“Nəhayət, qələbə əzmini gördüm” Azər Bağırov

29.11.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Nəhayət, qələbə əzmini gördüm” - Azər Bağırov

“Şamaxı”nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 13-cü turunda “Qəbələ”yə qalib gəldikləri matçı (2:0) şərh edib.

QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə bunları söyləyib.

"Bir neçə oyundur məğlub olurduq. Qələbə qazana bilmədiyimiz üçün futbolçuların üzərində böyük təzyiq var idi. Ancaq şükürlər olsun ki, ilk dəqiqələrdən komandada qələbə əzmini gördüm. Yaxşı hücum qurduq və qol vurduq. Ümumilikdə, istədiyimiz oyunu göstərə bildik. “Qəbələ”nin də yaxşı futbolçulara malik olduğunu bilirik. Rəqibə qol imkanları yaratmağa şərait vermədik və qalib gəldik. Məğlubiyyətlərin və qələbəsizliyin yaratdığı gərginlik bir qədər azaldı. İndi qarşıya baxacağıq. “Qəbələ”yə də uğurlar arzulayıram".

- Ayman Buali komandanın əsas oyunçularından biridir...

- Bəli, o, əsas oyunçularımızdandır və komanda şəklində oynadıqda daha effektiv olur. Bualinin keyfiyyətlərini bilirik. Meydanda üzərinə düşən müəyyən vəzifələr var. Özünü daha rahat hiss edəndə bacardığından da artığını edə bilir. Bu gün bütün komanda yaxşı oynadı, Buali də ən yaxşı futbolçularımızdan biri idi.

- Son qələbənizi “Şəfa” üzərində qazanmışdınız. Uzun müddət qələbə əldə etməsəniz də, komandanız pis təsir bağışlamırdı...

- Xatırladım ki, “İmişli” ilə oyunun sonunda qapımıza penalti təyin olunmuşdu. Daha sonra “Neftçi”, “Sabah” və “Turan Tovuz”la qarşılaşdıq. Həmin oyunlarda baş verənləri özünüz də bilirsiniz. Mənim də bəyəndiyim qarşılaşmalar məhz bu rəqiblərə qarşı keçirdiyimiz matçlar idi. Hətta bugünkü oyunu bir kənara qoysam belə, komandam “Neftçi”, “Sabah” və “Turan Tovuz”la görüşlərdə yaxşı futbol oynadı. Məğlubiyyətlərdən nəticə çıxarmalıyıq. Düzgün təhlil aparıb, bərpa prosesini qaydaya saldıqdan sonra qarşıdakı oyunlara köklənəcəyik.

- Qarşıdakı beş oyununuzu doğma meydanda keçirəcəksiniz. Bu, sizin üçün üstünlükdür?

- Bir məqamı qeyd edim ki, hamı bizə üç xal kimi baxır, amma biz oyunlara belə yanaşmırıq. Qarşımızda müəyyən məqsədlər var. Öz düşüncələrimiz və futbolçulara aşılamaq istədiyimiz oyun prinsipləri mövcuddur. Yalnız turnir cədvəlində hansı pillədə qərarlaşacağımızı düşünmürük. Məsələn, qələbə qazansaq dördüncü, uduzsaq beşinci olacağıq kimi yanaşmamız yoxdur. Hər oyuna ayrıca hazırlaşır, matçdan-matça müəyyən taktiki gedişlər üzərində işləyirik. Sonda hansı pillədə olacağımız bəlli olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью