Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Türkiyə çempionatı inkişaf baxımından çox yaxşıdır, matçlara azarkeş marağı da yüksək səviyyədədir”.
Bu sözləri Türkiyə Super Liqasının “Erzurumspor” klubunda çıxış edən Nəriman Axundzadə ölkə çempionatı barədə danışarkən deyib.
“Qarabağ”ın sabiq hücumçusu yeni komandasındakı təəssüratlarını bölüşüb, keçmiş komanda yoldaşı Toral Bayramovla münasibətlərinə toxunub və karyera planları ilə bağlı sualları cavablandırıb.
“Toralla vaxt tapdıqca əlaqə saxlayırıq, tez-tez söhbət edirik. “Qarabağ” mənim evim kimidir, amma Azərbaycana qayıtmağı düşünmürəm. Bütün fikrimi karyeramı ölkə xaricində qurmağa yönəltmişəm, bunun üçün çox çalışıram. Azərbaycandan təklif gəlibsə də, xəbərim yoxdur”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, Türkiyə Super Liqasında səkkizinci turun oyunları geridə qalıb. “Erzurumspor”un şərəfini qoruyan Nəriman Axundzadə cari mövsümdə üç matçda meydanda olmaq imkanı qazanıb.