Nəqliyyat tariximizin öyünclü səhifəsi

07.07.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bakı elektrik dəmir yolu – 100

Azərbaycan dəmir yolları üçün əlamətdar bir hadisənin 100 ili tamam olur. 1926-cı il iyulun 6-da Bakı şəhərini neft mədənlərı, şəhərətrafı kəndlər və fəhlə qəsəbələri ilə birləşdirən Bakı-Sabunçu-Suraxanı xəttinin elektrikləşdirilməsi başa çatdırıldı. Bu, təkcə Azərbaycanda deyil, həm də o dövrdə dünyanın ərazicə ən böyük dövləti olan SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu xətti idi.

Bununla yanaşı, SSRİ-də elektrikləşdirilmiş dəmir yollarının yaradılması üzrə dövlət proqramı çərçivəsində Bakı sərnişin dəmir yolu vağzalına bitişik bina da inşa edildi. Xalq arasında “Sabunçu vağzalı” kimi tanınan yeni binanın üzərində “SSRİ-də elektrik yollarının tarixinə dair ilk səhifə buradadır!” yazılmış mərmər lövhə qoyuldu.

Bakı-Sabunçu-Suraxanı elektrikləşdirilmiş dəmir yolu xəttinin tikintisinə hələ 1922-ci ildə Zaqafqaziya Dəmir Yolları İdarə Heyəti, ilk növbədə, neft daşımalarının həcmini artırmaq, eləcə də fəhlələrin işə gedib-gəlməsini təmin etmək məqsədilə başlamışdı. Təsadüfi deyil ki, 1924-cü il sentyabrın 6-da SSRİ Əmək və Müdafiə Şurasının qərarına əsasən imzalanmış müqavilədə qeyd olunurdu: “SSRİ Əmək və Müdafiə Şurasının qərarına müvafiq olaraq, Zaqafqaziya Dəmir Yolları İdarəsi Bakı-Sabunçu-Suraxanı xəttini, uzunluğu 18 verst olmaqla, sonradan bu yolun uzaldılması işlərini aparmaq şərti ilə elektrikləşdirilməsi və gələcək istismarı üçün Bakı Fəhlə, Kəndli, Qırmızı (Qızıl) Ordu və Matros Deputatları Sovetinin (Baksovet) sərəncamına verir”. Yolun uzadılması işləri isə 1940-cı ilə qədər Bakı Soveti tərəfindən aparılmışdır.

Həmin dövrdə şəhər əhalisi neft mədənlərinə köhnə qatarlarla, paravozların dartısı ilə gedib-gəlirdi. Onlar şəhərdən 13 kilometr uzaqda yerləşən Sabunçuya bir saata, Suraxanıya isə saat yarıma gedib çatırdılar. O dövrün arxiv sənədləri sübut edir ki, 33 kilometr uzunluğu olan köhnə yolun tamamilə yenidən qurulmasına, xüsusi dirəklər üzərində kontakt şəbəkəsinin asılmasına, 3 dartı yarımstansiyasının, elektrik deposu və vağzalların tikintisinə, eləcə də elektrik xətti üçün xüsusi dartı motorlu vaqonların vaxtında hazırlanmasına zərurət yaranmışdı. Bu səbəbdən də işlərin tezləşdirilməsi vacib idi.

Bununla belə, həmin vaxt sovet zavodlarında elektrik qatarları üçün avadanlıqlar istehsal edilmədiyindən direktiv orqanlar vəsait taparaq Bakıya lazımi material və avadanlıq göndərdilər, həmçinin xarici satınalmalar həyata keçirdilər. Maraqlıdır ki, tikintidə Leninqradın (indiki Sankt-Petetburq) “Dinamo” zavodunun dartı mühərrikləri istifadə olunmuşdu. Halbuki bunlar, çar rejimi dövründə Petroqrad-Oralenbaum-Krasnaya Qorka elektrik yolu (Bu yol Rusiya imperiyasında ilk elektrikləşdirilmiş dəmir yolu olmalı idi) üçün nəzərdə tutulmuş bu avadanlıqların yekun istehsalı və istifadəsi Birinci Dünya müharibəsinin başlanması ilə əlaqədar dayandırılmış və tamamlanmamışdı.

1926-cı ilin martında Bakı Sovetinin Tikinti Komitəsinin hesabatına əsasən, paytaxt sakinləri həm istirahət, həm də bayram günlərində tikintiyə çıxırdılar. Abşeron sakinləri çağırışa səs verərək evlərindəki mis qab-qacaqları toplama məntəqələrinə gətirirdilər. Məhz bu mis qablar əridilərək “Podmoskovye” zavodunda elektrik qatarları üçün “defisit” sayılan hava kontakt naqilləri hazırlanırdı. Mıtişşi və Bryansk zavodlarında vaqonlar, Xarkovda paylaşdırıcı qalxanlar istehsal olunurdu. Xaricdə–Avstriyanın Vyana şəhərində isə yarımstansiyalar üçün avadanlıqlar sifariş edilmişdi.

