Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21.09.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, Avropa İttifaqında öz seçicilərini sakitləşdirmək üçün enerji təchizatının diversifikasiyasından danışırlar. Amma hardan? Hazırda nefti çox olub amma bazara az çıxaran əsas 3 ölkə var. İran, Venesuela və Rusiya. Bunlar istisna olmaqla, dünyanın əsas neft istehsalçılarının qısa müddətdə bazara böyük həcmdə əlavə neft çıxarmaq imkanları məhduddur:

"Rusiyanın və İranın sanksiyaları məlumdur. Venesuelanın isə nəhəng neft ehtiyatları var, amma böyük ehtiyat, böyük hasilat demək deyil. Mövcud infrastruktur və texnoloji imkanlarla hasilatı qısa müddətdə bir neçə dəfə artırmaq mümkün deyil. Bunun üçün milyardlarla dollar investisiya və illər lazımdır.

Alternativ enerji də neft və qazı qısa müddətdə əvəz edə bilmir. Avropa onilliklərdir bu istiqamətə böyük vəsait yatırır, amma neft və qazdan asılılıq hələ də yüksəkdir.

Başqa sözlə, həm əlavə neft təklifi məhduddur, həm əsas nəqliyyat marşrutları risk altındadır, həm də alternativ enerji tələb olunan həcmi əvəz edə bilmir".

Ekspertin fikrincə, bu səbəbdən növbəti ildə neftin 60-65 dollara düşməsi indiki şəraitdə çətin görünür:

"Buna görə də, 2027-ci ilin dövlət büdcəsində neftin qiymətinin 65 dollardan 70 dollara qaldırmaq məsələsinə də baxıla bilər. Çünki mövcud geosiyasi vəziyyətdə 70 dollar ciddi əlavə risk yaratmadan büdcənin gəlir imkanlarını genişləndirə və iqtisadi aktivliyin dəstəklənməsi üçün əlavə maliyyə imkanları yarada bilər.

Yeri gəlmişkən, ABŞ Enerji İnformasiya Administrasiyası (EİA) 2026-cı ilin fevralında 2027-ci il üçün "Brent" neftinin orta qiymətini 53 dollar proqnozlaşdırırdısa, sentyabrda bu rəqəmi 74 dollara qaldırıb. UBS-in (İsveçrə Banklar Birliyi) hazırkı proqnozu da 75 dollardır".

E. Əmirov faktiki qiymətin daha yüksək ola biləcəyini düşünür: "EİA və UBS-in daha yüksək rəqəmləri indidən proqnozlaşdırmamasının səbəblərindən biri belə proqnozların bazarda əlavə təzyiq yaradaraq neftin qiymətini daha da yüksəldə bilməsi ola bilər ki, bu da ABŞ-ın maraqlarına uyğun olmazdı".

"Deməli, mövcud mənzərə dəyişməzsə, Azərbaycan gələn il də yüksək neft qiymətlərindən faydalanaraq valyuta ehtiyatlarını artırmaq üçün əlverişli imkan əldə edə bilər", - deyə ekspert əlavə edib.

Könül

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью