sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Neftçi" serbiyalı futbolçu Jeljko Qavriçi heyətinə qatmağa çox yaxındır. Sport24.az xəbər verir ki, bu barədə yerli "Sportissimo Republika" nəşri məlumat yayıb.
Macarıstanın "Dyor" klubuna məxsus olan 25 yaşlı vingerin Azərbaycanda oynamağa müsbət yanaşdığı bildirilir. Qavriç komandasının son oyununda da iştirak ərizəsinə daxil edilməyib.
"Dyor" da futbolçunun satılmasına qarşı deyil və "Neftçi" ilə razılığa gəlməyə hazırdır. Lakin Macarıstan təmsilçisi keçid üçün yaxşı məbləğ əldə etmək istəyir.
Transferin baş tutub-tutmayacağı ilə bağlı artıq son saatlar başlayıb. Çünki Azərbaycanda yay transfer dönəmi bu gün gecə saat 00:00-da başa çatacaq.
Bu səbəbdən "ağ-qaralar"ın rəhbərliyi Qavriçin transferi ilə bağlı danışıqları sürətləndirməlidir. Tərəflərin gecə yarısınadək razılığa gəlib-gəlməyəcəyi maraq doğurur.
Xatırladaq ki, Jeljko Qavriç cari mövsümdə 5 çempionat oyununda 2 qol vurub, 2 məhsuldar ötürmə edib. Serbiyalı futbolçu ötən mövsüm isə 37 qarşılaşmada 12 qol və 4 qol ötürməsi ilə yadda qalıb.