Tikinti barəsində hesabat verən baş mühəndis, görkəmli sovet energetiki B.Radsiq qeyd edirdi ki, “sifarişlərin icrası baxımından biz İttifaqın tramvay təsərrüfatlarından daha yaxşı vəziyyətdəyik”. Tikintinin bütün lazımi materiallarla təmin edilməsi məsələləri ilə partiya və dövlət xadimləri S.M.Kirov, Q.K.Orconikidze, S.M.Ağamalıoğlu və başqaları şəxsən məşğul olurdular.

Tikinti sürəti o dövr üçün rekord idi. Bir il yarımdan az bir müddətdə 27 mindən çox köhnə şpal dəyişdirildi, 2 min 680 kubmetr sajen torpaq işləri görüldü, 21 min kvadratmetr sajen planlaşdırma işləri aparıldı, dəmir yolunun xidmət ehtiyacları üçün 8 min 44 olan bina və tikililər inşa edildi.

Tikinti üzrə komitənin Bakı Sovetinə hesabatından görünür ki, bakılılara və şəhərimizin qonaqlarına yaxşı tanış olan gözəl, orijinal, milli ornamentlərlə bəzədilmiş məhşur “Sabunçu vağzalı”nın binasını inşa edərkən onu yenidən layihələndirmək lazım olub. Belə ki, binanın bünövrəsi qoyularkən sahənin lilli, nəm, bataqlıq hissələrinin olduğu aşkarlanmış, orada əlavə drenaj və mürəkkəb qurutma işləri həyata keçirilmişdi. Hazırda bu möhtəşəm binada Dəmir yolu muzeyi yerləşir.

Elektrik qatarlarının vaqonları artıq yerində, Bakıda – Dövlət Elektrotexnika Trestinin mütəxəssisləri ilə birgə yığılırdı. Qatarların sınaq yürüşlərini–hərəkətini, əsasən, ləng gedən digər adi paravoz dartqısı olan qatarların hərəkət qrafikini pozmamaq üçün, gecələr həyata keçirmək mümkün olurdu.

Bakı Soveti, Bakı fəhlələri SSRİ-də ilk dəfə olaraq belə bir tikintini uğurla başa çatdırdılar. İşlər tamamlandıqdan sonra 1926-cı il iyulun 6-da Bakı Sovetinin genişləndirilmiş plenumunun AK(b)P MK, Ümumittifaq Mərkəzi İcraiyyə Komitəsi və Azərbaycan SSR Xalq Komissarları Sovetinin nümayəndələri ilə birgə rəsmi tədbiri keçirildi və yolun təntənəli açılışı baş tutdu. Bununla bağlı SSRİ Xalq Komissarları Sovetinin təbrik teleqramında qeyd olunurdu: “Elektrikləşdirmə sahəsində ilk addım atıldı”. Yeni təcrübə sübut etdi ki, Sovet Azərbaycanı yeni texnikanın tətbiqi üzrə öz qüvvəsi ilə işləyə bilər.

7 iyul 1926-cı ildən etibarən elektrik qatarları müntəzəm və sənədlərdə qeyd olunduğu kimi, “xüsusi cədvəllə, fəhlə əhalisinin mədənlərə və geriyə daşınması ehtiyaclarına uyğun olaraq” hərəkət etməyə başladı.

Elektrik qatarları əhali arasına böyük populyarlıq qazandı, Bakıətrafı kəndlərdə onu mehribancasına “tramvay” adlandırırdılar və qatarların hərəkət cədvəllərinə uyğun öz gündəlik iş planlarını qururdular. Xalq təsərrüfatının, neft sənayesinin ehtiyacları işçi qüvvəsinin, əmək ehtiyatlarının yerdəyişməsi, Abşeron yarımadasında sanatoriya-kurort infrastrukturunun yaradılması məsələləri sonralar şəhərətrafı elektrik dəmir yolu şəbəkəsinin genişləndirilməsi zərurətini yaratdı. Bu işlər mərhələlərlə aparılırdı: yol əvvəlcə Maştağayadək (1934-cü il), sonra Buzovnayadək (1939-cu il) uzadıldı.

1940-cı ildə Suraxanı-Qala xəttinin tikintisi başlandı, lakin Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar işlər başa çatdırılmadı. Yalnız müharibədən sonra yolun Suraxanı–Qala (1948-ci il), Qala–Buzovna (1949-cu il) sahələrinin istifadəyə verilməsi ilə Abşeronda “ Dairəvi” şəhərətrafı elektrikləşdirilmiş dəmir yolunun yaradılması başa çatdı. Lakin tarix sübut etdi ki, bu yolun sonrakı inkişafı davam edir.

1953-cü ildə Qala- Artyom (indiki Pirallahı) xətti, 1958-1961-ci illərdə Bakı-Sumqayıt eletrikləşdirilmiş dəmir yolu magistralı, Bağlar-Bilgəh xətti, Bakı-Qaradağ-Duvannı, 1967-ci ildə Bilgəh-Pirşağı sahəsi istifadəyə verildi. 3 il sonra isə bu yol Sumqayıta qədər uzadıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı və iştirakı ilə hazırlanmış, onun müvafiq sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda dəmir yolu infrastrukturu üzrə nəzərdə tutulan işlər davam etdirilir. Dövlət Proqramına əsasən, Yeni Suraxanı-Hövsan və Bakıxanov-Binə-Qala dəmir yolu xətlərinin mərhələlərlə bərpası üzrə nəzərdə tutulmuş işlər reallaşdırılır. Zabrat-Maştağa-Bağlar xəttinin bərpası üzrə işlər getdikcə sürətləndirilir.

Hazırda Bakı şəhərətrafı və Abşeron yarımadasını əhatə edən eletrikləşdirilmiş dəmir yolunun ümumi uzunluğu, təxminən, 198 kilometr təşkil edir ki, bu da bilavasitə Bakı-Sumqayıt və Abşeron dairəvi xətlərinin payına düşür. Artıq həmin marşrutlar üzrə istifadə olunan stansiya və dayanacaqların sayı 22-yə çatır. Gələcəkdə isə onların sayı Dövlət Proqramına uyğun olaraq 40-a çatdırılacaq. Bu dəmir yolu xətlərindən bəzi sərnişin və yük qatarları, o cümlədən Dübəndi terminalına gedən neft və neft məhsulları daşıyan qatarlar istifadə edir.

Bakı-Sabunçu elektrikləşdirilmiş dəmir yolu, bu ad altında 1967-ci ilə qədər fəaliyyət göstərmişdi. Sonradan o Azərbaycan Dəmir Yolunun Abşeron şəhərətrafı sahəsi adlandırılmışdı.

Rəqəmlərə müraciət etsək, görərik ki, fəaliyyətə başladığı ilk ildə (1926) Bakı şəhərətrafı dəmir yolu 4 milyon sərnişin daşımışdısa, 1975-ci ildə bu rəqəm, təxminən, 24 milyona çatırdı. Sonradan başqa nəqliyyat növlərinin, əsasən avtomobil nəqliyyatının inkişafı ilə əlaqədar olaraq sərnişindaşıma dinamikası azalmağa başladı. Belə ki, 2005-ci ildə bu dəmir yolu vasitəsilə 1,7 milyon sərnişin daşınmışdı. Maraqlıdır ki, bu elektrikləşdirilmiş dəmir yolu 2006-cı ilin birinci yarısında, özünün 80 illik yubileyi ərəfəsində, bir milyona yaxın sərnişin daşımış və bunların da 40 faizi “güzəştli” istifadə hüququ olan şəxslər olmuşdu.

Göründüyü kimi, artıq bu nəqliyyat növünün istismarının rentabelli olmadığı əsas gətirilərək onun qismən ləğvinə, dəmir yolunin böyük bir hissəsinin “demontajına – relslərin və şpalların sökülməsinə, infrastrukturun qismən sökülməsinə başlandı. Bununla da, “dairəvi” xətt pozuldu, Bakı şəhərətrafı dəmir yolu, Mərdəkan stansiyasına hərəkətin kəsilməsi ilə əlaqədar olaraq 11 avqust 2009-cu ildə rəsmi olaraq bağlandı. Elektrik qatarlarının fasiləsiz işləmədiyi əsas dövr 2010–2015-ci illəri əhatə edir. Köhnəlmiş infrastruktur səbəbindən fəaliyyətini tam dayandıran bu sistem 2015-ci ildən etibarən mərhələli şəkildə tamamilə yenidən qurularaq istifadəyə verildi.

“Azərbaycan Dəmir Yolları” QSC-nin həyata keçirdiyi layihə əsasında Bakı-Sumqayıt xətti əsaslı təmir olunaraq 2015-ci ildə müasir ikimərtəbəli “Stadler” qatarlarla yenidən fəaliyyətə başladı. Daha sonra dairəvi dəmir yolu xətti istifadəyə verildi.

Artıq bu il iyulun 1-dən etibarən, həftənin iş günləri hərəkət cədvəlinə uyğun olaraq səhər saat 6-dan gecə saat 23-dək Bakı-Pirşağı-Bakı marşrutu üzrə 27 qatar, Sumqayıt-Pirşağı-Bakı şəhərətrafı marşrut üzrə 28 qatar, Bakı-Xırdalan-Bakı marşrutu üzrə isə 29 qatar üzbəüz istiqamətlərdə sərnişinləri lazımi stansiya və dayanacaq platformalarına operativ çatdırmaq üçün sürətlə şütüyür.

Nizami AĞAYEV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью