Icma.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.
Taylandda aparılan paleontoloji tədqiqatlar nəticəsində təxminən 33–35 milyon il əvvəl bölgədə yaşamış nəhəng gəmirici növü üzə çıxarılıb. Alimlərin hesablamalarına görə, bu qədim canlının çəkisi orta hesabla 30 kiloqrama çatır.
Kəşfin ən maraqlı məqamı onun tarixi ilə bağlıdır. Belə ki, canlı haqqında məlumatlar 22 il əvvəl Taylanddakı kömür mədənində tapılmış iki fosilləşmiş dişin yenidən təhlil edilməsi sayəsində əldə olunub. Uzun illər diqqətdən kənarda qalan bu tapıntı müasir metodlarla araşdırıldıqdan sonra paleontoloqlara bölgənin faunasına dair mühüm faktlar qazandırıb.
Dişlərin anatomik quruluşunu analiz edən mütəxəssislər tapıntının qədim gəmiriciyə aid olduğunu sübut ediblər. Müxtəlif elmi modellərlə aparılan hesablamalarda heyvanın çəkisi 21,4 ilə 47,3 kiloqram arasında dəyişsə də, orta göstərici 30 kiloqram qəbul edilib. Bu nəticə canlının müasir gəmiricilərin çoxundan dəfələrlə iri olduğunu göstərir.
Yeni növə Tayland şahzadəsi Maha Çakri Sirindhornun şərəfinə Yakamys Sirindhornae adı verilib.
Elmi ictimaiyyət bu kəşfi Cənub-Şərqi Asiyanın qədim biomüxtəlifliyini və ekosistem təkamülünü öyrənmək baxımından böyük addım hesab edir. Eyni zamanda, bu tapıntı muzey kolleksiyalarında saxlanılan köhnə fosillərin təkrar araşdırılmasının elmi baxımdan nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir.
Mütəxəssislər bildirirlər ki, hələlik əldə yalnız iki diş nümunəsi olduğu üçün nəhəng gəmiricinin xarici görünüşü, qidalanma vərdişləri və həyat tərzi haqqında dəqiq fikir yürütmək mümkün deyil.
Şahmurad