5 turunda ən çox qol vuran komanda olub. 15 dəfə rəqib qapılarına yol tapan “ağ-qaralar”ın orta məhsuldarlığı 3,00-ə bərabərdir.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, bu, Premyer Liqada son 12 mövsümün rekordunun təkrarıdır. 2016/2017-ci illər mövsümündə “Qəbələ” ilk 5 matçında 15 qola sevinib. Daha yüksək məhsuldarlıq isə sonuncu dəfə 2014/2015-ci illər mövsümündə qeydə alınıb. Həmin vaxt “İnter” (indiki “Şamaxı”) 16 qola sevinib.
“Neftçi” özünün XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb. Bakı klubu sonuncu dəfə 2000/2001-ci illər mövsümündə daha çox qol vurub. Ötən əsrə təsadüf edən son startda paytaxt təmsilçisi 5 oyunda 17 qol vurub.
“Neftçi”nin 6 qoluna imza atan Breno Almeyda son 14 mövsümün rekordunu təkrarlayıb. İlk 5 görüşdə daha çox qol vuran sonuncu oyunçu Junior Nildo 2012/2013-cü illər mövsümündə AZAL-ın heyətində 7 dəfə fərqlənib. Sonrakı illərdə Baqali Dabo (“Qəbələ”) 2016/2017-ci illər mövsümündə, Ramil Şeydayev (“Qarabağ”) isə 2022/2023-cü illər mövsümündə Breno kimi 6 qol vurub.
Qeyd edək ki, “Neftçi”də isə son 16 mövsümdə ilk dəfə futbolçu ilk 5 qarşılaşmada bu qədər qol vurub. 2010/2011-ci illər mövsümündə Bahodir Nasimov 7 qola imza atıb.