Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ailə münasibətlərində aliment öhdəliyi təkcə valideynlə uşaqlar arasında yaranmır. Azərbaycan qanunvericiliyinə əsasən, müəyyən hallarda nənə və baba da nəvədən maddi təminat tələb etmək hüququna malikdir. Lakin bunun üçün qanunla müəyyən edilmiş şərtlər mövcuddur və bu hüquq yalnız həmin şərtlər ödənildiyi təqdirdə yaranır.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 90-cı maddəsinə əsasən, əmək qabiliyyətini itirmiş və maddi yardıma ehtiyacı olan baba və ya nənə öz yetkinlik yaşına çatmış övladlarından və ya həyat yoldaşından təminat ala bilmədiyi halda, onları saxlamaq imkanı olan nəvədən aliment tələb edə bilər.
Bunun üçün ilk növbədə baba və ya nənənin əmək qabiliyyətini itirməsi və maddi yardıma ehtiyac duyması əsas şərtlərdən biridir. Eyni zamanda, onların yetkinlik yaşına çatmış övladlarının əmək qabiliyyətsiz olması, vəfat etməsi və ya digər qanuni səbəblərdən maddi yardım göstərə bilməməsi də nəzərə alınır.
Bundan başqa, nəvənin maddi vəziyyəti də əhəmiyyət daşıyır. Əgər nəvə kifayət qədər maddi imkana malikdirsə və baba və ya nənəni saxlaya biləcək vəziyyətdədirsə, aliment öhdəliyi yarana bilər.
Belə mübahisələrə baxılarkən məhkəmə baba və ya nənənin həqiqətən maddi yardıma ehtiyacının olub-olmadığını, onların övladlarından və ya həyat yoldaşından təminat alma imkanını, nəvənin maddi və ailə vəziyyətini, həmçinin tərəflərin təqdim etdiyi sübutları araşdırır.
Qeyd edək ki, alimentin məbləği müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, eləcə də iş üzrə digər mühüm hallar nəzərə alınır və məhkəmə tərəfindən fərdi qaydada qiymətləndirilir.
Günay