​Nemtsovun qatilləri azadlıqda? “SVO ya yazılıblar, sonra isə…”

16.11.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qətlində təqsirli bilinən qatillərin gizli şəkildə həbsdən azad edildiyi güman olunur.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiyanın “Proyekt” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, qətli törədənlər bu cinayətin təşkilatçıları və sifarişçilərinin himayəsinə verilib. Bunlar 2015-ci ilin yazından bəri məhkəməyəqədərki həbsdə və həbsxana koloniyalarında saxlanılan Anzor və Şadid Qubaşev qardaşları, eləcə də Zaur Dadayevdir (2035-ci ilə qədər həbsdə olmalıdır). Qətl qrupunun digər iki üzvü, Temirlan Eskerxanov və Həmzət Baxayev daha əvvəl azadlığa buraxılıblar.

“Proyekt”in adı çəkilməyən mənbələrindən birinə görə, Dadayev və Qubaşevlər rəsmi olaraq Ukraynada döyüşmək üçün qeydiyyata alınıblar, lakin tezliklə Çeçenistanda peyda olublar və orada gizli yaşamağa başlayıblar.

Məlumata görə, Nemtsovu vurduğu güman edilən Dadayev, Qroznıdan 80 km məsafədəki Yukarçoy dağ kəndində məskunlaşıb. Qubaşev qardaşları isə Çeçenistan paytaxtının şimal-qərbindəki Berezka yaşayış məhəlləsində məskunlaşıblar. Nəşrin mənbəyinə görə, onların hər üçünə "sakit həyat sürmək” əmri verilib.

Prezident Boris Yeltsinin dövründə Baş nazirin birinci müavini vəzifəsində çalışmış, son illərdə isə hökumət strukturlarındakı korrupsiyanı ifşa edən Nemtsov 2015-ci ilin fevral ayında Kremlin yaxınlığındakı Bolşoy Moskvoretski körpüsündə qətlə yetirilib. 2017-ci ilin iyul ayında məhkəmənin qərarı əsasında cinayətkarlara 11 ildən 20 ilə qədər cəza kəsilib.

Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazalarından sızdırılmış məlumatlara görə, Şadid Qubaşev 2021-ci ildən 2022-ci ilə qədər Çeçenistanın Çernokozovo şəhərindəki cəza koloniyasında qeydiyyatda olub. Daha sonra o, çox güman ki, azadlığa buraxılıb və 2024-cü ilin oktyabrında əvvəllər dələduzluqla bağlı məhkum edilmiş Amnat Abalaeva ilə evlənib.

Anzor Qubaşev isə 2024-cü ilin dekabrında eyni cəza koloniyasından azadlığa buraxılıb. “Proyekt”-in məlumatına görə, azadlığa çıxdıqdan sonra o da evlənib və Qroznı yaxınlığındakı Qikalo kəndində torpaq alıb.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью