Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 20 noyabr, AZƏRTAC
Birjalarda “Brent” markalı xam neftin bir barelinin qiyməti 93 dollara yaxınlaşsa da, həftəlik itki 3,5 faizə çatıb. Bazar iştirakçılarının diqqəti Hörmüz boğazından neft daşımalarına və OPEC+ qrupunun hasilat siyasətinə yönəlib.
AZƏRTAC xəbər verir ki, Yaxın Şərqdə geosiyasi gərginliyin artması fonunda neft qiymətləri yüksəlsə də, qlobal bazarda təklifin tələbi üstələyəcəyi ilə bağlı gözləntilər səbəbindən qiymətlərin ardıcıl 3-cü həftəni ucuzlaşma ilə başa vuracağı gözlənilir. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada raket hücumları və Hörmüz boğazında neft tankerlərinin hədəfə alınması ilə bağlı xəbərlər neft qiymətlərinin yüksəlməsinə səbəb olub.
“Light” markalı xam neftin qiyməti isə 83 dollara çatır. Gündəlik artıma baxmayaraq, neft bazarında həftəlik ucuzlaşma tendensiyası davam edib. “Brent” nefti həftə ərzində 3,5 faiz, “Light” isə təxminən 6 faiz ucuzlaşıb. Beləliklə, hər iki neft markasının ardıcıl üçüncü həftəni itkilərlə başa vuracağı gözlənilir.
Neft qiymətlərinə əsas təzyiqi Hörmüz boğazı vasitəsilə xam neft daşımalarının müharibədən əvvəlki səviyyələrə yaxınlaşması və qlobal bazarda təklif artıqlığı ilə bağlı gözləntilər yaradır. ABŞ-də xam neft ehtiyatlarının proqnozlaşdırılandan daha çox artması da qiymətlərin aşağı düşməsini şərtləndirən amillərdəndir.
Yaxın Şərqdən neft tədarükünün bərpası və ABŞ-nin İrana qarşı yeni hücumlara başlamaqda tələsməməsi fonunda “Brent” markalı neft noyabr ayında təxminən 20 faiz ucuzlaşıb.
Bununla yanaşı, regionda davam edən hücumlar enerji təchizatının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında iki neft tankerinin minaya düşərək alışdığını açıqlayıb. “Reuters” agentliyi isə bu məlumatı müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirib.
Neft bazarının diqqət mərkəzində Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və tərəfdaş ölkələrin daxil olduğu OPEC+ qrupunun noyabrın 29-da keçiriləcək iclası dayanır. Görüşdə qrupun 2027-ci il üzrə hasilat siyasətinin müzakirə olunacağı gözlənilir.
Analitiklər hesab edirlər ki, hasilatın əlaqələndirilmiş şəkildə məhdudlaşdırılmasının davam etdirilməsi ilə bağlı gözləntilər neft qiymətlərinə müəyyən dəstək verir.
Digər tərəfdən, Beynəlxalq Enerji Agentliyi (IEA) Yaxın Şərqdəki münaqişələrin qlobal neft və təbii qaz ticarətində misli görünməmiş fasilələrə səbəb olduğunu bildirib. Agentlik ölkələrin elektrikləşmə prosesini, enerji səmərəliliyini və alternativ yanacaqlardan istifadəyə keçidi sürətləndirməsi halında qlobal neft tələbatının 2035-ci ilədək 4 faizdən çox azala biləcəyi barədə xəbərdarlıq edib.