Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Müstəqillik dövründə ilk Azərbaycan çempionatının mükafatçılar üçlüyü
Sentyabrın 16-da Misli Premyer Liqasının 6-cı turunda “Neftçi”nin Qəbələ şəhər stadionunda müstəqillik dövründə bütün milli çempionatlarımız tarixində 1000-ci oyunu ölkə futbol dairələrində maraqla gözlənilirdi. Bakılılar yubiley görüşünü qələbə ilə qeyd etdilər. “Qəbələ”nin qapısına vurulan 3 cavabsız top onlara turnir cədvəlində lider mövqelərini qorumaq imkanı verdi.
İndi “Neftçi”nin 2026–2027-ci illər mövsümündə keçirəcəyi növbəti, 7-ci görüş onun Azərbaycan çempionatlarında 1001-ci oyunu olacaq. Bəs müstəqillik dövründə çempionatlarımızın tarixi neçənci ildən hesablanır, ilk birinciliyin qalib və mükafatçıları hansı kollektivlər olmuşdur. Təbii ki, aradan 35 ilə yaxın vaxt keçdiyinə görə bunu dəqiq yada salmaq çox çətindir. Köməyimizə statistika çatmalıdır. Mərhum həmkarım Abas Əzimovun Azərbaycan çempionatlarının 20 illiyinə həsr etdiyi “Futbolumuz müstəqillik dövründə. 1992–2012” adlı genişhəcmli kitabda bizi maraqlandıran suallara ətraflı cavab tapmaq olur. Buradakı məlumatları müəllifə dərin ehtiramla bir daha nəzərdən keçirərkən çox şey yada düşür.
Xatırlayaq, görək 1992-ci ilə təsadüf etmiş 1-ci çempionat necə keçirilmiş, onun qalib və mükafatçıları hansı kollektivlər olmuşdur. Birincilikdə starta kifayət qədər çox–26 komanda çıxmışdır. Rəqiblər əvvəlcə 2 qrupda yarışmışlar. Qruplarda 1-6-cı yerləri tutan komandalar medallar uğrunda mübarizəni davam etdirmişlər. Bunlar “A” qrupunda fərqlənmiş “Neftçi”, “Xəzər” Sumqayıt, “İnşaatçı” Bakı, “Kür” Mingəçevir, “Ümid” Cəlilabad, “Şahdağ” Qusar, eləcə də “B” qrupunda uğurla çıxış etmiş Tovuzun “Turan”, Cəncənin “Kəpəz”, Ağdamın “Qarabağ”, Sabirabadın “İnşaatçı”, Bakının “ Tərəqqi”, Qaxın “Kürmük” kollektivləri idi.
Bu komandalar yarışın final mərhələsində 1–12-ci yerlər uğrunda mübarizədə üz-üzə gəlmişlər. Çempion adını Əhməd Ələsgərovun başçılıq etdiyi “Neftçi” qazanmış, gümüş və bürünc medallar isə müvafiq surətdə “Xəzər” (baş məşqçi – Sabir Əliyev) və “Turan” (Zahid Hüseynov) komandalarına təqdim olunmuşdur.
Çempionat–92-də “Neftçi”yə qızıl medalları Dmitri Kramarenko, Emin Ağayev, Arif Əsədov, Rasim Abışov, Novruz Əzimov, İqor Getman, Yunis Hüseynov, Bəxtiyar Musayev və başqaları qazandırmışlar. Turnirdə ən çox topu “Xəzər”in hücumçusu Nazim Əliyev vurmuşdur. O, 39 qolun müəllifi olmuşdur. “Neftçi”nin oyunçuları Samir Ələkbərov və Yunis Hüseynov müvafiq surətdə 36 və 29 dəfə fərqlənmişlər.
Müstəqillik dövründə ilk Azərbaycan kuboku yarışına gəldikdə, onun uğrunda 12 komanda mübarizə aparmışdır. Həlledici final görüşündə Bakının “İnşaatçı” və Mingəçevirin “Kür” kollektivləri qarşılaşmışlar. Bakılı hakim Gülağa Cabbarovun idarə etdiyi oyunda “İnşaatçı”nın xeyrinə 2:1 hesabı qeydə alınmışdır. Qalib komandanın baş məşqçisi isə Məmmədəli Məmmədov olmuşdur.
Həyat davam edir, futbol sevgimiz bir an belə azalmır. “Neftçi” də, həmişəki kimi, iş başında, qələbə axtarışındadır. Çox xoşdur ki, komanda bu gün milli çempionatda 6 oyunda 18 mümkün xaldan 15-ni toplayaraq, liderlərlə yanaşı addımlayır. Onun bir çox ildir davam edən uğursuzluqdan sonra, nəhayət, tədrcən özünə gəlməyə başlaması həm də Azərbaycan çempionatlarında, ölkə kuboku yarışlarında rəqabətin bir qədər də kəskinləşəcəyinə, oyunlara azarkeş marağının artacağına ümid yaradır.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist