“Neftçi”ni gözləyən təhlükə

22.09.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasında 6 tur başa çatıb.

5 qələbə qazanıb, 1 dəfə uduzan “Neftçi” turnir cədvəlində liderdir. Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv 15 xalla zirvədədir. “Ağ-qaralar” vurulan qol sayında da birincidir. Bakılılar 6 matçda 18 qol vurub. Bu, hər oyuna ortalama 3 topdur.

“Neftçi” hücumda olduğu kimi müdafiədə də etibarlıdır. Paytaxt təmsilçisi liqada 12 kollektiv arasında ən az qol buraxan 4-cü komandadır – 5 qol.

“Ağ-qaralar”ın hücumçusu Breno Almeyda isə bombardirlər siyahısında zirvədədir. Braziliyalı futbolçu 7 qolla birinci pillədə qərarlaşıb. Onu 4 qolla “Sabah”ın forvardı Coy-Lens Mikels izləyir.

“Neftçi”nin ilk dövrədəki çıxışı qənaətbəxşdir. Lakin nəzərə almaq lazımdır ki, komanda buna qədər iddialılardan yalnız “Zirə” ilə qarşılaşıb və uduzub. Digər rəqiblər isə turnir cədvəlinin ikinci “altılığ”ında qərarlaşan komandalar olub.

“Neftçi”nin xüsusilə, son iki matçda yaxşı görünmədiyini qeyd etmək yerinə düşər. “Ağ-qaralar” “İmişli” və “Qəbələ”yə 3 qol vurmasına baxmayaraq, çox çətinlik çəkdi. Hücumda dişsiz görünən bakılılar oyunçuların fərdi ustalığı hesabına aktivinə xallar yazdırdı. Əsas da “Qəbələ” səfərində komanda son dəqiqəyə qədər ciddi müqavimətlə üzləşdi.

“Neftçi”nin çempionatda növbəti rəqibləri iddialı kollektivlərdir. Vernidubun komandası 7-ci turda “Sabah”ı qəbul edəcək, ardınca “Qarabağ” səfərinə yollancaq. Sıradakı üçüncü rəqib isə “Turan Tovuz” olacaq. “Neftçi”nin faktiki gücü, komandanın potensialı məhz bu üç görüşdə bəlli olacaq. “Ağ-qaralar” çətin qrafikdən ən azı 7 xalla çıxa bilsə, zirvədəki yerini qoruya biləcək. Ardıcıl xal itkiləri isə komandanı psixoloji enişə apara bilər.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью