Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Little Mix qrupunun keçmiş üzvü Jesy Nelson ötən il ana olub. Müğənni doğumdan bir neçə ay sonra SMA Tip 1 diaqnozu qoyulan əkiz körpələri barədə danışıb.
X Factor yarışması ilə tanınan və daha sonra Little Mix qrupuna qoşulan Jesy Nelson əkiz qızlarına Ocean Jade və Story Monroe adlarını verib.
Hamiləlik dövründə fəsadlar yaşayan Nelson doğuşdan əvvəl günlərlə xəstəxanada müalicə alıb. Əkiz qızları 31 həftəlik dünyaya gəlib və bir müddət reanimasiya şöbəsində saxlanılıb.
Sonradan körpələrdə qidalanma çətinliyi və əzələ zəifliyi yaranıb. Aparılan müayinələr nəticəsində onlara spinal əzələ atrofiyası (SMA) Tip 1 diaqnozu qoyulub.
Xəstəliyin bütün əzələ sistemini zədələdiyini və müalicə olunmadıqda ölümcül ola biləcəyini bildirən Jesy Nelson Jamie Laing-in Great Company podkastına verdiyi müsahibədə deyib:
“Əgər vaxtında müalicə edilməsələr, əzələlər tədricən zəifləyəcək. Nəfəs almaq, udmaq - hər şey təsirlənəcək və iki yaşına çatmadan həyatlarını itirə bilərlər.”
Uşaqlarının atası Zion Foster ilə ayrıldığını da deyən Nelson bütün çətinliklərə baxmayaraq ümidini itirmədiyini vurğulayıb. O bildirib ki, ana olduqdan sonra özündə əvvəllər hiss etmədiyi bir güc tapıb və bunu qızlarına borcludur:
“Sanki artıq mən önəmli deyiləm. Onlar mənim bütün qəlbim və ruhumdur. Mən sadəcə həyatımı davam etdirməliyəm.”