Nəğmələrdə yaşayan ömür: Bəstəkar Oqtay Rəcəbovun 85 illiyi qeyd edilib

18.11.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbovun anadan olmasının 85 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, gecədə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti çıxış edib. Ansamblın direktor-baş dirijoru Mustafa Aşurov, musiqi rəhbəri isə Mahir Ordubadidir.

Konsertdən əvvəl çıxış edən Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Oqtay Rəcəbovun Azərbaycan musiqi sənətində özünəməxsus yeri və yaradıcılıq dəst-xətti olduğunu vurğulayıb. O, bəstəkarın çoxşaxəli yaradıcılığından, müxtəlif musiqi janrlarında ərsəyə gətirdiyi əsərlərdən söz açaraq onun milli musiqi xəzinəmizə verdiyi töhfələri diqqətə çatdırıb.

Konsert proqramında Nurlan Əzizbəyli, Rəvanə Qurbanova, Tural Salmanov, Almaz Orucova, Elşən Mübarizoğlu, Fikrət Məmmədov, Nurlana Abdullayeva, Xasay Şıxıyev, Leyla İdrisova-Həmzəliyeva və Rövşən Əzizin ifasında Azərbaycan bəstəkarlarının müxtəlif janrlarda yazılmış əsərləri, eləcə də dinləyicilərin rəğbətini qazanmış sevilən mahnılar səsləndirilib.

İfaçıların təqdimatında səslənən əsərlər Azərbaycan musiqisinin zənginliyini və ifaçılıq ənənələrinin rəngarəngliyini nümayiş etdirib.

Qeyd edək ki, Oqtay Rəcəbov Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yaradıcılıq yolu olan bəstəkarlardandır. Onun müxtəlif janrlarda yaratdığı əsərlər, musiqi-pedaqoji fəaliyyəti və sənətə verdiyi töhfələr milli musiqi irsimizin zənginləşməsində mühüm yer tutur.

Bəstəkarın 85 illik yubileyinə həsr olunan konsert onun çoxillik yaradıcılığına ehtiramın ifadəsi olmaqla yanaşı, Azərbaycan musiqi sənətinin təbliği, milli musiqi irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından da əlamətdar hadisə olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью