Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən gün “Neftçi” yeni baş məşqçisi Yuri Vernidubla ilk matçına çıxdı.
Ukraynalı mütəxəssisin Azərbaycan Premyer Liqasında rəqibi olduğu ilk komanda “Sumqayıt” oldu.Paytaxt klubu oyuna sürətli başladı və ilk hissəni 1-0 hesabı ilə öndə bitirdi. Bu, həftələr sonra “Neftçi” üçün bir ilk idi.
Ümumiyyətlə, “Flaqman”da dəyişikliklər nəzərəçarpacaq qədər çox idi. İstər heyətin qurulması, istər taktiki gedişlər, istərsə də oyun baxımından xeyli irəliləyiş var idi. Əlbəttə ki, bütün bunlar Vernidubun toxunuşları idi.
Bakı klubu ikinci hissəyə də yaxşı başladı və 49-cu dəqiqədə artıq hesab 2-0 oldu. Onu da qeyd etmək lazımdır ki, bu, “Neftçi” azarkeşlərinin uzun müddətdir görməyi arzuladıqları tablo idi.
“Ağ-qaralar” ən son 1 noyabr tarixində “Kəpəz” qarşısında 2-0 önə keçmişdilər. 5-1 hesabı ilə bitən matçdan sonra “Neftçi” qələbə üzünə həsrət qalmışdı.
Geridə qalan 5 matçda “Flaqman” 4 məğlubiyyət, 1 bərabərlik kimi biabırçı period yaşamışdı. Üstəlik, “Neftçi” sözügedən matçlarda sadəcə 2 qol vurmağı bacarmışdı.
Bütün bunlardan sonra artıq komandanın toparlanmağına ehtiyac vardı. Xüsusilə Samir Abbasovun istefasından sonra komandanın başına kimin keçəcəyi maraqla gözlənilirdi. Sonunda “Neftçi” rəhbərliyi Yuri Vernidub seçimini etdi.
Əslində, bu seçim ilk başlarda birmənalı qarşılanmadı. Onun bir ildir işsiz olması və xüsusi icazə ilə Ukraynadan çıxması diqqət çəkirdi. Həmçinin, 59 yaşlı çalışdırıcının alacağı məvacib barədə xəbərlər də müzakirələrə səbəb olurdu.
Ancaq bütün bunların fonunda ukraynalının qarşısında çox çətin vəzifə dayanır. O, bu mövsüm çempionluq və kubok hədəfi qalmayan klubla ən azından avrokuboklara vəsiqəni təmin etməyə çalışacaq. Bundan başqa, hər oyuna qələbə qazanmaq üçün çıxan “Neftçi” “ruh”unu da geri gətirmək üçün həmlələr edəcək.
Dünənki matçdan sonra azarkeşlərin rəylərinə nəzər saldıqda da xeyli müsbət sözlər görmək mümkündür. Xüsusilə oyunun 70 dəqiqə ərzində oynanılan oyun azarkeşləri qane edib.
Yuri Vernidub özü də oyundan sonra komandanın 65-70 dəqiqə ərzində meydanda əsl futbol göstərdiyini deyib:
“Bu futbolu da məhz “Neftçi” nümayiş etdirirdi. Həmin anlara qədər qapımızın qarşısında hansısa təhlükənin olduğunu xatırlamıram. Hesab 2:0 olanda daha 3 qol vurmaq üçün şanslarımız vardı.
Elə bu məqam qələbə qazana bilməməyimizə səbəb oldu. Səmimi şəkildə etiraf edim ki, komandam son 20 dəqiqəni yorğun şəkildə oynadı, fiziki güc yetərli qədər olmadı”.
Bəli, onun sözlərində həqiqət var. Doğrudan da “Neftçi” əlinə düşən şanslardan yararlanmağı bacarsa, hesab 3-0 və ya 4-0 ola bilərdi. Amma 70-ci dəqiqədən sonra futbolçuların yorğunluğu özünü açıq şəkildə biruzə verdi.
Elə bunun nəticəsidir ki, həmin dəqiqədən sonra “Neftçi” rəqib qapıda təhlükə yarada bilmədi, əksinə özü 2 top buraxdı. Bununla da “Flaqman” üstün olduğu matçda 1 xala razı oldu.
Yekunda onu da bildirək ki, “Neftçi” 2-0 öndə olduğu oyunda “Sumqayıt”la 2-2 bərabərə qalmasına rəğmən, oynanılan oyun azarkeşlərin gələcəyə ümidlə baxmasına səbəb olub.
Bəlkə də, ötən gün “Neftçi”nin qazancı 1 xaldan daha artıq idi. Klub yenidən azarkeşlərin dəstəyini və inamını qazandı...
Elmir Mustafa
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin