“Neftçi”nin baş məşqçisi: “Bu cür oyuna hazır deyildik”

14.11.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Neftçi” basketbol komandasının baş məşqçisi Konstantinos Vasiliadis Azərbaycan Basketbol Liqasının yeddinci turunda “Sabah”a 78:93 hesabı ilə məğlub olduqları qarşılaşmanı şərh edib.

İdman.Biz xəbər verir ki, yunanıstanlı mütəxəssis rəqibin daha yaxşı oynadığını etiraf edərək komandasının yüksək intensivliyə hazır olmadığını bildirib:

“Bugünkü oyun haqqında nə deyə bilərəm? Düşünürəm ki, çox danışmağa ehtiyac yoxdur. “Sabah” bizdən daha yaxşı oynadı. Oyunçularım bu qədər yüksək intensivlikdə keçən oyuna hazır deyildilər. Biz pis oynadıq, çoxlu səhvlərə yol verdik və bir çox boş mövqedən atışları dəqiq yerinə yetirə bilmədik”.

Vasiliadis üçüncü periodda hesab fərqini azaltmalarına baxmayaraq, əlverişli imkanlardan yararlana bilmədiklərini vurğulayıb:

“Üçüncü hissədə hesab fərqini yeddi xala endirdiyimiz zaman iki əlverişli mövqedən üçxallıq atışı qaçırdıq və ardınca iki sadə ötürmə səhvinə yol verdik. Gördüyünüz kimi, oyun ərzində hesab fərqi əsasən yeddi, doqquz, 10 xal civarında idi və biz daim oyuna qayıtmaq imkanına malik idik. Lakin oyuna 100 faiz hazır deyilsənsə, qalib gəlmək mümkün deyil”.

Baş məşqçi qarşıdakı oyunlarda uğurlu nəticələr qazanmaq üçün hazırlıq səviyyəsini artırmalı olduqlarını da qeyd edib:

“İndi Riqada keçiriləcək oyuna hazırlaşmaq üçün üç günümüz var. Bundan sonra isə “Naxçıvan”la qarşılaşacağıq. Bu oyun bizim üçün çox vacibdir. Qarşıdakı müddətdə özümüzü daha yaxşı hazırlamalı və həm Avropa turnirində, həm də ölkə çempionatında yenidən qələbələr qazanmalıyıq”.

Qeyd edək ki, “Sabah” bu qələbə ilə “Neftçi”nin məğlubiyyətsiz seriyasına son qoyaraq turnir cədvəlinin zirvəsinə yüksəlib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью