Nepalda dağıdıcı sel: sakinlər təxliyə edilir

11.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Nepalın mərkəzi hissəsində, Qorkha bölgəsində Budhi Qandaki çayı üzərində torpaq sürüşməsi nəticəsində yaranan sel bir sıra yaşayış evlərini və infrastrukturu dağıdıb. Səlahiyyətli qurumlar çay boyunca yaşayan sakinləri təhlükəsiz ərazilərə köçürür.

Reuters agentliyinin məlumatına görə, oktyabrın 11-də baş verən hadisə nəticəsində azı beş nəfər itkin düşüb. Nepal ordusu aralarında bir əcnəbinin də olduğu 49 nəfəri xilas edib. Sel təxminən 12 evi, iki asma körpünü və su elektrik stansiyasının tikinti sahəsini dağıdıb və ya zədələyib. Qorkha və qonşu Dhading bölgələrini birləşdirən avtomobil körpüsü də dağılıb.

Məlumata əsasən, Çumnubri kəndi yaxınlığında baş verən torpaq sürüşməsi Budhi Qandaki çayının qarşısını kəsib. Sonradan suyun qarşısındakı maneənin yarılması güclü selə səbəb olub.

Nepalın Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi İdarəsi çay boyunca yerləşən yaşayış məntəqələrində əhaliyə xəbərdarlıq edib. Qorkha ilə yanaşı, Tanahun, Çitvan, Şərqi və Qərbi Nəvalparasi bölgələrində də sakinlərə təhlükəli ərazilərdən uzaqlaşmaq çağırışı edilib. Xilasetmə əməliyyatlarına ordu və polis qüvvələri cəlb olunub.

Hazırda itkin düşənlərin axtarışı və zərərçəkənlərə yardım tədbirləri davam etdirilir. Hadisə nəticəsində insan tələfatı barədə ilkin məlumatlarda təsdiqlənmiş rəqəm açıqlanmayıb.

Qeyd edək ki, Nepal avqust ayında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş dağıdıcı daşqının nəticələrini aradan qaldırmağa çalışdığı bir vaxtda yeni təbii fəlakətlə üzləşib.

Hazırladı:
S.Rzayeva
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью